“İbad Hüseynov yalan deyir, dəhşətli faktları açacam” - Qarabağın Həcəri


13:41     17 Fevral 2016 12650757_631211550352486_1848722713_n19.jpg

“İbad Hüseynov deyir ki, Qaradağlıya kömək üçün vuruşmuşuq. Amma, yalan deyir.”



Femida.az Qarabağ müharibəsinin fəal iştirakçılarından olan, 123 saylı alayın hüquq və mühafizə işləri üzrə baş müfəttişi baş-leytenant, Qarabağın Həcəri kimi tanınan Səbirə Mahmudova ilə müsahibənin III hissəsini təqdim edir. Səbirə xanım bu hissədə ermənilər tərəfindən Qaradağlıda törədilən vəhşilikdən və insanların diri-diri silos quyularına necə tökülməsindən danışıb.


- Qaradağlı faciəsinin baş verdiyi dövrü xatırlayaq. Həmin vaxt Qaradağlı ətrafında nələr olurdu?

- 1992-ci il Yanvar ayının 12-də uzun müddətdən bəri mühasirə yaşayan Qaradağlı kəndinə ərzaq aparan vertolyot ermənilər tərəfindən atəşə tutulduğundan kəndə enə bilməmişdi. Əvvəlki günlərdə vertolyot Qaradağlıda döyüşdə ağır yaralanmış Məzahiri Ağdama çatdırsa da həkimlər onu xilas edə bilməmişdilər. Artıq Qaradağlı kəndinin ölkə ilə əlaqəsi tam kəsilmişdir və kənd taleyin ümidinə qalmışdı. Fevralın əvvəlində 366-cı alayın köməyi ilə ermənilər yenidən kəndə hücum etdilər. Kənd rabitəçisinin hayına dövlət səs vermirdi. Ağdam qərargahından ölkə rəhbərliyinə artıq məlumat verilmirdi. Çünki heç bir reaksiya yox idi. Bura göndərilənlər də vəzifələrinin gedəcəyindən qorxub səslərini çıxaran bilmidilər.

Yanvar ayının 15-dən Qaradağlı camaatı bütün Azərbaycana müraciət ünvanlamışdır ki, onlar öz kəndlərini son damla qanlarına qədər müdafiə edəcəklər. Fevralın 11-də Qaradağlıda vəziyyət lap gərginləşdi, ümidimə qalan dövlət telefonundan Bak ı şəhər Sovetinin sədri Rüfət Ağayevdən tutmuş, Bəxtiyar Vahabzadəyə qədər dönə-dönə vəziyyəti çatdırdım. Bəxtiyar Vahabzadə söz verirdi ki, bu haqda Ayaz Mütəllibova şəxsən məlumat verəcək. Prezidentin köməkçisi mərhum Gülşad Zərbəliyev mənim hər zəngimə “hay can, Həcər” deyirdi. O deyirdi ki, tələblərimizi Mütəllibova çatdıracaq. Həmin günlər mən akademik Eldar Salayeva də Bakı şəhər Qadınlar Şurasının sədri Z. Salahovadan da xahiş etdim ki, prezidentdən kömək istəsinlər.
Ancaq Rusiyadan asılı olan rəhbərliyimiz bu istiqamətdə bircə addım belə atmadı ki, mühasirədə qalmış Qaradağlıya kömək versin. Baxmayaraq ki, 1991-ci ilin yayından sonra kəndin qadın və uşaqları, qocaları vertalyotlarla çıxarılmışdı. Kənddə əsasən orta yaşlı 11 qadın qalmışdır ki, ərlərinə, oğullarına qulluq etsinlər və döyüşçülərə yemək hazırlasınlar. Milli Ordunun Ağdamdan getmiş 14 nəfər üzvü sonadək kəndin döyüşçüləri ilə birgə qaldılar. 13 nəfər məktəbli atalarına və qardaşlarına dəstək olaraq kənddə qalmışdılar.

Ermənilər tərəfdə vuruşan 8 nəfər bizim tərəfə keçdi...

Qaradağlının qara günləri başlayırdı. Artıq təhlükə daha da güclənirdi. Fevralın 14-də ermənilər növbəti dəfə böyük qüvvə ilə kəndə hücum etmiş, onların iki ağır texnikası, qranat atanla yandırılmışdı. Döyüşənlərdən də kəndin itkisi olmuşdu. Bütün bu məlumatları mənə rabitəçi verirdi. Respublikaya hay saldığım səsimə Fevralın 14-də Zərifə Salahova hay verib Ağdama gəldi. Mən Zərifə xanıma bütün olanları, kəndlərdə qırılan əhalinin harayına hay verməyən Ağdam komandanlığının məsuliyyətsizliyindən agah etdim. O, mənimlə birlikdə Ağdamın qonaq evində qalan general Dadaş Rzayevin yanına getdi. Orada Dadaş Rzayevlə arasında söhbət oldu. Zərifə xanım onu möhkəm danladı və onun səhlənkarlığının nəticəsində Dağlıq Qarabağ əhalisinin köməksiz qaldığını söylədi. Onu hədələyərək şəxsən bütün məlumatları özü prezidentə çatdıracağını soylədi və elə bu gün Qaradağlıya girməyini tələb etdi. General ona söz verdi ki, əməliyyat keçirərək və Qaradağlının köməyinə gedəcək. Həmin günü ermənilər tərəfdən bizə qarşı döyüşən və sonradan biz tərəfə keçən Orta Asiyadan olan 8 əsgəri Zərifə Salahova götürüb özü ilə Bakıya geri döndi. İki gün sonra Çingiz Mustafayevlə birgə həmin əsgərləri özü ilə Moskavaya mətbuat konfransı keçirməyə apardı. Sonralar xəbər tutdum ki, həmin konfrans Moskvada böyük əks səda doğurub. Həmin orta Asiya xalqlarının nümayəndələri demişdilər ki, ermənilər onları azərbaycanlılara qarşı vuruşmağa məcbur edir.





Xudu Xuduyevin qərargaha qayıdaraq uşaq kimi hönkürüb, başını divarlara döydüyü anı ömrüm boyu unuda bilmərəm...

- Fevralın 15-i günü ermənilərin güclü həmlələri davam edirdi. Kənd ciddi itki verirdi. Orada döyüşçülərə qulluq üçün kənddə qalmış yaşlı qadın atışma zamanı ermənilər tərəfindən öldürülmüşdü. Artıq silah-sursat da tükənirdi. Belə çətin vəziyyətdə ermənilər birinci postu ələ keçirdilər. Ağdam qərargahına ratsiyalardan fəryad dolu səslər gəlirdi. Həmin saat qərargaha gələn Agdamda döyüşən AXC nəzarət təftiş komisiyyasının sədri, batalyon komandiri olan Xudu Xuduyev özü ilə 13 nəfər götürərək, vertalyotla Qaradağlıya köməyə getmək istəyirdi. Ancaq onlar yolun yarısından geri qayıtdılar. Çünki, erməni atəşi onlara imkan vermədi. Yadımdadır Xudu Xuduyevin qərargaha qayıdaraq uşaq kimi hönkürüb, başını divarlara döydüyü anlar. (Red- hönkürtü ilə ağlayır...)

Bir müddət sükutdan sonra söhbətə davam edir...

- Həmin gecə hamı qərargahda qalmışdı. Fevralın 16-da səhər saatlarında Tahir Əliyev kiçik bir dəstə və üç ağır texnika götürərək , Dadaş Rzayevlə birgə yola çıxdılar ki, Qaradağlıya köməyə gedirik. Biz də Qaradağlıya xəbər verdik ki, bir az da dözün, sizə kömək gəlir. Aradan bir neçə saat sonra Tahir Əliyev Bərdədən qərargaha zəng edəndə biz təəcübləndik. O dedi ki, yollar minalı ola bilərdi ona görə getmədik. Mən bu məlumatı Qaradağlıya deyəndə nələr çəkdiyimi Allah bilirdi. (Red- göz yaşlarını saxlaya bilmir)

Bizi qırırlar, niyə kömək vermədiniz?...

17-ci günü Qaradağlının fəryadı Ağdam qərargahını titrədirdi. Kəndin 14 igidi şəhid olmuş neçə yaralı vardı. Onlar həlak olanları və yaralıları götürüb, özlərilə kalxoz idarəsinin binasına yığmışdılar. Sursat qurtardığını ermənilər hiss edib, binaya hücum edirdilər. O anlarda onlara atılan güllələrin və nalələrin səsi ömürlük qulağımda qaldı. “Bizi qırırlar, niyə kömək vermədiniz?”, haylarına dedim ki, siz də atın. Biri dedi ki, onlar hamısı bronjiletdədir...

- Ermənilər onlara 4 il sinə gərən axırıncı güllələri ilə 5 gün təslim olmadan döyüşən igidlərimizə divan tutdular. 35 yaralını diri- diri silos quyularına tökdülər. 54 oğlumuzu əsir apardılar. 25 nəfərimizi güllələdilər. Bizim qərargahda isə nələr olurdu nələr. Əli silahlı insanlar hücum edib dəfələrlə divarları güllələmişdilər. Yəni heç kəs Qaradağlıya kömək etmədikləri üçün. Kənd vaxtında çıxarılmalıydı.

- Qaradağlı faciəsini törədənlərin kimliyi barədə konkret sizdə məlumat var idimi?

- Qaradağlı faciəsini qəddar erməni komandiri Monte Melkonyanın dəstəsi etmişdi. Əvvəlcə Monte ermənilər tərəfindən döyüşmək üçün Xocavəndə təhkim edilmişdi. Bu məlumatları 1991-1992-ci ilin yayına kimi Ağdam qərargahındakı fəaliyyətim zamanı əldə etmişəm. O, 1992-ci ilin fevral ayının 14-15-də Qaradağlı uğrunda gedən döyüşlərdə digər terrorçu, xarici ölkə vətəndaşı olan, ARABO-nun başçısı, səhra komandiri Manvel Egizoryanla birgə Qaradağlı faciəsini həyata keçirmişdi. Onlara erməni yaraqlıları da kömək edirdi. Hətta həmin məqamda iki cəllad arasında münaqişə baş verdiyindən ARABO-nun başçısının indiki prezident Sərkisyan tərəfindən geri çağırıldığını da kəşfiyyatçılardan öyrənmişdim.

Qaradağlı faciəsindən sonra ermənilər tərəfindən buraxılmış bir neçə üzü-başı qanlı qadın qərərgaha gəldilər. Onlar bu məlumatı bizə verdilər.

- Bu gün İbad Hüseynov müsahibələrində bildirir ki, biz həmin vaxtlar ermənilərə qarşı vuruşurduq ki, Qaradağlı xilas olsun. Ancaq, bu yalandır. Qaradağlıya köməyə heç kim getməyib. Kimlərsə öz şöhrətini artırmaq üçün vəziyyətdən istifadə edir. Hələ açacağım çox məqamlar var...

Elə o dövrdə şaiə də yayılmışdı ki, Surət Hüseynov Əsgəran polkunu satın alıb...

- Bu günədək ancaq 366 –cı alayın erməniyə köməyindən danışmışıq. Amma DQ-nin başbilən icraları bir dəfə də olsun Xocalı ətrafinda , Daşbulaqda yerləşən rus hərbi pexotasının da erməniyə köməyini dilə gətirmədi. Əsgəran polku məyər bizəmi xidmət elədi.? Elə o dövrdə şaiə də yayılmışdı ki, Surət Hüseynov Əsgəran polkunu satın alıb. Bu gün, sabah yol açılacaq. Cəbhə komandanı Rzayev həmin günlər müəmmalı şəkildə Lənkəran bölgəsinə dəyişdirildi. Xaos baş alıb gedirdi. Qaradağlının süqutundan sonra Xocalı camaatı ayaqda idi.






- Həmin vaxt o yiyəsiz qaldığımız günlərdə Bakıya gəlib, Ağdama arabir səfər edən Xətai rayon prokuroru Arif Hüseynovla görüşdüm və tələb etdim ki, məni atanla görüşdür. Atası İlhüseyn Hüseynov Dövlət Təhlükəsizlik Komitəsinin naziri idi. Görüş vaxtı Xocalını da, Qaradağlının sonluğu gözlədiyini söylədim. Əlində çubuq gəldi divardakı xəritənin qarşısına. Xocalını mənə göstərərək dedi: “ Heç vaxt yol vermərik ki, Xocalı aeroportuna birbaşa Ermənistandan təyyarə düşsün. Biz dağ cığırları ilə olsa da, mulki əhalini çıxarmalıyıq.” Özü də, mənə kitab rəfindən götürdüyü Nizaminin “Xəmsə-sini yazıb, xatirə verdi. Qarabağdan olan Bərdəli Mehrab müəllimlə Ağcabədili Şakir müəllimi çağırıb tapşırdı ki, mənə hərbi geyim versinlər. Mən Ağdama ümidlə qayıtdım ki, Xocalı Qaradağlının faciəsini yaşamayacaq. Bu vaxt Xocalıdan 4 ay öncə Ağdama gəlib, geri qayıda bilməyən xocalılara məlumat verdim. Xocalı ilə hava əlaqəsi kəsildiyi üçün onlar geri qayıda bilmirdilər. Ağdam meydanı da qaynayırdı... Siyasi dəllallar hərəsi nəyinsə peşində... Bütün bu faciələr birdən-birə ortaya çıxmamışdı ki...

1989-cu ilədək 10 ilə yaxın Sərsəngdə rəhbər işləyən mərhum atam ermənilərin yaratdığı “KRUNQ” təşkilatı haqqında, onların ideyalarından danışırdı.DQ-da Kamran Bağırovun vaxtından ermənilərin yüksək vəzifə tutduqlarından erməni idarə müdirlərinin “KRUNQ” a külli miqdarda vəsait topladıqlarından , Safonovun və Polyaniçkonun eməni millətçilərinə qarşı olduğundan, yeri gəldikcə onları aşağılamalarından, “KRUNQ”-un üzvünün girov götürüldüyündən söylədiklərini gələn sayda...





Miri Məcidli
Fotolar:Elvin Abdulla
Femida.az

Açar sözlər: #Qaradağlı   #İbad   #hüseynov   #Video   #Həcər  

Oxunub: 97627