Məzahir Pənahov sədr müavini ilə görüşüb


22:12     18 Fevral 2016 mezahir2.jpg

Azərbaycan Respublikasında səfərdə olan İndoneziya parlamenti Nümayəndələr Palatasının sədr müavini Fahri Hamzahın başçılıq etdiyi nümayəndə heyəti 2016-cı il fevralın 18-də Mərkəzi Seçki Komissiyasında (MSK) sədr Məzahir Pənahovla görüşüb.


MSK-dan Femida.az-a verilən məlumata görə, qonaqları salamlayan MSK sədri görüşdən məmnunluğunu bildirərək, rəhbərlik etdiyi qurumun nüfuzlu beynəlxalq təşkilatlar və dünyanın müxtəlif qitələrindən olan böyük inkişaf yoluna malik ölkələrin ali seçki komissiyaları ilə əlaqələrindən söhbət açıb. Məzahir Pənahov qeyd edib ki, Azərbaycan Respublikasında seçki praktikasının daha da təkmilləşdirilməsində və hazırkı inkişaf səviyyəsinə çatmasında beynəlxalq təcrübənin öyrənilməsinin xüsusi rolu var.

Səmimi qəbula görə təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri Fahri Hamzah İndoneziyanın Azərbaycanla əlaqələrinin daha da genişləndirilməsinə çalışdıqlarını bildirib. O həmçinin, Mərkəzi Seçki Komissiyasının seçkilərın azad, ədalətli və şəffaf keçirilməsindəki yüksək təcrübəsindən və informasiya-kommunikasiya texnologiyalarının seçkilərdə tətbiqi sahəsində əldə etdiyi ciddi nailiyyətlərdən istifadə edərək, İndoneziyadakı seçkilərin də inkişafına nail olmaq istədiklərini deyib və iki ölkənin ali seçki qurumları arasında birbaşa əlaqələrin qurulmasında maraqlı olduqlarını ifadə edib.

Görüşdə MSK sədri M.Pənahov seçkilərin yüksək səviyyədə təşkil olunması, azad, ədalətli və şəffaf keçirilməsi üçün Azərbaycanda hər cür şəraitin və demokratik mühitin olduğunu vurğulayaraq, nümayəndə heyətinə Azərbaycanın seçki sistemi, MSK-nın strukturu, seçki komissiyalarının fəaliyyət prinsipləri və digər məsələlər barədə ətraflı məlumat verib və seçkilərin demokratik keçirilməsində həyata keçirilmiş genişmiqyaslı layihələri və atılan addımları diqqətə çatdırıb.

İndoneziyalı parlamentarilərlə görüşdə həmçinin, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Açar sözlər:

Oxunub: 1008