“Azərbaycan xalqı kişi axtarır” – Hafiz Hacıyev


15:16     05 İyun 2015 503125_419499.jpg

“Azərbaycan xalqı satqınlardan bezib, Azərbaycan xalqı kişi axtarır. Onun da bir kişisi var, o da Hafiz Hacıyevdir.”

Bu sözləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Azərbaycan Xalq Cəbhəsi Partiyasının Sumqayıt şəhər şöbəsinin üzvü Məsmalı Qasımzadənin partiyadan istefası ilə bağlı danışarkən deyib. Son günlər AXCP və Müsavat Partiyalarındakı istefalara da toxunan Hafiz Hacıyev bunu həmin partiyaların ideologiyasının olmaması ilə əlaqələndiridi.

“Azərbaycanda vəziyyət elədir ki, bəzi “ağıllı” insanlar hansı partiyada gələcəyi görmürlərsə, oradan uzaqlaşırlar. Bu gün kimi isə partiyada zorla saxlamaq mümkün deyil. O dövr çoxdan keçib. Reallığı sevən insanlar var ki, o qüvvələr artıq partiyalarını mobil şəkildə təşkilatlanmaq istəyirlər. 10-15 ildir nə AXCP, nə də keçmişdə qalan Müsavat partiyasının üzvləri bu partiyaların ideologiyası olmadığını görür.

Bir il öncədən demişdim ki, Müsavat Partiyası dağılacaq və dağıldı da. Artıq AXCP-də də bu proses başlayıb. Xalq həqiqət axtarır. Həqiqətin özü isə deyəsən, məndən başqa heç kimdə deyil. Bilirsiniz ki, bu gün Azərbaycan hakimiyyətində də satqın qüvvələr ortaya çıxıb. Artıq heç kim öz cildini, öz simasını gizlədə bilmir. O cümlədən, Xalq Cəbhəsində hansı oyunlar gedir, onlar özləri yaxşı bilir. Orada gedən oyunların hamısı bizə çatdırılır.

Xalq Cəbhəsi, Müsavat Partiyası bu millətə satqınlıq edib. Hər halda onlar nəsə etmək istəyirlər. Ancaq alınmayacaq. Nə qədər Hafiz Hacıyev Azərbaycanda var, heç bir şey edə bilməyəcəklər. Onlara çağırışım da var: hamısı mənim ərafımda birləşsinlər, mənimlə bir yerdə olsunlar ki, onları hakimiyyətə aparım. Ona görə ki, Azərbaycan xalqı satqınlardan bezib, Azərbaycan xalqı kişi axtarır. Onun da bir kişisi var, o da Hafiz Hacıyevdir. O, nə lazımdır, edir”.

Hafiz Hacıyev onu hədələyənlərdən qorxmadığını da bildirdi:

“Əlbəttə ki, hakimiyyət daxilində Əli Kərimov simasında olan insanlar var. Ona görə də hamısı ilə bir-bir mübarizə aparıram. Təbii ki, məni hədələyirlər, qorxudurlar. Onların komaların başlarına uçurub dağıdıram. İstər hakimiyyətdə olsun, istər xarici kəşfiyyatın Azərbaycanda dəstəklədiyi partiyaları olsun. Nə qədər ki, Azərbaycanda mən varam o satqın qüvvələri heç bir təsiri olmayacaq”.

Şahverdi Şirinli
Femida.az

Açar sözlər:

Oxunub: 1915