Suriyada vəziyyət gərginləşir: Azərbaycanı hansı ssenari gözləyir?


17:19     15 Fevral 2016 rus%20turk.jpg

“Rusiya pusqudadır ki, Türkiyədən vurulan hərbi təyyarəsinin intiqamını alsın”.


Bu sözləri Femida.az-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

Analitik hesab edir ki, Rusiya Suriyada hərbi varlığını artıracaq və bu son nəticədə regionda vəziyyətin daha da gərginləşməsinə gətirib çıxaracaq:

“Rusiya və Türkiyə uçurumun bir addımlığındadırlar. Rusiya Əsəd ordusu ilə birgə Hələbə hücum edir, bombardmanlar Türkiyəni yeni qaçqın axını ilə üzləşdirib. Demək, Rusiya Suriyada hərbi varlığını artıracaq, bunun nəticəsində Türkiyəyə qaçqın axını artacaq və Ankaraya deyəcəklər ki, Sən qarışma! Buna hansı dövlət razılaşar? Əsəd və Putin daima Türkiyəni ittiham edirlər, ancaq bircə dəfə deməyiblər ki, bu 2 milyon yarım qaçqın Türkiyədə niyə peyda olub, Türkiyənin borcumu var suriyalı qaçqınlara milyardlarla dollar xərcləsin? Suriyada bombardmanlar həyata keçirən Rusiya özü nə qədər suriyalı qaçqın qəbul edib?”

Elxan Şahinoğlu vurğuladı ki, Suriyada vəziyyət gərginləşdikcə Azərbaycan da proseslərdən kənarda qala bilməyəcək:

“Ona görə də belə vəziyyətdə Türkiyənin müttəfiqləri ilə birgə Suriyanın bir hissəsində quru əməliyyatı həyata keçirməkdən başqa alternativi qalmır. Ancaq bu çox mürəkkəb alternativdir. Birincisi, Türkiyə ordusunun Suriyaya daxil olması elə böyük problem yaratmayacaq, əsas sual başqadır: Türkiyə ordusu nə vaxt və hansı şərtlər daxilində Suriyanı tərk edəcək? Çünki Suriyada müharibəni şərtləndirən səbəblər illər uzun davam edəcək. İkincisi, Rusiya pusqudadır ki, Türkiyədən vurulan hərbi təyyarəsinin intiqamını alsın. Başqa sözlə Türkiyə və Rusiya hərbçiləri Suriyada üz-üzə qalaraq bir-birlərinə qarşı zərbələr endirəcəklər. Bundan sonra vəziyyət xeyli gərginləşəcək və bu prosesdən Azərbaycan da kənarda qala bilməyəcək. Azərbaycan üçün "Sən kiminləsən" sualı aktuallaşacaq”

Ceyhun Əhmədli

Açar sözlər:

Oxunub: 5045