DSMF jurnalistlər üçün müsabiqə elan etdi


16:38     23 Fevral 2016 dsmf0.PNG

Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasında pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dövlət tərəfindən həyata keçirilən ardıcıl və məqsədyönlü işlərin, həmçinin sığorta-pensiya sistemində aparılan islahatların Kütləvi İnformasiya Vasitələrində (KİV) daha geniş işıqlandırılmasının təmin olunması məqsədilə “Pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi xüsusi diqqət mərkəzindədir” mövzusunda müsabiqə elan edib.


DSMF-nın İctimaiyyətlə əlaqələr sektorundan Femida.az-a verilən məlumata görə, müsabiqəyə 23 fevral 2016-cı il tarixdən 23 mart 2016-cı il tarixədək mövzu üzrə qəzet və jurnallarda, saytlarda çap edilmiş analitik məqalələr, radio və televiziyada yayımlanmış verilişlər, süjetlər təqdim olunmalıdır.

Məqalələr 5 min işarədən, radio və televiziya verilişləri, süjetlər isə 5 dəqiqədən (müsabiqə dövründə ayrı-ayrı vaxtlarda verilmiş və ümumilikdə 5 dəqiqədən az olmayan telesüjetlər də təqdim oluna bilər) az olmamalıdır. Materiallar 23 mart 2016-cı il tarixdən gec olmayaraq, hansı qəzet və jurnalda, saytda dərc olunduğu, radio və televiziya kanalında nümayiş etdirildiyi (tarix və nömrəsi) göstərilməklə Dövlət Sosial Müdafiə Fondunun aparıcı mütəxəssislərindən ibarət yaradılmış Komissiyaya təqdim edilməlidir.

Müsabiqənin yekunlarına görə ən yaxşı məqalələrin və teleradio materiallarının müəllifləri 2 nominasiya üzrə aşağıdakı qaydada mükafatlandırılacaqlar:

Qəzet və jurnallarda, saytlarda dərc olunmuş ən yaxşı məqalələr üzrə:

1-ci yer – 800 manat;
2-ci yer – hər biri 500 manat olmaqla iki yer;
3-cü yer – hər biri 300 manat olmaqla üç yer.


Televiziya və radio kanallarında verilmiş ən yaxşı teleradio verilişləri və telesüjetlər üzrə:

1-ci yer – 800 manat;
2-ci yer – hər biri 500 manat olmaqla iki yer;
3-cü yer – hər biri 300 manat olmaqla iki yer.


Hər iki nominasiya üzrə ümumilikdə 15 həvəsləndirici mükafat - cəmi 1500 manat məbləğində.

Komissiyaya Dövlət Sosial Müdafiə Fondunun sədr müavini Zakir Babayev rəhbərlik edir.

Açar sözlər:

Oxunub: 952