“JEK”-lər niyə var? - ARAŞDIRMA


15:43     05 İyun 2015 mənzil%20ist.jpg

“JEK”-lər – “Nə büdcəyə xeyiri var, nə də əhaliyə normal xidmət göstərə bilir.”


“Mənzil İstismar Sahələri çoxdan ləğv olunmalı idi. Bu SSRİ-dan qalma bir sistem idi və dünya ölkələrinin heç birində belə bir təcrübə yoxdur.”

Azərbaycanda "JEK” kimi tanınan Mənzil-İstismar Sahələrinin bugünkü fəaliyyəti cəmiyyəti heç də qane etmir. Şəhər əhalisinin böyük bir qismi onların fəaliyyətindən narazıdır. Mənzil İstismar Sahələrinin fəaliyyətindən narazı olan ailələrin şikayətləndiyi ən böyük problemlər isə binadaxili həyətlərin, blokların təmizliyinin təmin olunmaması və mənzildə baş verən kommunal problemlərin həllində operativ tədbirlərin gecikməsidir.



Bəs əslində Mənzil-İstismar Sahələri hansı funksiyanı yerinə yetirir və onların mövcud olmasının əhəmiyyəti nədən ibarətdir?

Femida.az sualları cavablandırmaq üçün iqtisadçı ekspert Natiq Cəfərli ilə əlaqə saxladı. Natiq Cəfərlinin sözlərinə görə, çox yaxşı olardı ki, mənzil kommunal təsərrüfatı dövlət tərəfindən deyil, xüsusi şirkətlər tərəfindən təşkil edilən bir xidmət olardı.



Natiq Cəfərli:

“Əslində qanunvericilikdə bir neçə il bundan əvvəl müəyyən dəyişiklik oldu. Qəbul edilən qanunda mənzil kommunal təsərrüfatlarının ümumiyyətlə yenidən qurulması ilə bağlı bir maddə var. Qərarın yerinə yetirilməsi üçün baza və struktur yaradılmalı idi. Burada Rusiya təccrübəsi əsas götürülmüşdü. Qanuna əsasən mənzil təsərrüfat işləri ilə məşğul olan xüsusi kompaniyalar və firmalar yaradılmalı idi. Həmin kompaniya və firmalar bina ilə birbaşa xidməti müqavilələr bağlayaraq fəaliyyət göstərməli idilər. Amma çox təəssüf ki, bu sistem Azərbaycanda oturuşa bilmədi. Məsələ öz həllini tapmadı və hələ də Mənzil İstismar Sahələri qanunla birbaşa tabe olmasa da, müvəqqəti olaraq müvafiq icra hakimiyyətlərinin bir strukturu kimi fəaliyyət göstərir. Əslində belə bir sistemin tətbiq olunması üçün baza hələ ki sonuna qədər işlənib hazırlanmayıb. Amma çox yaxşı olardı ki, mənzil kommunal təsərrüfatı dövlət tərəfindən deyil, xüsusi şirkətlər tərəfindən təşkil edilən bir xidmət olardı. Bununla da rəqabətli mühit formalaşardı.“

Bəs mənzildə kommunal problemlər, məsələn su axıdılması baş verdikdə hansı idarə məsuliyyət daşıyır?

Natiq Cəfərli:

“Əvvəlki qanunvericilikdə Mənzil İstismar Sahələrinin bununla bağlı müəyyən öhdəlikləri vardı. Binanın üst fasadı, yəni dam örtüyündən Mənzil İnstismar Sahələri məsuliyyət daşıyırdı. İnkişaf etmiş ölkələrdə isə fərqlidir. Həmin ölkələrdə belə bir hadisə baş verdikdə bələdiyyələr fəaliyyətə keçirlər. Əslində bir sakinin digər sakinin evinə məsuliyyətsizlikdən və ya müxtəlif səbəblərdən su axıdılıbsa bu məhkəmə yolu ilə həll olunur. Məhkəmənin qərarı ilə ya günahkar şəxs, ya da siğorta şirkətləri tərəfindən zərərçəkmiş şəxsə kompensasiya ödənilir. Siğorta olunmuş mənzillərdə bütün ödənişlər siğorta şirkətləri tərəfindən ödənilməlidir. Azərbaycanda bu sahədə təcrübə təəssüf ki,çox zəifdir. Sığorta şirkətləri də bu bazarda hələ son zamanlar fəaliyyət göstərirlər.”

Femida.az hüquqşünas Ələkbər Ağasıyevlə də əlaqə saxladı. Əkbər Ağasıyevin sözlərinə görə, bir sakinin digər sakinin evinə məsuliyyətsizlikdən və ya müxtəlif səbəblərdən su axıdılıbsa, Mənzil İstismar İdarəsinin əməkdaşları dərhal hadisə baş verən yerə baş çəkib akt tərtib edirlər.

Əkbər Ağasıyev:

“Mənzil İstismar İdarəsinin əməkdaşları baş verən hadisəni qeydiyyata alır, akt tərtib edirlər. Gələcəkdə məhkəməyə müraciət edərkən hadisəni sübut etmək üçün həmin aktın tərtibi böyük əhəmiyyət kəsb edir və bu rəsmi sübutdur. Əgər problem həll edilməsə, o zaman vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək olar”.

“Hazırda Bələdiyyələr və Mənzil İstismar Sahələri öhdələrinə düşəcək işləri bir birilərinin üzərinə atırlar“ – deyən Natiq Cəfərli aşağıdakı fikirləri söylədi:



“Əslində Mənzil İstismar Sahələrinin yerinə yetirdiyi funksiyalarda da bir qeyri-müəyyənlik var. Bələdiyyələr haqqında qanun təsdiq olunarkən bir neçə vəzifə oldu ki, onlar həm Mənzil İstismar Sahələri həm də bələdiyyələrin paralel səlahiyyətlərinə verildi. Məsələn, təmizlik işləri həm bələdiyyələrin, həm də Mənzil İstismar Sahələrinin səlahiyyətinə aiddir. Buna görə də, hazırda bələdiyyələr və Mənzil İstismar Sahələri öhdələrinə düşəcək işləri bir birilərinin üzərinə atırlar. Nəticədə yaranan ikitirəlik görülən işlərin effektivliyinə mənfi təsir göstərir. Göründüyü kimi burada da bir qeyri-müəyyənlik var və müəyyən düzəlişlərə ehtiyac duyulur.”
Hazırda Mənzil İstismar Sahələrinin fəaliyyətinə ehtiyac var, yoxsa formal qurum xarakteri daşıyır?

Natiq Cəfərli:

“Məncə, Mənzil İstismar Sahələri çoxdan ləğv olunmalı idi. Bu SSRİ-dan qalma bir sistem idi və effektivliyi çox aşağı idi. Son illərin təcrübəsi göstərdi ki, Mənzil İstismar Sahələrinin fəaliyyəti problemə heç də uğurlu bir yanaşma metodu deyil. Düşünürəm ki, Mənzil İstismar Sahələri tamamilə ləğv olunmalıdır. Bəs çıxış yolu kimi mənzil kommunal təsərrüfatlarında hansı sistem tətbiq olunmalıdır?

Natiq Cəfərli:

“Onun səlahiyyətləri ya bələdiyyələrə, ya da ki kiçik şirkətlərə həvalə edilməlidir. Həmin şirkətlərin birbaşa bina sakinləri ilə müqavilə imzalayaraq Mənzil İstismar Sahələrinin səlahiyətlərini həyata keçirməlidirlər. Bununla da bu sahədə bir rəqabətli mühit yaranardı. Düşünürəm ki, səlahiyyət bölgüsünün tamamilə həll edilməsindən sonra bu sahədə böyük uğurlar əldə edə bilərik. Dediyim kimi onlarla belə şirkətlər açılması həm yeni iş yerlərinin yaradılmasına, həm də büdcəyə əlavə verginin daxil olmasına gətirib çıxarar. Lakin Mənzil İstismar Sahələrinin nə büdcəyə xeyiri var, nə də əhaliyə normal xidmət göstərə bilir.”

“Təkcə ev pulu yığmaqla hər şey həllini tapmır” – deyə hüquqşünas Anar Qasımlı münasibət bildirdi.

Anar Qasımlı:

“Əslində “JEK” kimi tanıdığımız Mənzil İstismar Sahələri çox zəruri orqanlardır, amma təəssüf ki, öz funksiyasını yerinə yetirə bilmir.Təkcə ev pulu yığmaqla hər şey həllini tapmır, yığdıqları pulun qarşılığında vətəndaşıara xidmət də göstərmək lazımdır. Yaxşı olardı ki, Mənzil İstismar Sahələri ləğv olunardı və onun səlahiyyətləri tamamilə bələdiyyələrə həvalə edilərdi. Uzun müddətdir ki, Milli Məclisdə də belə bir qanun layihəsinin hazırlanması ətrafında da müzakirələr gedir.”
Femida.az Mənzil İstismar Sahələrinin fəaliyyəti ilə bağlı əhalinin də fikrini öyrənib. Keçirdiyimiz sorğuda əhalinin əksəriyyəti Mənzil İstismar Sahələrinin fəaliyyətindən razı olmasa da, Yaşar Hüseynov adlı sakin onların fəaliyyətindən razı idi. Onun sözlərinə görə, Mənzil İstismar Sahələrinin mövcud olması müsbət bir haldır və dar məqamda insanların köməyinə gəlirlər.

Yaşar Hüseynov:

“Başqa ölkələrdə “JEK” lər fəaliyyət göstərməsə də, bu qurumun hələ də mövcud olması müsbət bir haldır. Əslində aylıq az miqdarda ödəniş etməyimizə baxmayaraq, hər hansısa bir kommunal problemimiz olduqda ilk köməyimizə gələn “JEK” işçiləri olur. İnsanlar nə qədər qəbul etməsə belə onların fəaliyyətini görməzlikdən gəlmək olmaz. Bəzən olur ki, kanalizasiya sistemində və yaxud da borularda problem yarandıqda dərhal “JEK” işçilərinə müraciət edirik.”

Femida.az mövzu ilə bağlı araşdırmalarını davam etdirəcək....

Ceyhun Əhmədli

Femida.az

Açar sözlər:

Oxunub: 3225


Oxşar xəbərlər