24 ildən sonra görüşən qonşular - Ukraynalı pilot Gəncədə (VİDEO)


13:35     01 Mart 2016 dostlar;8.jpg

Xocalı soyqırımının ilk şahidi, jurnalistləri qətliam ərazisinə aparmış ukraynalı pilot Leonid Kraveç düz 24 il sonra Gəncəyə səfər edib. Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadovun rəhbərliyi ilə təşkil edilən səfərdən reportajı təqdim edirik...


Uzun yolun başlanğıcı…

Nümayəndə heyəti uzun yoldan sonra Gəncəyə çatır. Tarixi Gəncə darvazalarının girişində bizi Gəncə şəhər icra başçısının göstərişi ilə müşayiətə gələn polis işçiləri qarşılayır. Artıq qədim şəhərin öz qonaqpərvərliyi hiss olunurdu. Gəncəyə çatar-çatmaz qonağın və onun həyat yoldaşı Alla Kreveçin gözündə bir sevinc göz yaşı görünürdü. Qədim Gəncəyə ayaq basdığımız an ilk səfərimiz böyük Nizami Gəncəvi məqbərəsi idi. Qonaqlara Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında məlumatdan sonra xatirə şəkili ilə böyük ustadın məzarının ziyarəti sona çatır…

Elə bu vaxt qonaqların diqqətini yeni tikilmiş möhtəşəm bir bina və yaşıllıq çəkdi. Leonid Kraveç bu tikilinin nə olduğu barədə maraqlanır. Bura Heydər Əliyev adına muzeydir. Muzeyin girişində qonaqları muzey işçisi qarşılayır və bizi səyahətə dəvət edir. Muzeyi maraqla seyr edən Leonid Kraveç sonda ürək sözlərini qonaqlar üçün kitaba həkk edir…






Yolumuz uzaq, işimizsə çox olduğu üçün nümayəndə heyəti tələsir. Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadovun səfərin belə uğurla başlanmasından məmnun görünürdü. Axı o bir vətəndaş kimi çox böyük bir yükün altına girmişdi və Xocalıya ədalət üçün böyük əmək sərf etmişdi ...





Gəncə polisinin müşayiəti ilə Azərbaycanın ən böyük parkı olan Heydər Əliyev adına Gəncə şəhər parkına çatdıq. Parkda aparılan abadlıq və yenidən qurma işləri insanı bu böyük parkı gəzməyə məcbur edir. Qonaqlar da yeni qurulan parkın gözəlliyindən danışa-danışa icra başçısının görüşünə tələsirdi. Artıq yolun xeyli hissəsini gəlmişik. Qarşıda möhtəşəm bir tikili, Heydər Əliyev Mərkəzi görünür.





Gəncə şəhər icra başçısı Elmar Vəliyev qonaqları səmimi münasibətlə qarşılayır. İcra başçısı da bu gün bu görüşdən məmnun görünürdü və istər qonaqlarla, istərsə də jurnalistlərlə çox səmimi idi. Artıq nahar vaxtıdır. Bizi hələ qarşıda daha maraqlı hadisələr gözləyirdi...





24 il sonra yenidən hərbi hissədə...

Leonid Kraveç və həyat yoldaşı yaşadıqları mənzilə, qonşuları ilə görüşə can atırlar… Bu onun Gəncə səfərinin əsas məqsədi idi.

Yolumuz pilotun havaya qalxdığı hərbi hissəyədir. Bu səfər həm Leonid Kraveçdə, həm də nümayəndə heyyətində böyük həyəcana səbəb oldu. Çünki hərbi hissədəyik. Orada bizi necə qarşılayacaqlarından və digər hadisələrdən heç kəs məlumatlı deyildi...Çınqıllı yollardan sonra böyük bir əraziyə çatdıq.Yolun sağında və solundan hərbi texnika görünür. Artıq hərbi hissəyə yaxınlaşırdıq. Leonid Kraveç gözlənilmədən, “ Mən xatırladım, buradır” deyə qışqırmağa başladı. Onun sərt və mənalı baxışları yola zillənmişdi. Artıq o 24 ildən sonra xidmət etdiyi hərbi hissədə idi. Yəqin ki, onun hansı hissləri keçirdiyini anlamaq başa düşüləndir.






Maşından enib, piyada addımlayırıq. Leonid Kraveç danışmadan, iri addımlarla irəliləyir. O susqunluqla özünü bir anlıq o illərdə hiss edirdi. Ətrafda isə xarabalığa çevrilmiş hərbi hissənin qalıqları və köhnə texnikaların hissələri var...

Leonid Kraveç bu mənzərəyə baxıb, fikrə dalır. O sanki, 1992-ci ilin fevralın 27- də Xocalıda gördüyü dəhşətləri xatırlayırdı. Artıq danışmağa sözü də yox idi. “Bu gün hər şey 24 il əvvəlki kimidir. Təkcə havadan başqa...” Bu sözləri Leonid Kraveç deyir. Həqiqətən bu gün hava 24 il əvvəlki fevraldan fərqli olaraq günəşli və isti idi.

Hərbi hissədən böyük nostalji hisslərlə ayrılan qonaqlar İcra Başçısının təşkil etdiyi ziyafətə yollanır...

Gəncənin geniş və gözəl təmirli küçələrindən keçib, özündə kənd həyatının bütün dərinliklərini əks etdirən məkana çatırıq. Burada da insanların isti münasibəti və Leonid Kraveçə zillənən baxışlar diqqətimdən qaçmadı.

24 ildən sonra görüşən qonşular...

Dadlı yeməklərdən dadandan sonra səfərimizi davam edirik. Gedəcəyimiz məkan daha çox insanı kövrəldən və nostalji hisslərə qapanmağa vadar edən bir yerdir. Leonid Kraveç və həyat yoldaşı 24 il sonran yaşadıqları mənzilə çatırlar. İlk olaraq onlar illər əvvəl yaşadıqları mənzilə həsədlə baxırlar. Burada onları çoxlu xatirələr və hisslər gözləyirdi. Artıq o arzusuna çatmışdı. 24 il əvvəl yaşadığı məhləyə və qonşularına qovuşmuşdu. Onların burada qarşılaşdığı film kimi olayları kameralarımızın yaddaşına həkk etdik.Çünki bu hissləri görüntüsüz ifadə etmək mümkün deyil.






Bu möhtəşəm görüşdən sonra biz yolumuza davam etməliyik.Qarşıda bizi hələ bir neçə səfər edəcəyimiz məkan gözləyirdi.

Növbəti ünvanımız şəhər icra hakimiyyətinin əməkdaşları və Mədəniyyət İdarəsinin rəhbər şəxslərinin müşayətilə Məhsəti Gəncəvi muzeyinədir.

Mədəniyyət və Turizm İdarəsinin müdiri Sənan Hacıyev burada ukraynalı qonaqlara Gəncə şəhər İcra Hakimiyyəti adından müxtəlif hadiyyələr, Gəncənin və Azərbaycanın tarixini, simvollarını əks etdirən müxtəlif suvenirlər və kitablar təqdim etdi. Alla Kraveç bu isti qarşılanmadan təsirləndiyini gizlətmədi:





-Biz azərbaycanlıların qonaqpərvərliyinə bələdik. Siz dogrudan da başqalarından seçilirsiniz. Qonağı həmişə əziz tutursunuz.

Burada bütün muzey kollektivi qonaqların razı qalmaları üçün əllərindən gələni edirdi. Mən bir azərbaycanlı kimi belə qonaqvərpər vətəndaşlarımızı və məmurlarımızı gördükcə fərəh hissi keçirirdim. Bunu qonaqların dilindən eşitdikcə xoşbəxtliyimin miqyası daha da böyüyürdü.






Möhtəşəm muzeyi ziyarətdən sonra yeni təmirdən çıxmış Gəncə Şəhər parkına yollandıq. Bura sanki, İstanbuldur. İlk keçirdiyim hiss bu oldu. Qonaqlar Gəncənin belə sürətlə inkişafından və bununla yanaşı tarixiliyini qorumağından söz açırdı.Artıq səfərimizin sonuna yetişirik. Leonid Kraveçin 24 il əvvəl gördüyü Gəncə 24 il sonra onu yenidən yola salırdı. Ancaq bu görüş onun dediyi kimi son görüş olmaması arzusu ilə biz qədim və tarixi şəhərimizlə sağollaşıb paytaxta yola düşürük. Leonid Kraveç bizi paytaxta aparan maşına çatan kimi üzünü arxadan gələn jurnalistlərə tutub dedi:

-Uşaqlar tələsin, vaxtımız azdır.

Beləliklə, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadovun rəhbərliyi ilə təşkil edilən Gəncə səfərində mən Leonid Kraveçin maraqlı həyatının illəri ilə tanış olmaqla yanaşı, çox dəyərli insanlarla da tanış oldum.





Miri Məcidli
Montaj Şahverdi Şirinli
Bakı-Gəncə-Bakı
Femida.az

Açar sözlər: #Xocalı   #Soyqırım   #Pilot   #Reportaj  

Oxunub: 32536