DSMF-da kollegiya iclası - Elman Mehdiyev hesabat verdi


17:20     19 Fevral 2016 8b8ca9837f7fa9a8655f6ab62c916728.JPG

Dövlət Sosial Müdafiə Fondunda (DSMF) 2015-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib.


Fondun ictimaiyyətlə əlaqələr sektorundan Femida.az-a verilən məlumata görə, iclasda DSMF sədri Elman Mehdiyev fondun gəlir və xərclərinin icrası, sığorta-pensiya sistemində beynəlxalq standartların tətbiqi və əmək pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin 2015-ci ildə də davam etdirildiyini bildirib.

Qeyd olunub ki, ilkin məlumatlara əsasən 2015-ci ildə fondun gəlirləri 2912,4 mln. manat təşkil edib ki, bu da 2014-cü ilə nisbətən 15,6 mln. manat çoxdur. Hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2014-cü ilə nisbətən 3,6% və ya 62,0 mln. manat artaraq 1805,7 mln. manat təşkil edib. 2015-ci ildə sosial sığorta haqlarının 64,2%-i və ya 1159,2 mln. manatı qeyri-büdcə sektorundan daxil olmuşdur ki, bu da əvvəlki ilə nisbətən 3,3% və ya 36,6 mln. manat çoxdur.

Fondun daxilolmalarının artım səviyyəsi hər ay pensiya və müavinətlərin qrafikdən əvvəl maliyyələşdirilməsinə imkan verib. Ötən il ərzində DSMF-nin xərcləri 2934,2 mln. manat təşkil edib ki, bunun da 2872,0 mln. manatı və yaxud 97,9%-i əhaliyə ödənişlərə yönəldilib. Əmək pensiyaları ilə bağlı xərclər 2797,3 mln. manat, məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər isə 74,7 mln. manat təşkil edib.

Vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə 2015-ci ilin yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsi istehlak qiymətlərinin dəyişməsinə uyğun indeksləşdirilərək 1,4%-lik artım tətbiq olunub. Əmək pensiyalarının orta aylıq məbləği 2015-ci ilin əvvəlinə nisbətən 1,5% artaraq 176,0 manat olub, o cümlədən yaşa görə əmək pensiyasının orta aylıq məbləği 196,1 manat təşkil edib.

Fondun fəaliyyətinin avtomatlaşdırılması istiqamətində tədbirlər davam etdirilib. Pensiyaların plastik kartlarla ödənişinin kənd yerlərində yaşayan pensiyaçıları əhatə etməsi tədbirləri daha da genişləndirilib və nəticədə pensiya ödənişi aparılan bütün pensiyaçıların pensiyasının plastik kartlarla ödənilməsi təmin olunub. Fərdi uçot sistemində qeydiyyata alınan sığortaolunanların sayı ötən ilin əvvəlinə nisbətən 204 min nəfər artaraq 3 mln. 180 min nəfərdən çox təşkil edib ki, bu da sosial sığorta sistemində təbliğat işlərinin gücləndirilməsi və iştirakçıların aktivliyinin artırılmasının göstəricisidir.

Fond tərəfindən əhaliyə göstərilən elektron xidmətlərin keyfiyyətinin artırılması və əhatə dairəsinin genişləndirilməsi sahəsində ardıcıl tədbirlər davam etdirilib. 2015-ci il ərzində daha 5 elektron xidmət aktivləşdirilərək “Elektron hökumət” portalına inteqrasiya edilib və bununla da sığortaedən və sığortaolunanların uçotu sahəsində xidmətlərin tam elektronlaşması təmin edilib. Elektron xidmətlərin ayrı-ayrı bölgələrdə təşviqi məqsədilə fond tərəfindən regional təqdimatlar keçirilib. Eyni zamanda kiçik ödəniş edən, mühasibatlığı avtomatlaşdırılmamış torpaq pay mülkiyyətçiləri, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin hesabatlarının elektron formada qəbulunu təmin etmək məqsədilə DSMF-nin yerli orqanlarında yardım masalarının fəaliyyəti davam etdirilib.

“Elektron hökümət” portalının statistikasına əsasən ən çox istifadə olunan xidmətlər sırasında ilk yerləri tutan fondunun elektron xidmətlərindən il ərzində DSFM-nin həm öz saytı, həm də “Elektron hökumət” portalı və “Hökumət Ödəniş Portalı” vasitəsilə ümumilikdə 2,7 mln.dan çox istifadə sayı qeydə alınıb ki, bu da 2014-cü ilə nisbətən 2 dəfə çoxdur.

Fondun çağrı mərkəzinin fəaliyyəti yenidən qurulub, habelə sahibkarlıq fəaliyyəti sahəsində universal telefon məlumat xidmətinin (Çağrı Mərkəzi) yaradılması məqsədilə 195 – “Çağrı Mərkəzi”nin fondun çağrı mərkəzinə inteqrasiyası həyata keçirilib. Pensiya təyinatının avtomatlaşdırılmış qaydada vahid mərkəzdən “Mərkəzi Çağrı Sistemi” vasitəsi ilə həyata keçirilməsi, habelə “ASAN xidmət” mərkəzlərində əmək pensiyalarının təyinatı xidmətinin təşkili işi daha da genişləndirilib.

Sığorta-pensiya sahəsində beynəlxalq təcrübənin öyrənilməsi üçün Beynəlxalq Sosial Təminat Assosiasiyasının və müxtəlif ölkələrin sığorta-pensiya qurumları ilə əməkdaşlıq, həmçinin əmək miqrantlarının əmək fəaliyyəti dövründə müxtəlif dövlətlərin ərazisində qazanmış olduqları pensiya hüquqlarının tanınması və pensiya təyinatında nəzərə alınması prinsiplərini tənzimləyəcək ikitərəfli sazişlərin bağlanması istiqamətində tədbirlər davam etdirilib. Ötən ilin 28 noyabrında Minsk şəhərində “Dövlət Sosial Müdafiə Fondu və Belarusun Əmək və Sosial Müdafiə Nazirliyi arasında məcburi dövlət sosial sığortası sahəsində əməkdaşlıq haqqında protokol” imzalanıb.

Ölkəmizdə könüllü sosial sığortalanmanın tətbiqi məqsədilə fondda reallaşdırılan tvinninq layihəsi çərçivəsində beynəlxalq ekspertlərlə birgə dövlət sığorta-pensiya sistemində real yığım komponentinin tətbiqinə və qeyri-dövlət pensiya fondlarının fəaliyyətinin təşkilinə dair qanun layihələri hazırlanıb və keçən ilin oktyabr ayında qeyd olunan qanun layihələrinin geniş ictimai müzakirəsi təşkil olunub.

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına müvafiq olaraq sığortaedənlərdə auditin elektron qaydada aparılması üçün beynəlxalq təcrübənin öyrənilməsi, elektron auditin tətbiqi üçün hüquqi bazanın inkişaf etdirilməsi, onun metodologiyasının hazırlanması və bu sistemə keçid üçün kadr potensialının gücləndirilməsi məqsədilə Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti çərçivəsində müvafiq qaydada təqdim edilmiş tvinninq layihəsi Avropa Komissiyası tərəfindən təsdiq olunub.

“2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”nın icrası məqsədilə aidiyyəti dövlət orqanları ilə birlikdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Qanun layihəsi hazırlanaraq müvafiq qaydada təqdim olunub. Eyni zamanda, konsepsiyaya əsasən Azərbaycanda pensiya təminatı sisteminin perspektiv inkişafının aktuar modelləşdirmə əsasında proqnozlaşdırılmasının təşkili üçün zəruri daxili texniki və institusional potensialın artırılması məqsədilə müvafiq tədbirlər (Dünya Bankı ilə birlikdə PROST modelinin Azərbaycanın sığorta-pensiya sistemində tətbiqi və Avropa İttifaqının Avropa Qonşuluq və Əməkdaşlıq Aləti olan TAİEX proqramı çərçivəsində “Aktuar tədqiqatlar və pensiya sistemi üzrə modelləşdirmə” layihəsinin reallaşdırılması) həyata keçirilib.

Dövlət qulluqçularının peşəkarlığının artırılması ilə bağlı kadrların ixtisas səviyyəsinin təkmilləşdirilməsi kurslarının tədris planı, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə əməkdaşlıq çərçivəsində tədbirlər davam etdirilib.

Vətəndaşların informasiya ilə təmin olunması və onların sığorta-pensiya sistemində fəal iştiraka cəlb edilməsi məqsədilə geniş təbliğat işləri aparılıb. Fondun fəaliyyətinə səmərəli ictimai nəzarət imkanının yaradılması məqsədilə regionlarda müxtəlif mövzularda “Açıq qapı” günü – vətəndaş forumları keçirilib. Həmçinin kütləvi informasiya vasitələrindən istifadə olunmaqla “Fərdi uçot əsaslı sosial sığorta sistemində iştirakınız etibarlı pensiya təminatınızdır” mövzusunda müsabiqənin və Fondun əməkdaşlarının iştirakı ilə müxtəlif televiziya, radio kanallarında dövri verilişlərin təşkili təmin olunub.

Hesabat dövründə vətəndaşların müəyyən olunmuş qrafikə uyğun qəbulu, onların müraciətlərinə, ərizə və şikayətlərinə vaxtında baxılması və haqlı tələblərinin həll edilməsi təmin olunub. 2015-ci ildə fondun aparatına vətəndaşlardan 5 930 müraciət daxil olub. Bilavasitə fondun rəhbərliyi tərəfindən 407 (o cümlədən Fondun Aparatında 81, respublikanın regionlarında 326) vətəndaş qəbul edilərək onların müraciətlərinə baxılıb. Vətəndaşlarla işin səmərəliliyinin daha da artırılması, fəaliyyətinin avtomatlaşdırılması və maarifləndirmə tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi nəticəsində 2015-ci il ərzində fondun aparatına vətəndaşlardan daxil olan müraciətlərin sayı 2014-ci illə müqayisədə 26% azalıb.

İclasda həmçinin fondun orqanlarının üzərinə düşən funksiyaların 2015-ci ildəki icrası vəziyyəti təhlil olunub. Azərbaycan prezidentinin maliyyə intizamının gücləndirilməsi, bu sahədə şəffaflığın tam təmin edilməsi, korrupsiyaya qarşı mübarizənin, ictimai nəzarətin genişləndirilməsi barədə tapşırıqları iclas iştirakçılarının nəzərinə bir daha çatdırılaraq, 2016-cı ildə fondun orqanlarının qarşısında duran vəzifələr müzakirə edilib.

Açar sözlər:

Oxunub: 1230