Xaçmazda korrupsiya əleyhinə tədbir - Fotolar


15:56     05 İyun 2015 11422952_979282808783223_1651224229_o5.jpg

Rəfail Becanov: “Vətəndaş fəallığı korrupsiya ilə mübarizədə ən vacib məqamdır”

İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə korrupsiya əleyhinə “Korrupsiyasız gələcək:Vətəndaş fəallığının artırılması və antikorrupsiya tədbirlərinin təşkili” layihəsinin növbəti ictimai forumu Xaçmazda keçirilib.

Femida.az xəbər verir ki, “Korrupsiyasız gələcək: Şəffaf cəmiyyətin formalaşmasında vətəndaş fəallığı” mövzusunda keçirilən ictimai forumda QHT və bələdiyyə nümayəndələri, müxtəlif idarə və müəssisələrin işçiləri, gənclər, ictimai fəallar iştirak edib.
Tədbiri giriş sözü ilə Xaçmaz rayon İcra Hakimiyyəti ictimai-siyasi və humanitar məsələlər şöbəsinin aparıcı məsləhətçisi Ceyhun Musayev açaraq, rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevin adından tədbirə uğur arzulayıb. O, tədbirin əhəmiyyətini xüsusi qeyd edərək, Xaçmaz rayonunda ictimai fəallığın yüksək olduğunu və rayon əhalisinin hər zaman dövlət siyasətinə dəstək verdiyini bildirib.

Sonra layihənin rəhbəri, İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin sədri Rəfail Becanov layihə haqqında tədbir iştirakçılarına məlumat verib. O, bildirib ki, layihəmiz ölkədə vətəndaş fəallığının artırılmasını əsas prioritet hesab edir: Vətəndaş fəallığı korrupsiya ilə mübarizədə ən vacib məqamdır. Bununla vətəndaşlar cənab prezidentin siyasətinə dəstək vermiş olurlar. Prezident Ilham Əliyev öz çıxışında bildirir ki, ictimai fəallıq yüksək olmalıdır, bir adam - Prezident, yaxud da ki, rəhbər işçilər hər bir sahəni daim diqqət mərkəzində saxlaya bilməz. Ona görə, bəzi hallarda qanunsuzluqlar, qanun pozuntuları, sosial ədalətin pozulması halları baş verir. Bu, bizi çox üzür. Biz buna yol verə bilmərik. Bunun qarşısını almaq üçün mütləq çox güclü ictimai nəzarət olmalıdır:

“Bu gün ölkəmizdə korrupsiya və rüşvətə qarşı barışmaz bir münasibət formalaşır. Çox təqdirəlayiq haldır. Biz də hesab edirik ki, ictimai nəzarət təmin olunmalıdır və bu fəallıqda əsas yük ictimaiyyətin üzərinə düşür. Ona görə də korrupsiyaya, rüşvətə qarşı mübarizə birgə mübarizə aparmaqla, prezidentin şəffaf cəmiyyətin formalaşması siyasətinə dəstək verilməlidir. Hamıya aydındır ki, korrupsiya bir ölkənin, bir cəmiyyətin problemi deyil. Əslində ən demokratik hesab etdiyimiz ölkələrdə də, inkişaf etmiş cəmiyyətlərdə də bu problemdən əziyyət çəkirlər. Amma buna qarşı mübarizə varsa, dövlət buna qarşı prinsipial mübarizə aparırsa, deməli nəticələrə inanmalıyıq. Ölkəmizdə korrupsiyanın qarşısının tam şəkildə alınması üçün mübarizə aparılır”.

Layihə rəhbəri daha sonra bildirib ki, cəmiyyətin fəallaşması çox vacibdir. Layihəmizin əsas məqsədi budur. Hesab edirik ki, bu forumların nəticəsi olacaq və insanlarımızım iradəsinin, fəallığının şahidi olacağıq. Bizim sosial şəbəkələrdə, xüsusən “Facebook” sosial şəbəkəsində fəaliyyət göstərən “Açıq Hökumət” qrupunda təşkil etdiyimiz ictimai müzakirələr də bu fəallığı təsdiqləyir. İnsanlar öz fikirlərini, təkliflərini, rastlaşdıqları korrupsiya və rüşvət faktlarını ictimai müzakirəyə çıxarırlar.

Sonra layihənin ekspertlər şurasının üzvü, hüquqşünas Mehman Muradlı geniş məruzə ilə çıxış edib. O, tədbir iştirakçılarına qəbul olunan qanunlar, korrupsiya ilə mübarizə üçün hazırlanan Milli Fəaliyyət Planı ilə bağlı geniş məlumat verib:“Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planının təsdiq olunması, icrası (Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı) göstərir ki, bu prosesin həyata keçirilməsi dövlətin iradəsidir. Əhaliyə göstərilən elektron xidmətlərin sayının artırılması, onlayn müraciətlərin çoxalması məmur-vətəndaş münasibətlərinin azaldılmasına xidmət edir. Bu proses Milli Fəaliyyət Planından irəli gələn məsələdir və hesab edirik ki, yaxın zamanlarda əksər xidmətlər elektronlaşdırılacaq. Elektron xidmətlərdən son statistikaya görə 1 milyon 500 insan istifadə edib. Bu da öz növbəsində korrupsiya və rüşvətlə mübarizənin bir formasıdır”.

Layihənin ekspertlər şurasının üzvü, Əlil Qadınlar Təşkilatı Sumqayıt şöbəsinin sədri, layihənin sosial şəbəkə qrupunun rəhbəri Səbinə Kərimova korrupsiya və rüşvətin cəmiyyətdə yaratdığı psixoloji problemlərlə bağlı çıxış edib. O, bildirib ki, korrupsiya və rüşvət gənc nəslin tərbiyəsinə mənfi təsir edir:

”Bizim məqsədimiz ictimai fəallığı artırmaqla cəmiyyətdə bu problemlə mübarizənin genişləndirilməsidir. Hər birimiz fəal olmalıyıq. Rastlaşdığımız korrupsiya, rüşvət faktını dərhal ictimailəşdirməliyik. Ona görə ki, bu kimi neqativ hallar gənclərin gələcəyinə mənfi təsir edir. Hesab edirik ki, biz prinsipiallıq göstərməsək, cəmiyyətimizdə mənfi təzahürlər daha da çoxalacaq, intiharlar, narkotiklərə meyl artacaq. Hər birimiz fəal olmaqla, bu prosesdə dövlətə dəstək versək, çox tezliklə nəticə əldə ediləcək və Azərbaycan korrupsiyanın olmadığı, şəffaf cəmiyyətin formalaşdığı bir bir ölkəyə çevriləcək”.

Sonra Femida.az” saytının redaktoru, jurnalist Günay Arda çıxış etdi. O bildirdi ki, heç kim demir ki, ölkəmizdə korrupsiya və ya rüşvət yoxdur. Amma korrupsiya və rüşvətlə mübarizə aparılır, dövlətin mübarizə strategiyası var. Tədbir iştirakçılarının münasibətini gördükdə hesab edirik ki, sizlər bu və ya digər formada rayonun aktiv təbəqəsisiz. Bu da ictimai müqavimətin olacağını, insanların bu mübarizədə dövlət siyasətinə dəstək verəcəyini göstərir. Sizin fəallığınız bizdə ümid yaradır ki, yaxın vaxtlarda belə mövzuları bir daha müzakirə etməyəcəyik. Ölkəmiz açıq cəmiyyətin tam formalaşdığı bir ölkəyə çevriləcək.

Daha sonra digər tədbir iştirakçıları çıxış ediblər. Çıxışçılar tədbirin əhəmiyyətindən, korrupsiyaya qarşı aparılan mübarizə haqqında öz fikirlərini bildiriblər.

Femida.az



Açar sözlər:

Oxunub: 854