İki nəhəng birja birləşir


14:31     28 Fevral 2016 birja.jpg

Avropanın iki mühüm birjası birləşmə haqqında razılığa gəlib. Fevralın 26-da elan edilib ki, Londonda (“London Stock Exchange, LSE Group”) və Frankfurtdakı meydançalar (“Deutsche Börse Group”) qiymətli kağızlar və derivativlərlə ticarət üzrə vahid şirkət yaradırlar. Yeni şirkət Britaniya qanunları ilə təşkil olunur. O, məhdud məsuliyyətli açıq ictimai şirkət (Plc) kimi fəaliyyət göstərəcək. Amma bu, antiinhisar idarələrinin sövdəni təsdiqləməsindən sonra baş tutacaq.


Yeni şirkətin həm Londonda, həm də Frankfurtda olmaqla iki qərargahı fəaliyyət göstərəcək. Direktorlar Şurasına Donald Braydon rəhbərlik edəcək. Hazırda o, analoji “LSE” şirkətində eyni vəzifəni tutur. Yeni şirkətin baş direktoru “Deutsche Börse Group”un hazırkı rəhbəri Karsten Kenqeter olmalıdır. Digər rəhbər vəzifələrin bölüşdürülməsi də Britaniya və Almaniya arasında paritetin gözlənildiyini sübut edir.

Sövdənin britaniyalı əleyhdarları iddia edirlər ki, operativ rəhbərliyin alman birja operatoruna verilməsi faktiki olaraq “LSE”nin “həzm edilməsi” deməkdir. Çünki “Deutsche Börse”nin səhmdarları yeni şirkətin kapitalının 54,4 faizini əldə etməlidir. Frankfurtda isə qərarların London ofisində – holdinqin hüquqi ünvanında qəbul edilməsindən ehtiyatlanırlar. Əleyhdarlar hesab edir ki, bu, Almaniyanın Mayn çayı üzərindəki maliyyə paytaxtının mövqelərini zəiflədə, bir çox adamları işsiz qoya bilər.

Açar sözlər:

Oxunub: 1329