Məni siz öldürürdünüz!


21:38     25 Fevral 2016 nermin%20d.jpg

İlhamə Quliyeva öldü, onu siz öldürmədiniz, 73 yaşı var idi, qoca və xəstə idi deyə öldü. Allah rəhmət edəcək ya yox, özü bilər. Məsələ çoxdan gündəmdə olub, gözümüzü “mazol” edən xalq artistinin ölməsi deyil əslində, məsələ Azərbaycan jurnalistikasının verdiyi ölüm-qalım savaşıdır.


Təsəvvür edin, bir neçə dəqiqə içində bütün saytlar bu xəbəri yayır və demək olar ki, hamısına gələn ilk şərh eyni olur: “Doğurdan?” Az qala admin “Allah haqqı, İlhamə Quliyeva ölüb” deməyənə qədər də bu şərhlər davam edir.

Sual yaranır:

Azərbaycan xalqı Azərbaycan jurnalistikasına niyə inanmır?


Mənə görə xəstəyə səhv diaqnoz qoymuş həkim nə qədər günhakardırsa, xəbəri hansısa dəqiq mənbəyə, dəqiq fakta əsaslanmadan, “məncə”, “yəqin”, “yaşayarıq görərik” prinsipi ilə yayan jurnalist də bir o qədər günahkardır. Jurnalistikada qeyri-peşəkarlıq sayılan bu hal bir növ həm də peşakarlıq tələb edir. Çünki açıq-aşkar minlərlə adama yalan sırımaq, minlərlə insanın hissləri ilə oynamaq da hər adamın işi deyil. Fikir vermisinizsə bu tipli xəbərlər adətən şou nümayəndələri ilə bağlı olur.

Məncə millət olaraq başqalarının şəxsi həyatı, işi, maddi vəziyyəti haqqında hər şeyi bilmək marağımız dezinformasiya “istehasal edən” jurnalistlər üçün lap göydəndüşmədir. Gündəmin zəif olduğu, saytlara baxış sayının azaldığı vaxtda, qəfil “ölümlər”, “partlayışlar”, “qəzalar”, “vəzifəsindən azad olunmuş məmurlar”, sevgilisinə xəyanət etdiyi üçün başı kəsilmiş qızlar və s. dəqiq olmayan, şifahi xalq ədəbiyyatı nümunələri kimi ağızdan-ağıza keçən xəbərlər gündəliyimizi zəbt edir, enerjimizi məhv edir. Məsələn, bir evdar xanım gündəlik məişət qayğılarından, lap elə məişət işlərindən beş dəqiqə ayrılıb sosiallaşmaq üçün komputer arxasına keçir. Açdığı ilk saytda “Bu xəbrə şok olacaqsınız” başlığını görüb yerini rahatlayır və xəbəri görüb doğrudan da həyatının şokunu yaşayır.

“Sabah qar yağacaq”, “Şok!!!, “Elza Seyidcahan özünə 5000 manata pişik aldı” və bu başlıqlı xəbərin altında 2000 işarəlik bir yazı. Elza xanım xəbəri təzkib edib, deyib ki, pişiyin qiyməti məhz 5000 yox, tutaq ki 4500 manatdır.

Bu tipli qeyri-ciddi, dəqiq olmayan xəbərlər insanlarda dördüncü hakimiyyət olan mediyaya qarşı aqressiya, inamsızlıq yaradır. Təsəvvür edin, bir saatdan sonra güclü zəlzələ olacaq, Seysmoloq bu haqqda mətbuata xəbər ötürür. Dəfələrlə yazdığınız yalanlardan dolayı bu xəbərə inanmayıb evdən çıxmıram. Zəlzələ olur və mən dağıntılar altında qalıb ölürəm. Məni siz öldürürdünüz!

Nərmin Dadaşova
Femida.az

Açar sözlər:

Oxunub: 2598