Avropa Şurası baş katibinin xüsusi nümayəndəsi hüquq müdafiəçiləri ilə görüşdü


20:08     08 Aprel 2015 aleksand%20gessel1.jpg

Azərbaycanda səfərdə olan Avropa Şurasının (AŞ) baş katibi Tyorbyorn Yaqlandın xüsusi nümayəndəsi, AŞ-nın siyasi işlər üzrə şöbə müdiri Aleksander Gesselin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün bir qrup hüquq müdafiəçisi və ictimaiyyət nümayəndəsi ilə görüşüb.

 

Dilarə Əliyeva adına Qadın Hüquqlarını Cəmiyyətinin sədri Novella CəfəroğlununAPA-ya verdiyi məlumata görə, görüşdə hüquq müdafiəçiləri Arzu Abdullayeva, Səadət Bənənyarlı, Eldar Zeynalov, Səidə Qocamanlı, Sahib Məmmədov, Əhməd Şahidov, REAL təmsilçisi Natiq Cəfərli, NİDA üzvü Turqut Qəmbər iştirak ediblər.

 

Avropa Şurasının Azərbaycandakı ofisində keçirilən görüşdə Azərbaycanda QHT-lərin durumu, seçkilər, Azərbaycanın Avropa Şurasına daxil olarkən götürdüyü öhdəliklər, məhbuslar və digər məsələlər müzakirə olunub.

 

N. Cəfəroğlunun sözlərinə görə, A. Gessel görüşdə bildirib ki, Azərbaycanda müşahidə olunan problemlərə, çatışmazlıqlara digər ölkələrdə də rast gəlirlər: “Aleksander Gesselin Azərbaycana qarşı pozitiv münasibətini müşahidə etdik və bu, bizim xoşumuza gəldi. O, Azərbaycanda QHT-lərin normal fəaliyyət göstərdiyini, bunu görüşdə iştirak edən QHT-lərin timsalında gördüyünü də söylədi. Görüşdə Azərbaycan prezidenti İlham Əliyevin və Avropa Şurasının baş katibi Tyorbyorn Yaqlandın təşəbbüsü ilə fəaliyyətini bərpa edən İnsan Hüquqları üzrə Birləşmiş Qrupun fəaliyyətindən də danışıldı. Biz bildirdik ki, birləşmiş qrup olmalıdır, bu, dialoq formatıdır. Eyni zamanda vurğuladıq ki, biz Azərbaycanda qeyd olunan məsələləri təzyiq yolu ilə yox, ölkə daxilində dialoqla həll etməliyik və həll edəcəyik”.

 

N. Cəfəroğlu deyib ki, Avropa İttifaqının (Aİ) Avropa qonşuluq siyasəti və genişlənmə üzrə komissarı Yohannes Hanla da eyni formatda görüş keçirilib, görüşdə Azərbaycanda QHT-lərin durumu, seçkilər, məhbuslar və digər məsələlər müzakirə olunub. Y. Han Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcəyini və bu məsələlərin prezidentlə görüşdə də müzakirə olunacağını söyləyib: “Komissar bildirdi ki, bir yerdə vəziyyətdən çıxmaq üçün yollar tapa bilərik”.


Femida.az 

Açar sözlər:

Oxunub: 1064