Hamınız paxılsınız!


21:09     24 Fevral 2016 12711145_959675830795342_8639525390170423688_o.jpg


Kimsə deyəndə ki “məndə paxıllıq yoxdur”, “məndə qısqanclıq yoxdur” ay nə bilim, “məndə qəddarlıq yoxdur”, yalan deyir. Çünki Allah insanları bərabər yaradıb.Əgər belədirsə, demək ki, hər kəsin xəmirində yalan, kin, nifrət, qəddarlıq, həyasızlıq və fitnə var.

Necə ki, əslində hamının orqanizmində mövcud olan vərəm çöpləri xəstəliyə çevrilmək üçün münbit şərait axtarır, insan övladının da xisləti bundan ibarətdir. Şəxsiyyətimizin çirkin tərəfləri məhz həmin “münbit” situasiyalarda ortaya çıxır. Məhz o zaman anlayırıq, nə qədər qəddar və təhlükəli olduğumuzu. Hətta bəzən bir insan kimi özümüzdən utanırıq da! Doğrudanmı ən ali varlıq – insan bu qədər vəhşiləşə bilər? Mümkündür. Yetər ki həmin “sarı simlərə” toxunasan...

Münbit situasiya bilirsinizmi nədir?

Eyni gündə, eyni təmizlikdə, eyni saflıqda doğulan iki məsum körpə… Biri varlı ailədə nəcib, alicənab və kübar şəxsiyyət kimi yetişir, digəri əxlaqsız ana və əyyaş ata ilə həyata 1-0 hesabla məğlub başlayır. Sabah o pis şəraitdə yetişmiş “vərəm çöpü” gəlib çantamızdan oğurluq etsə və ya ən yaxşı halda fırıldaqçılıqla özünə həyat qazanmağa çalışsa, heç birimiz onun keçmişi, bu yaşa qədər hansı yollardan keçib gəldiyi ilə maraqlanmayacağıq. Sadəcə günahlandırıb, ittiham edəcəyik.

Məsələn, evində yataq xəstəsi olan uşağa sahib bir ailə götürək. Bacı-qardaşın, atanın, hətta ananın əlindən bezib ölməsini istədiyi bir uşağın yaşadığı ailə. Bütün parçalanmalara rəğmən ayaqda durmağa çalışan bir ailə. Bir ümid işığına həsrətlə alışıb yanan ailə.

Bax, elə burdaca bir məqama toxunmadan keçmək istəmirəm. Yəqin ki çoxunuz “Axı valideyn övladının ölümünü necə arzulaya bilər?” deyə dəhşətlə sual edirsiniz. Elə məndə də dəhşət doğurur... Bu fikir ağlımızda yerləşmiş bir çox təməl fəlsəfələri məhv etmək gücündə bir dəhşətə malikdir. Və bir o qədər də şərhsizdir əslində...

Ancaq şərhsiz olan digər bir tərəf də var: hər gün o evdə yaşanan ailə faciəsi! Heç kimin baxmaq istəmədiyi tərəf. Çünki heç kim özünü o adamın yerinə qoyub həmin bucaqdan baxmağı özünə yaxın buraxmır sanki. Halbuki axına qoşulub rəy bildirmək daha asandır.

Mənə maraqlı gələn basqa bir şey də var. Nə üçün hər hansı bir nailiyyətə, uğura gedən yol mütləq əzablardan, dar və tikanlı yollardan keçir?! Mən hələ bu günə qədər elə bir uğur hekayəsi eşitməmişəm ki, əvvəlində məhrumiyyətlər, çətinliklər, əzablar, itki və qarşıdurmalar yaşanmasın. Hətta bir neçə nəfərə yox, bir ailəyə yox, bütöv bir millətə pislik edən insanlar belə, pislik etdikləri mərtəbəyə əzablarla gəlir.

Mənim beynim haçalanır burda: demək ki təkcə yaxşı insanlar həmin məhrumiyyətlərdən keçmir. Pis insanlar da keçir. Bəs nə üçün yalnız birincilərdə bizə bu sınaq kimi görünür? İkincilər üçün isə “dişi ilə, dırnağı ilə gəldi buralara” deyirik.

Əslində məncə bunun şüüarltı səbəbi imandır. Yəni, biz Allahdan bizə nəsə bir pislik gələcəyini gözləmirik, buna inanmırıq və ehtimal belə vermirik. Ona görə də bütün yaxşılıqları buna bağlayırıq. Pis insanların törətdiklərini isə Allahın adına yazıb, onun adına ləkə gətirmək istəmirik sanki.

Deyirlər, Allahdan yalnız yaxşılıq gələr, pisliyi insan özü qazanır. Hətta mənim pis gördüyüm əslində yaxşı, yaxşı bildiyim isə pis ola bilər. Amma bu, beynimdə dolaşan çoxsaylı suallarımın cavabın tapmağa bəs eləmir. Yəqin bunun səbəbi də imanımın azlığıdı...

Ancaq, təəssüf ki, yenə də nə üçün uğura gedən yolun çətinliklərdən keçdiyi haqqında sualıma cavab tapa bilmədim...

Tək bir istəyim var: utanc hiss ilə, vicdan əzabı ilə yaşamayım. Bunlar çox ağır gəlir mənə. Daşıya bilməməkdən qorxuram... Hərçənd, dinimizdə “Allah öz bəndəsinə daşıya bilməyəcəyi yükü verməz” deyilir...

Türkan Məmmədli

Açar sözlər:

Oxunub: 3332


Oxşar xəbərlər