Kimlər pensiya ala bilər?


14:33     22 Fevral 2016 pensiya4.jpeg

Vətəndaşlar pensiyanı hansı qaydada alır?


Femida.az vətəndaşlara hüquqi yardım layihəsini davam etdirir.

Şəxs qanunla müəyyən olunmuş yaş həddinə çatdıqda pensiya almaq hüququna sahib olur. Əmək şəraitindən, sağlamlığından və digər göstəricilərdən asılı olaraq pensiya almaq üçün fərqli yaş hədləri müəyyən oluna bilər.

Bu barədə hüquqşünas Məhərrəməli Həmidov Femida.az-a danışdı.

Hüquqşünas kişi və qadınlar üçün pensiya almağa görə tələb olunan yaş həddini aşağıdakı qaydada izah etdi:

“63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda, yaşa görə əmək pensiyası hüququ vardır. Lakin müəyyən hallarda bu yaş hədləri azaldılmaqla, vaxtından əvvəl pensiya hüququ yaradır.

Belə ki, beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan qadınların müəyyən olunmuş yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan anaların müəyyən olunmuş yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinə görə 5 və daha çox uşağı növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən ataların, habelə 5 və daha çox uşağı övladlığa götürüb təkbaşına səkkiz yaşınadək böyüdən ataların, həmçinin 5 və daha çox uşağı səkkiz yaşınadək böyüdən qəyyum kişilərin azı 10 il sığorta stajı olduqda müəyyən olunmuş yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır”.



Hüquqşünas qeyd etdi ki, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan şəxslərin güzəştli şərtlərlə pensiya hüququ qazanır:

“Hipovizqanizm xəstəliyinə tutulan şəxslər və mütənasibliyi pozulmuş cırtdanboylar - kişilər 47, qadınlar 42 yaşına çatdıqda və həmin şəxslərin azı 5 il sığorta stajı olduqda, yaşa görə əmək pensiyası hüququ vardır.

Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan sığortaolunanların:

kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin yeraltı işlərin, incəsənətin xüsusi sahələrinin, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin sihahısı Azəraycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə tənzimlənir. Əmək Pensiyaları haqqında Azərbaycan Respublikası Qanunun qüvvəyə mindiyi günədək həmin işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvəllər qüvvədə olan olmuş qanunvericilik deyiləndə, Vətəndaşların Pensiya Təminatı haqqında Qanunu və Nazirlər Kabinetinin 21.07.1993-cü il tarixli, 320 nömrəli Qərarı başa düşülür.

Həmin qərarın 1 nömrəli siyahısı üzrə, kişilər – 52 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar – 47 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa, güzəştli şərtlərlə pensiya hüququ yaranır”.

Ceyhun Əhmədli

Açar sözlər:

Oxunub: 24555