Tələbə də aliment verməlidir - Hüquqi yardım


16:03     23 Fevral 2016 alimenttt.jpg

Femida.az vətəndaşlara hüquqi yardım layihəsini davam etdirir.


Hər il minlərlə boşanma faktı qeydə alınır. Boşanan ailələrin əksəriyyətində uşaqlar maddi və mənəvi sıxıntılar içərisində böyüyür. Boşanan ailələrdə alimentlərin ödənilməsi artıq müşkül bir problemə çevrilib. Əsas problem də alimentin hansı gəlirlərdən tutulması ilə bağlıdır. Belə ki, bəzi valideynlər daimi iş yeri olmadığına görə aliment verməkdən imtina edirlər. Halbuki, həmin şəxsin aliment ödəmək üçün kifayət qədər aylıq qazancı olur.

Bəs, əslində hansı gəlirlərdən aliment tutula bilər?

Vəkil Asif Abdullayev bildirdi ki, aşağıdakı gəlirlərdən aliment tutula bilər:

“Əmək müqaviləsi (kontraktı) üzrə işləyən işçilərə (əvəzçilik də daxil edilməklə) ödənilə bilən əmək haqqından;

Pul və natura ilə verilən mükafatlardan;

İşsizlik müavinətindən;

Müvəqqəti əvəzetməyə görə ödəmədən;

Xidmət illərinə görə işçiyə pul və ya natura ilə verilən birdəfəlik mükafatlardan;

İl ərzində işin yekunlarına görə işçiyə pul və ya natura ilə verilən mükafatdan;

Əmək müqaviləsinə xitam verilərkən ödənilən işdənçıxarma müavinətindən və işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün ödənilən orta əmək haqqından;

Məcburi dövlət sosial sığorta ödəmələrinə aid edilən müavinətlərdən (dəfn üçün müavinət istisna olmaqla);

İstehsalatda əmək xəsarəti ilə əlaqədar əmək qabiliyyətini itirmiş şəxslərə dəymiş zərərə görə ödənilən ödənclərdən;

Faktiki alınan pensiyadan;

Ali və orta ixtisas məktəblərində və kurslarda oxuyan müddətdə alınan təqaüdlərdən;

Aliment ödəyənin həyətyanı sahəsindən və yardımçı təsərrüfatından əldə etdiyi gəlirdəki payından;

Fiziki şəxsin sahibkarlıq fəaliyyətindən, habelə ailə kəndli təsərrüfatından əldə etdiyi xalis gəlirdən;

Mülki-hüquqi müqavilələr üzrə işlərin yerinə yetirilməsinə görə ödəmələrdən;

Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzalara məhkum olunmuş şəxslərin qazancından;

Hərbi qulluqçulardan, həmçinin hüquq-mühafizə orqanlarının sıravi və komanda heyətindən olan şəxslərdən aliment vəzifə maaşından, hərbi rütbəyə görə verilən maaşdan, habelə vəzifə maaşına olan əlavələrdən və daimi xarakter daşıyan digər ödənclərdən tutulur;

Ayda qanunvericiliklə müəyyən edilmiş şərti maliyyə vahidinin 5 misli məbləğindən çox pul təminatı alan müddətli xidmət hərbi qulluqçularından aliment ümumi əsaslarla tutulur;

Yazıçılardan, bəstəkarlardan, rəssamlardan və digər yaradıcı işçilərdən aliment müəlliflik qonorarı məbləğlərindən, vəkillərdən hüquq məsləhətxanalarında və qanunvericiliklə müəyyən edilmiş digər qaydada işinə görə bütün növ qazanclarından tutulur”.

Ceyhun Əhmədli

Açar sözlər:

Oxunub: 2198