Ərdoğanın Gəncə səfərinə niyə mane oldular? – Ankara terrorunun səbəbləri


14:39     18 Fevral 2016 12722104_736456423157224_119313723_n.jpg

Məlum olduğu kimi bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri planlaşdırılırdı. Səfərin məqsədi isə Gəncədə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak etmək idi.


Lakin dünən Ankarada törədilən dəhşətli terror aktı bu səfərin baş tutmasına mane oldu. İlkin ehtimallara görə, terror aktı zamanı 28 nəfər ölmüş, 60-dan çox insan isə yaralanıb. Nəticədə, Ərdoğan səfəri təxirə saldı.

Baş vermiş hadisə ilə əlaqədar Azərbaycan prezidenti İlham Əliyev Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

Bəs görəsən, Ankara terroru Ərdoğanın Gəncə səfərinə mane olmaq üçün məqsədli şəkildəmi törədilib?

Femida.az politoloqların mövqeyini öyrənib.

Politoloqlar hesab edirlər ki, terror aktının törədilməsində bu amil istisna edilmir.

Politoloq Qabil Hüseynlinin fikrincə, terror aktının sifariş əsasında törədildiyini ehtimal etmək mümkündür:



“Nəzəri baxımdan bunu ehtimal etmək mümkündür. Şübhəsiz ki, bu qanlı olayın törədilməsində PKK izi var. Dünən Mustafa Karayılan bildirmişdi ki, biz müharibəni kəndlərdən Türkiyənin iri şəhərlərinə keçirməliyik. Bu vaxta qədər PKK partlayışları daha çox Türkiyənin cənub-şərqində düzən ərazilərdə törədirdi. İndiki məqamda isə görünən odur ki, müharibə artıq Türkiyənin iri şəhərlərində aparılır. Bu partlayışlarla sanki Türkiyəni təhdid etmək, onu hansısa hərəkəti etməkdən çəkindirmək istəyirlər. Ərdoğanın Gəncə səfərinin çərçivəsində həm Türkiyə, həm Azərbaycan, həm də bütövlükdə region üçün çox mühüm məsələlərin müzakirəsi gözlənilirdi. Buna görə də partlayışın Ərdoğanın səfərinə mane olmaq üçün törədildiyini istisna etmək düzgün olmaz. Sözsüz ki, terror aktının törədilməsində xarici amillər də var. Rusiya son zamanlar PKK-ya müəyyən mənada dəstək olurdu. Dəstək varsa müəyyən məsələlərin sifariş olunmasını ehtimal etmək də mümkün olur. Lakin bu dediyim kimi bir ehtimaldır”.

Politoloq Fikrət Sadıqov bildirdi ki, əgər terrorçuların arxasında xarici qüvvələr dayanırsa, dünənki terror aktının da Ərdoğanın səfərinə mane olmaq üçün törədildiyini ehtimal etmək olar:



“Düşünürəm ki, Türkiyədə bu cür terror aktlarının törədilməsində xarici amillərin təsiri danılmazdır. Bu, reallıqdır. Dünənki terror aktının Ərdoğanın səfərinə mane olmaq üçün törədildiyini bir ehtimal kimi səsləndirmək mümkündür. Terrorçuların arxasında xarici qüvvələrin dayandığını deyə biləriksə, bu ehtimalı da səsləndirmək olar. Terrorçuları dəstəkləməklə Türkiyəni daima təhdid altında saxlamaq istəyirlər. Güman ki, bu terror aktı Türkiyənin öz siyasi kursundan imtina etməsinə mane ola bilməz. Türkiyə heç bir halda öz mövqeyindən geri çəkilməz”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlu hesab edir ki, terror aktının törədilməsində məqsəd Türkiyə-Rusiya toqquşmasını bir az daha yaxınlaşdırmaqdır:



“Terrorçular İstanbuldan sonra Ankaranı da vurdular. Terrorçular əvvəllər paytaxta bu qədərə yaxınlaşa bilməzdilər. Çünki Ankarada təhlükəsizlik tədbirləri daha yüksək səviyyədədir. Ancaq onlar bu maneəni də aşdılar. Demək, terroru planlayanlar və onların arxasındakılar qarşılarına böyük hədəflər qoyublar. Baş nazir Əhməd Davudoğlu Brüsselə, Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan isə Azərbaycana səfərlərini təxirə saldılar. PKK əvvəlkitək xarici dövlətlərin əlində alətdir. Terrorun Kandildə deyil Suriya ərazisində planlaşdırıldığı məlum olarsa, Türkiyə ordusunun bu ölkəyə müdaxiləsi və ya ən azı silahlı kürdlərin ərazilərini daha intensiv şəkildə bombalaması aktuallaşacaq. Bəlkə də elə bu partlayışı törədənlərin və planlaşdıranların geosiyasi məqsədi Türkiyə-Rusiya toqquşmasını bir az daha yaxınlaşdırmaqdır. Bunu arzulayan iki qüvvə var: PKK, onun Suriyadakı törəmələri və İŞİD. ABŞ Suriyadakı silahlı kürdlərə dəstəyindən əl çəkməsə Ankara-Vaşinqton münasibətlərində də sualların sayı artacaq”.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 10829