“Test üsulu ləğv olunmalıdır” – Təhsil eksperti


21:30     22 Fevral 2016 test%20usulu.jpg

“Test üsulunun ləğvi məktəbin imkanlarını genişləndirəcək”.


Bu sözləri Femida.az-a açıqlamasında təhsil üzrə ekspert Əjdər Ağayev deyib.

Ekspertin fikrincə, test üsulu şagirdlərin hərtərəfli qiymətləndirilməsinə imkan vermir:

“Təhsil Nazirliyinin gəldiyi qənaət əslində ictimai fikri əks etdirir. Bu sahə ilə məşğul olan insanların gəldiyi son nəticə ondan ibarətdir ki, test üsulu birtərəfli hazırlığa təsir göstərir. Qəbul prosesi həyata keçirilərkən insanın şüuru, nitqi və müxtəlif qabiliyyətləri qiymətləndirilməlidir. Test üsulu isə buna mane olur. Yəni şəxsə yalnız bir istiqamətdə qiymət verilir. Təhsil Nazirliyi artıq o qənaətə gəlib ki, qəbul prosesi yeni məzmun, yeni forma ilə aparılsın. Yeni məzmun və forma ilə qəbul prosesində əvvəlcə şagirdlərdən əvvəlcə yazılı, sonra şifahi imtahan götürüləcək. Ən sonda isə test imtahanı keçiriləcək”.

Ekspert onu da bildirdi ki, dünyanın əksər ölkələrində ali məktəblərə qəbul prosesi test üsulu ilə aparılmır:

“Test üsulu tələbələrin geniş dünya görüşünə malik olmasına mane olur. Düşünürəm ki, test üsulunun ləğvi məktəblərin də imkanlarını genişləndirəcək. Dünyanın inkişaf etmiş ölkələrində ali məktəblərə qəbul imtahanları test üsulu ilə həyata keçirilmir. Amerika təcrübəsinə baxsaq, görərik ki, bu ölkədə qəbul prosesi demək olar ki, yoxdur. ABŞ-da şagirdlər universitetə orta məktəb qiymətləri əsasında qəbul olurlar. Bu, əslində uğurlu sistemdir”.

Qeyd edək ki, Azərbaycanda test üsulunun ləğvi ilə bağlı müxtəlif təkliflər səsləndirilir. Təhsil naziri Mikayıl Cabbarov “Hesabat” verilişinə verdiyi müsahibədə test üsulunun ləğvinin istisna olmadığını deyib.

Nazir bildirib ki, növbəti 2-3 ildə test imtahanının formasında dəyişiklik gözlənilməsə də, sonrakı dövrdə həm forması, həm də məzmunu dəyişilməlidir.

M.Cabbarov qeyd edib ki, 3-4 il ərzində ali təhsil müəssisəsini bitirən tələbənin bilikləri testlə ölçülə bilməz: “Onların biliklərinin qiymətləndirilməsi üçün yeni alətlər lazımdır və hazırda yeni qiymətləndirmə standartları ilə bağlı fəaliyyət həyata keçirilir”.

Ceyhun Əhmədli

Açar sözlər:

Oxunub: 1505


Oxşar xəbərlər