Əbülfəs Qarayev: “Münaqişəli ərazilərə turist səfərlərinin qarşısı alınacaq”


20:07     03 İyun 2015 87288ae5b6ad1f07c201bd030e1ad790.jpg

Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının Xorvatiyanın Rovinj şəhərində keçirilmiş 100-cü sessiyasında Azərbaycanın təklif etdiyi “Münaqişə zonalarının turizm məkanı kimi və turizmin qanunsuz məqsədlər üçün istifadəsinin qarşısının alınması” qətnaməsi ilə bağlı qərar qəbul olunub.

Femida.az-ın məlumatına görə, Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev bununla əlaqədar jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib ki, keçən ilin oktyabr ayında qurumun Səmərqənddə keçirilmiş 99-cu sessiyasında müvafiq qətnamə layihəsini təqdim edib. Dünya Turizm Etika Komitəsi tərəfindən məsələyə 2014-cü ilin noyabr ayında Romada keçirilmiş iclasda baxılıb və tövsiyə edilib ki, İcraiyyə Şurası hökumətləri, turizm sahəsində özəl və dövlət təşkilatlarını Turizm üzrə Qlobal Etika Kodeksinə, həmçinin BMT-nin Baş Assambleyası və Təhlükəsizlik Şurasının bütün etika prinsiplərinə hərbi münaqişələr daxil olmaqla, bütün hallarda riayət edilməsinə təşviq etsin.

Əbülfəs Qarayevin sözlərinə görə, Xorvatiyada keçirilən sessiyada məsələ gündəliyə daxil edilib və müzakirəyə çıxarılıb: "Məsələ ətrafında geniş müzakirələr aparıldı və nəticədə Şura üzvlərinin dəstəyi ilə ölkəmizin təqdim etdiyi qərar mətni qəbul edildi. Qərarın müzakirəsinə və belə bir sənədin qəbul edilməsinə Ermənistan tərəfindən ciddi etirazlar oldu. Amma Ermənistan BMT-nin Ümumdünya Turizm Təşkilatı İcraiyyə Şurasının üzvü deyil, Azərbaycan isə üzvüdür. Qərarda deyilir ki, bütün turizm fəaliyyətləri Turizm üzrə Qlobal Etika Kodeksinə, həmçinin BMT-nin Baş Assambleyasının və Təhlükəsizlik Şurasının müvafiq etika prinsiplərinə uyğun həyata keçirilməlidir".

Nazir sonda Azərbaycan mədəniyyəti və turizmi haqqında məlumatlara ölkənin kütləvi informasiya vasitələrində geniş yer verdiklərinə görə media nümayəndələrinə təşəkkür edib.

Femida.az

Açar sözlər:

Oxunub: 786