Hüquqşünasdan Xəzər TV-nin sujetinə sərt reaksiya – “Ağ yalandır”


16:38     22 Fevral 2016 12782227_738115939657939_1050184595_n%20(1).jpg

“Bu gün manatın devalvasiyasının bir ili tamam olur. Xəzər TV bu münasibətlə əhalini hədə-qorxu xarakterli reportajla “təbrik” edib. Təəssüf ki, belə qeyri-peşəkar və yalan dolu reportajların nəticəsi ağır olur: hüquqi bilgiləri olmayan borclu vətəndaşlarımız intihar edir, ən azı psixoloji sarsıntı keçirir, xəstələnir, ailələr dağılır və s. Mən demirəm ki, bankların mövqeyi mətbuatda işıqlandırmamalıdır. Lakin əks mövqeyə də yer verilməlidir! Reportajla bağlı müraciətləri və mövzunun həssaslığını nəzərə alaraq, mövqeyimi bir daha bildirirəm. “Bir daha” ona görə ki, əslində, bütün bu məsələlərə artıq bir neçə dəfə toxunmuşam və söyləninlərin cəfəngiyat olduğunu sübut etmişəm”.


Bu sözləri hüquqşünas Əkrəm Həsənov Xəzər TV-nin kredit götürən şəxslərlə bağlı hazırladığı sujetə münasibət bildirərkən deyib.

Hüquqşünas reportajın qərəzli olduğunu diqqətə çatdırdı:

“Reportajda yalnız iki fikir qismən doğrudur (borcun borclunun əmlakından və gəlirindən tutulması). Əlbəttə, borclu borcuna görə əmlakı ilə cavabdehdir. Lakin istisnalar da var və reportajda bu haqda məlumat verilmir (görəsən niyə?). Belə ki, Nazirləri Kabinetinin 5 iyun 2002-ci il tarixli 89 saylı Qərarı (http://e-qanun.az/framework/1010) ilə vətəndaşın toxununlmaz əmlakının (məsələn, girov qoyulmamış yeganə ev və s.) siyahısı təsdiq edilib. Borclunun gəlirinin (əmək haqqı, pensiya və s.) 50%-dək, bəzən isə hətta 70%-dək də olan hissəsi borcun ödənilməsinə yönəldilə bilər. Lakin reportajda yenə də bir vacib məqam haqda məlumat verilmir: borclunun və himayəsində olan şəxslərin yaşayış minimumu məbləği toxunulmazdır! Ondan artığı tutula bilər ancaq!”

Əkrəm Həsənov Xəzər TV-nin hazırladığı sujetlə bağlı iradlarını aşağıdakı kimi sıraladı:

“Reportajdakı digər fikirlərə gəldikdə isə aşağıdakıları bildirirəm ki, icra məmurunda borclunun qeyri-rəsmi gəliri haqda məlumat varsa, borc həmin gəlirdən tutulur. Qeyri-rəsmi gəlir nədir? Qanunsuz gəlir! Vergidən yayılan gəlir! Təbii, belə gəlir ola bilər. Amma, əvvəla, onu sübut etmək çətin, praktiki cəhətdən mümkünsüzdür! Digər tərəfdən isə, belə gəlirdən ilk növbədə gəlir vergisi tutulmalıdır. Bu isə artıq icra məmurlarının deyil, vergi orqanlarının işidir. Əgər indiyədək vergi orqanları belə halları müəyyən edə bilməyibsə, icra məmurları necə müəyyən edəcək? Bir sözlə, bu, hədədən başqa bir şey deyil! Sujetdə qeyd olunur ki, borclunun üçüncü şəxsdə əmlakı ola bilər və borclu həmin əmlakı borcun ödənilməsi üçün təqdim etməlidir. Görəsən, icra məmuru bunu haradan biləcək, bilsə də, əmlakın borcluya mənsub olmasını necə sübut edəcək? Praktiki cəhətdən mümkünsüzdür! Bir sözlə, yenə də qorxutma alətidir!

Reportajda vurğulanır ki, guya borcunu ödəyə bilməyəni inzibati, yaxud cinayət məsuliyyətinə cəlb etmək olar. Bu, ağ yalandır! Belə məsuliyyət yalnız borcu qərəzli olaraq ödəməyən şəxslərə aiddir. Yəni imkanı olaraq, borcu ödəməyənlərə. Onun imkanı olduğunu isə sübut etmək lazımdır! Bu da praktiki cəhətdən demək olar ki, mümkünsüzdür! Sadəcə yenə də qorxudur! Ümumən, “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında” Avropa Konvensiyasının 4 saylı Protokolunun 1-ci maddəsinə əsasən heç kəs borca görə azadlıqdan məhrum edilə bilməz!

Guya işsiz borclunun məşğulluq orqanında qeydiyyata durmaması və işsizlik müavinəti almaması borcun ödənilməsindən yayınmadır. Bu, artıq hüquqi savadsızlıqdır! Əvvəla, məşğulluq orqanında qeydiyyata durmaq, müavinət almaq, ümumiyyətlə işləmək – vətəndaşın vəzifəsi deyil, hüququdur! “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında” Avropa Konvensiyasının 4-cü maddəsi məcburi əməyi qadağan edir! Digər təəfdən isə işsizlik müavinətinin məbləği yaşayış minimumundan da aşağıdır! Deməli, vətəndaş onu alsa belə, borc həmin müavinətdən tutula bilməz!”



Ceyhun Əhmədli

Açar sözlər:

Oxunub: 3811