Publik elmi müəssisələr yaradılacaq


14:00     21 Fevral 2016 milli%20%20m.jpg

Azərbaycanda təşkilati-hüquqi formasına görə, publik elmi müəssisə və təşkilatlar da fəaliyyət göstərəcək.


Milli Məclisdən Femida.az-ə verilən məlumata görə, bu məsələ “Elm haqqında” qanun layihəsinin təkmilləşdirilmiş yeni variantında qeyd edilib.

Layihəyə əsasən, Azərbaycanda mülkiyyət növünə görə dövlət, bələdiyyə və xüsusi elmi müəssisə və təşkilatları olacaq. Təşkilati-hüquqi formasına görə isə publik, kommersiya və qeyri-kommersiya elmi müəssisə və təşkilatları fəaliyyət göstərəcək.

Azərbaycanda dövlət və bələdiyyə elmi müəssisə və təşkilatları publik hüquqi şəxsdir.

Layihənin bundan əvvəlki variantına görə, təşkilati-hüquqi formasına görə yalnız kommersiya və qeyri-kommersiya elmi müəssisə və təşkilatların fəaliyyət göstərilməsi təklif edilirdi.

Layihədə qeyd edilir ki, dövlət kreditlər vermək, qrant ayırmaq və vergi güzəştləri tətbiq etməklə (kommersiya hüquqi şəxs kimi fəaliyyət göstərən elmi müəssisə və təşkilatlar istisna olmaqla) bütün elmi müəssisə və təşkilatların inkişafını təmin edir.

Xatırladaq ki, publik hüquqi şəxslər ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur.

Femida.az

Açar sözlər:

Oxunub: 1157