Qəzada ölən iki bacının qan donduran hekayəsi- FOTO


19:39     04 İyun 2015 87312_71433395418.jpg

Bu itkidən sarsılan yaxınları deyir ki, onları yandırıb-yaxan daha bir detal da var. O da Xədicə ilə Səbinənin qəzadan cəmi 10 dəqiqə əvvəl çəkdiyi selfidir


İyunun 1-də Ələt-Astara avtomobil yolunun 34-cü km-də, Salyan rayonunun Yenikənd kəndindən keçən hissəsində üç nəfərin həyatına son qoymuş dəhşətli avtomobil qəzası baş verib.

Neftçala rayon sakini, şəxsi maşını ilə taksi xidməti göstərən 1961-ci il təvəllüdlü Əliyev Sakit Davud oğlunun idarə etdiyi “Mercedes” markalı avtomaşın Bakıdan Neftçala istiqamətində gedərkən qarşıdan gələn “KamAZ” markalı yük avtomobili ilə toqquşub. Hadisə nəticəsində “Mercedes”in sürücüsü S.Əliyev və sərnişinləri olan iki bacı - Neftçala rayon sakinləri, 21 yaşlı Sadıqova Səbinə Vüqar qızı və 20 yaşlı Sadıqova Xədicə Vüqar qızı hadisə yerindəcə keçiniblər. Digər sərnişini - Neftçala rayon sakini, 1961-ci ildə anadan olmuş Əhədov İlqar Xanbala oğlu isə ağır vəziyyətdə Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Femida.az Virtualaz.org-a istinadən baş vermiş qəzada həlak olan bacıların həyat hekayəsini təqdim edir:
***

...Neftçalaya əslində tərəddüd içində gedirdim. Yolboyu yalnız bunu düşünürdüm: “Gedib iki övlad dağını bir göz qırpımında alan o zavallı ataya necə təsəlli verəcəm, onu necə ovunduracam. Axı bu müsibət deyiləsi, dilə gətiriləsi, dözüləsi dərd deyil...”

Hər halda özümü toplayıb el qaydası ilə başsağlığı verirəm. Qızların atası, 43 yaşlı Vüqar Sadıqovla ayaqüstü danışırıq, ona təsəlli verməyə çalışıram, Allahdan səbr diləyirəm.

Dərddən beli bükülən, gözləri çuxura düşən atanın cavabı bir qədər gözlənilməz olur: “Qardaş, Allah mənə gözləmədiyim səbri verib. Kim olsaydı, dözməzdi. Mən necə dözürəm, heç özüm də bilmirəm”.

Qonşulardan, ailəyə yaxın adamlardan öyrənirik ki, Vüqar Sadıqov bir müddət Sərhəd Qoşunlarında işləyib, müddətdən artıq xidmətdə (MAXE) olub. Həyatı normal imiş. Mehriban ailəsi, 4 uşağı, işi-gücü, dolanışığı varmış.

Amma bədbəxtlik qapısını tez döyüb. 2001-ci ildə həyat yoldaşı Arifə ağır xəstəlikdən vəfat edib. Bundan sonra Vüqar da 4 uşağına baxmaq, onları saxlamaq üçün bu işindən ayrılıb, evinə qayıdıb.

Səbinə və Xədicə ailənin böyük övladları olub. Ana vəfat edərkən 4 uşaqdan ən balacasının 2, böyüyünün 7 yaşı varmış.

Yaxınları deyir ki, uşaqlar azyaşlı olduğundan Vüqar çox əziyyət çəkib. Elə anasız qalmış övladlara da nənələri Xədicə xala baxıb.

Vüqar Sadıqov ailəsini hazırda fəhləlik etməklə dolandırır. Səbinə ilə Xədicə orta məktəbi bitirəndən sonra ali məktəbə daxil ola bilmədiklərindən işləməyə, atalarının yükünü azaltmağa qərar veriblər. Bacılar Bakıda işləyirmiş. Xədicə, Səbinə və ataları Vüqar Bakıda kirayə ev tutub orada qalırmış. Xədicə “Binə” ticarət mərkəzində satıcı işləyirmiş. Hər şey yaxşı gedirmiş, amma...

Amma bədbəxtlik bu dəfə də necə deyərlər, bacadan girib. Qızların çalışdığı iş yerləri bağlandığından onlar kirayə qaldıqları evi hadisədən iki gün əvvəl - mayın 30-da təhvil verərək əşyalarını götürüb bir müddətliyə Neftçalaya qayıtmağa qərar veriblər. Yeni iş tapsalar, bir daha Bakıya dönmək arzusu ilə...

Ataları Vüqar isə Neftçalaya qızlardan bir neçə gün əvvəl qayıdıbmış. Axı həm də xeyir işə hazırlaşmaq lazım idi. Bir neçə gündən sonra - haradasa iyunun 5-6-da Xədicəyə nişan gətirəcəkmişlər, qızın nişan mərasimi olacaqmış. Amma olmadı...

Bu itkidən sarsılan yaxınları deyir ki, onları yandırıb-yaxan daha bir detal da var. O da Xədicə ilə Səbinənin qəzadan cəmi 10 dəqiqə əvvəl çəkdiyi selfidir. Qızlar rayona qayıdışlarını maşında telefonla çəkərək evdəki balaca bacılarına göndəriblər. 10 dəqiqə sonra isə həmin məşum qəza baş verib. Bu, onların bacılarına son yadigarı, xatirəsi, vida sözümü olub - bunu heç kim heç vaxt bilməyəcək.



Femida.az

Açar sözlər:

Oxunub: 2175