Hüquqşünaslar vətəndaşların müdafiəsinə qalxdı - MÜRACİƏT


16:23     22 Fevral 2016 12745889_569432526545854_2614443816610223600_n.jpg

“Banklar kreditlərə görə problem yaratdıqları halda vətəndaşlar dərhal hüquqşünaslara müraciət etsinlər”


Femida.az xəbər verir ki, Azərbaycanda fəaliyyət göstərən hüquqşünaslar tərəfindən son günlərin aktual probleminə çevrilmiş “Bank-Vətəndaş ” münasibətləri ilə bağlı ikinci dəyirmi masa keçirilib.

Hüquqşünaslar Əkrəm Həsənov, Nicat Gözəlov və Tural Musayevin təşkilatçılığı ilə baş tutan tədbirdə hüquqşünaslar Ellada Bayramova, Aynurə Gözəlova, Araz Əsədli, Emil Vəliyev, Emil Aslanov, Nemət Ağalarov, Ayxan Eyvazlı, Seymur Kərimov, Hafiz Nəcəfov, Zaur Əkbərov və digərləri iştirak ediblər.

Hüquqşünaslar devalvasiyadan sonrakı problemlər, hüquqi yollar, bankların kredit münasibətlərində olduqları vətəndaşlara qarşı yönəlmiş qanunsuz hərəkətlərinin qarşısının hüquqi yolla alınması, qanunvericiliyə zidd müqavilələrin mübahisələndirilməsi və tətbiq edilməli normalar və s. suallar ətrafında müzakirə aparıblar. Sonda gəlinən nəticə belə olub ki, vətəndaş kredit məbləğini ödəyə bilmirsə, bu o demək deyil ki, onun hüquqi çıxış yolu yoxdur. Hüquqşünaslar bununla bağlı müraciət də ünvanladı. Kredit ödənişi və bankla bağlı digər çətin məqamlar yaranarsa, vətəndaşların mütləq hüquqşünaslara müraciət etmələri tövsiyə olundu.

Hüquqşünas Nicat Gözəlov Femida.az -a açıqlamasında bunları bildirdi:

“Bank sektorunda baş verənlər heç bir halda vətəndaşın ümidlərinin sona çatması deyil. Hüquq-mühafizə orqanlarının rəhbərlərinin banklara xəbərdarlıqlarından sonra bank əməkdaşlarının vətəndaşlara qarşı qanunsuz hərəkətlərinə son qoyulub. Nəticədə intiharlar, intihara cəhd və bu kimi xəbərlərə az rast gəlməyə başlamışıq ki, buna görə onlara təşəkkürümüzü bildiririk. Məhkəmələrin də son 1 ayda bankların iddialarına və iddiaların təmin tədbiri barədə ərizələrinə baxılması zamanı daha çox tələbkarlıq nümayiş etdirmələri sevindirici haldır və məhkəmə çəkişməsinin bərabərliyi prinsipinin təmin olunacağına ümidlərimizi artırıb. Bununla belə, kredit borcunu ödəyə bilməyən vətəndaşlara münasibətdə bir-neçə bankın əməkdaşları və kollektorlar qanuna zidd hərəkətlərini davam etdirirlər. Bizim də dəyirmi masanı təşkil etməyimizdə məqsədimiz insanlara hüquqi yardım məsələsində hansı addımların atılmasını müzakirə etməkdir. Artıq bununla bağlı müəyyən nəticələrə də gəlmişik. Vətəndaşlara müraciət edirəm ki, yaranmış vəziyyətdən hüquqi yollarla və qanunların verdiyi imkanlar hesabına çıxmaq lazımdır. Qanunvericiliyin icazə verdiyi hüquqi müdafiə üsulları və vasitələrimiz var. Azərbaycanda da bu vasitələr tükənməmişdir. Banklarla problemləri olan vətəndaşlar hüquqşünaslara müraciət etsinlər”.


Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 9672