Fransa Senatından “DQR”-ə sərt reaksiya


14:10     05 İyun 2015 sena.jpg

"Bako Saakyanın Fransaya səfəri Fransa-Azərbaycan əlaqələrində ciddi problemlər yarada biləcək"


Femida.az xəbər verir ki, Ermənistan tərəfindən Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ regionunda yaradılmış qondarma rejimin nümayəndəsi Bako Saakyan və onu müşayiət edən şəxslərin bu il mayın 17-19-da Fransaya səfəri ilə əlaqədar, Fransa Senatı nəzdində fəaliyyət göstərən Fransa-Qafqaz Dostluq Qrupunun sədri senator Andre Reişart tərəfindən Fransanın dövlət qulluğu və desentralizasiya üzrə naziri Mari-Liz Lebranşü və Fransa xarici işlər naziri L.Fabiusa etiraz məktubu ünvanlanıb.

Azərbaycanın Fransadakı səfirliyindən verilən məlumata əsasən, həmin məktubda Bako Saakyanın Fransaya səfəri "ölkə diplomatiyasına toxunan çox ciddi insident" kimi səciyyələndirilib. Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafında yerləşən yeddi rayonu işğal etdiyi, beynəlxalq hüququn prinsiplərinə zidd şəkildə özünü müstəqil elan edərək, "təsisatlar" yaradan qondarma "Dağlıq Qarabağ respublilkası"nın heç bir dövlət tərəfindən tanınmadığı xatırlanıb.

Münaqişənin mürəkkəbliyini nəzərə alaraq, onun həllinin tapılması məqsədilə ATƏT-in Minsk Qrupunun yaradıldığı, Fransanın 3 həmsədrdən biri olduğu və bu səbəbdən Fransanın mövqeyinin regionda xüsusi diqqətlə izlənildiyi qeyd edilib.

Fransanın hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi və erməni işğalına son qoyulmasını istədiyi xatırlanıb, qondarma "Dağlıq Qarabağ respublikası"nını üzdəniraq "prezidenti" Bako Saakyanın Fransaya səfəri və Fransa departamenti və şəhərləri ilə "dostluq və əməkdaşlıq xartiya"ları imzalamasının Fransa-Azərbaycan əlaqələrində ciddi problemlər yarada biləcəyi vurğulanıb.

Senator BMT Təhlükəsizlik Şurasının münaqişəyə dair qəbul etdiyi 4 qətnaməsi və bu qətnamələrin tələblərinə istinad edərək orada əks olunmuş tələblərin indiyə qədər yerinə yetirilmədiyini xatırladıb. Hazırda Avropanın Krımın ilhaqı əleyhinə səfərbər olduğu bir vaxtda Azərbaycan torpaqları ilə bağlı da eyni münasibətin gözlənildiyi vurğulanıb.

Fransa-Qafqaz dostluq qrupunun sədri həmçinin vurğulayıb ki, Fransa ATƏT-in Minsk Qrupunun həmsədri qismində münaqişənin həllinə və Azərbaycanın ərazi bütövlüyünün bərpasına töhfə verməli və "fait accompli" vəziyyətin lehinə atılan bu cür hərəkətləri dəstəkləməməlidir.

Senator Reyşart daha sonra nazirdən bu hərəkətləri pisləməyə çağırıb və onların leqallığının yoxlanılmasını istəyib.

Sonda məktubda, Fransa-Azərbaycan əlaqələrinin yüksək səviyyədə inkişaf etdiyi və hər iki ölkə başçısının region və şəhərlərarası əməkdaşlığı dərinləşdirməyi qərara aldığı bir vaxtda bu əlaqələrin sual altına qoyulmasının təəssüf doğurduğu bildirilib, nazirdən məsələ ilə bağlı atacağı addımlar sorğu edilib.

Açar sözlər:

Oxunub: 769