“Vəkillər müstəntiqlə əməkdaşlıq edir” – Tanınmış vəkillə müsahibə (ÖZƏL)


13:42     02 Mart 2016 anar%20q%20esas.jpg


Femida.az-ın növbəti müsahibi tanınmış vəkil Anar Qasımlıdır. Müsahibədə vəkil son dövrlərin aktual mövzuları, vəkillik sahəsindəki problemlər və s. bu kimi mühüm məqamlar ətrafında fikir bildirib.

- Anar bəy, ölkənin tanınmış vəkillərindən birisiniz. Sizin fikrinizcə, vəkillik sahəsinin inkişafına ən çox nə mane olur?

- Fikrimcə, bu sahədə ən ciddi problem vəkillərin öz peşələrinə hörmət göstərməmələri ilə bağlıdır. Çoxları deyir ki, Azərbaycanda vəkillik sahəsində ciddi problemlər var. Düşünürəm ki, bunun əsas səbəbkarları biz vəkillərik. Günün ən aktual problemlərindən biri vəkillərin istintaqla əməkdaşlıq etmələridir. Yəni bəzi vəkillər müstəntiqin verdiyi istintaq sənədlərinə müəyyən məbləğ qarşılığında imza atırlar. Bu, insanın öz sənətini ayaqlarının altına atması deməkdir. Bu hal vəkilliyi nüfuzan salan hərəkətdir. Sözsüz ki, belə hallar olmasa, vəkillik sahəsi ciddi şəkildə təşkilatlanmış bir instituta çevrilə bilər.

- Azərbaycanda vəkillər niyə az qazanır?

- Ölkədə məhkəmə sistemi düzgün işləyərsə, vəkillər də yüksək məbləğdə qonorar əldə edə bilər. Çünki vəkil öz işinə qarant dura bilmir. Müştərini isə işin nəticəsi maraqlandırır. Vəkil isə müştəriyə qarant verməlidir. Lakin o qarantı bu gün heç bir vəkil verə bilmir. Çünki məhkəmələr bəzi hallarda yanlış qərar qəbul edirlər. Bir sözlə, vəkil məhkəmə sisteminə bələd olmalıdır. Belə olduğu təqdirdə, peşəkar vəkil öz işinə qarant verər və nəticədə, yüksək qanorar əldə edə bilər.



- 10 milyona yaxın vətəndaş var, vəkillərin sayı isə mini keçmir. Bu nədən xəbər verir?

- Azərbaycanda vəkillik sənətinə maraq həmişə zəif olub. Son zamanlar bu sahəyə maraq artmaqdadır. Hüquq sahəsində təhsil alan birindən gələcəkdə hansı sahədə çalışmaq istədiyini soruşsanızz, o ya məhkəmə sədri, ya da prokuror olmaq istədiyini deyər. Bu məsələnin bir tərəfidir. Digər tərəfdən vəkilliyə qəbulla bağlı çox ciddi problemlər var. Belə ki, vəkil olmaq üçün 3 il staj tələb olunur. Prokurorluqda, polis orqanlarında müstəntiq olmaq üçün isə staj tələb olunmur. Bu isə son nəticədə gənc hüquqşünasların vəkil olmasına maneçilik törədir. Hesab edirəm ki, 3 illik staj tələbi gənc hüquqşünasların bu sahəyə gəlməsinə mane olur. Bu staj müddəti aradan qaldırılsa, vəkillik sahəsinə də maraq artar və xeyli sayda vəkillər yetişər.

- Sosial şəbəkələrdə yayılan və polisin qadına qarşı zorakılığını əks etdirən videodan yəqin ki, xəbərdarsınız. Həmin videoda polisə haqq qazandırmaq olarmı?

- Həmin videoya mən də baxmışam və heç bir tərəfin davranışını adekvat davranış kimi qəbul etmirəm. Əvvəlcə qeyd edim ki, polis əməkdaşının vətəndaşa qarşı həmin tərzdə davranması qəbuledilməz haldır. Polisin bu hərəkəti etik davranış kodekslərini aşan davranışdır. Lakin hadisənin nədən qaynaqlandığını hələ dəqiq şəkildə bilmirik. Ona görə də kimin haqlı, kimin haqsız olduğunu əvvəlcədən demək çox çətindir. Həmin videoda nə vətəndaşın, nə də polis əməkdaşının davranşı adekvat deyil. Vətəndaş polisin tələblərini yerinə yetirməlidir. Əgər vətəndaş polisin davranışlarından narazı qalarsa, sonradan müvafiq qurumlara müraciət edə bilər.

- Son dövrlərin ən aktual problemlərindən biri icra məmurlarının fəaliyyətsizliyi ilə bağlıdır. Məhkəmənin çıxardığı qərarlar bir çox hallarda icra məmurları tərəfindən yerinə yetirilmir. Problem nədən qaynaqlanır?

- Məhkəmə prosesinin ən çətin mərhələsi icra mərhələsidir. Bəzən uzun əziyyətlərdən sonra məhkəmə qərar verir. Lakin qərarın icrasına nail olmaq mümkün olmur. Bu həm obyektiv həm də subyektiv amillərlə bağlıdır. Subyektiv amil icra məmurlarının səhlənkarlığı, öz işinə məsuliyyətsiz yanaşması və şəxsi maraqlarını ön plana çəkməsi ilə bağlıdır. Belə hallarla təəssüf ki tez-tez qarşılaşırıq. Problemlə bağlı obyektiv amillər də qeyd olunmalıdır. Bəzən elə anlar olur ki, icra məmuru məhkəmə qərarının icrasını təmin edə bilmir. Yəni icradan yayınma halları mümkün olur. Yəni icranı ləngitmək, prosesi uzatmaq üçün müəyyən prosedurlar mövcuddur. Bu da qanunvericilikdə absurd bir normadır. Tutaq ki, hansısa məsələ ilə bağlı məhkəmənin qərarı qüvvəyə minib və icra məmuru həmin qərarı icra etməlidir. Bu zaman icra məmuru icraata başlamaq haqqında qərar qəbul edir. Qanun icazə verir ki, həmin icraata başlayan qərardan şikayət verilsin. Əgər şəxs işi uzatmaq istəyirsə, icra məmurunun qərarından şikayət verə bilər. Şəxs şikayət verdikdən sonra isə icra məmuru işi apara bilmir. Nəticədə, qərarlar icrasız qalır.

- Bəs problemi aradan qaldırmaq üçün nə etmək lazımdır? Məhkəmə qərarlarının icrası başqa quruma həvalə oluna bilər?

- Belə bir riyazi qayda var: toplananların yerini dəyişdikdə cəm dəyişilmir. Yəni icra məmurları qurumunun ləğv olunması elə də effektiv ola bilməz. Düşünürəm ki, qanunvericilikdə müəyyən dəyişiklik olmalıdır. Məhkəmə qərar qəbul edibsə, mütləq icraata başlanılmalıdır. İcraata başlanılıbsa, niyə şəxsin şikayət verməsi üçün şərait yaradılır? Təbii ki, bu absurddur. Qanunvericilikdə müəyyən islahatlar aparılmalıdır. İcra məmurlarının müstəqil səlahiyyətləri çox azdır. Onların səlahiyyətləri genişləndirilməlidir.

- Azərbaycanda müəllif hüquqları hansı səviyyədə qorunur?

- Hüquq elə bir anlayışdır ki, tez-tez pozula bilir. Müəllif hüquqları da bu baxımdan sığortalanmayıb. Yəni hər an pozula bilər. Bunun üçün ilk növbədə müəllif öz hüquqlarına biganə qalmamalıdır. Şəxs öz müəllifi olduğu əsərini Müəllif Hüquqları Agentliyində qeydiyyata almalıdır. Belə olduğu təqdirdə, həmin şəxsin müəllif hüquqları pozulduqda məhkəməyə müraciət edə və pozulmuş hüquqlarını bərpa edə bilər. Bir sözlə, müəllif hüquqlarının qorunmasında əsas iş müəllifin öz üzərinə düşür. Azərbaycandan kifayət qədər hüquqi baza var ki, müəlliflər öz hüquqlarını qoruya bilsinlər.



- Yeni inzibati xətalar məcəlləsinə əsasən, ölkədə cərimələr xeyli artırılıb. Sizin fikrinizcə, cərimələrin dəfələrlə artırılmasını nə dərəcədə uğurlu hesab etmək olar?

- Mən cərimələrin mümkün qədər artırılmasının tərəfdarıyam. Azərbaycan Respublikası Cinayət Məcəlləsində cərimələr ən yüngül cəza kimi nəzərdə tutulub. Lakin düşünürəm ki, cərimələr yüksək olmalıdır. Şəhərə çıxsanız, görərsiniz ki, sürücülərin əksəriyyəti təhlükəsizlik kəmərlərindən istifadə edirlər. Sürücü bir dəfə maşını idarə edərkən təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə cərimələnirsə, ikinci dəfə bu səhvə yol vermir. Nəticədə, hamı təhlükəsizlik kəmərindən istifadə etmək məcburiyyətində qalır. Buna görə də düşünürəm ki, cərimələrin artırılması müsbət bir haldır və cəmiyyətdə qayda-qanunun bərqərar olmasına şərait yaradır.

- Millət vəkili Hadı Rəcəbli jurnalistlərə açıqlamasında belə bir fikir səsləndirdi ki, sosial müavinətlər dayandırılmalıdır, əvəzində isə şəxslərə maldarlıqla məşğul olmaq üçün qoyun verilməlidir. Belə bir qaydanın tətbiq olunması nə dərəcədə mümkündür?

- Hadı müəllimin dediyi fikir ilk baxışdan gülməli görünsə də, əslində kifayət qədər ciddi məsələdir. Yəni belə bir qayda tətbiq oluna bilər. Lakin bu qaydanı hamıya qarşı tətbiq etmək düzgün olmaz. Məsələn, şəhər yerində yaşayan şəxsə qoyun verilə bilməz. Amma bütövlükdə bu, ağlabatan ideyadır. Bu ideyanın üzərində işləyərək müəyyən konkretləşmə aparmaq olar.

- Jurnalistlərə tövsiyəniz nədir?

- Jurnalistlərə ən böyük tövsiyəm ondan ibarətdir ki, onlar hüquqi terminlərlə bağlı diqqətli olsunlar. Bəzən hüquqla bağlı yazılarda bağışlanmaz səhvlərə yol verilir. Məsələn, yazılardan birində qeyd olunur ki, “Məhkəmə bu şəxsin həbs olunması ilə bağlı qətnamə çıxardı”. Halbuki, qətnamə mülki işlərlə bağlı çıxarıla bilər. Cinayət işləri ilə bağlı məhkəmənin hökmü olur. Bu kimi hallara diqqət yetirilməlidir. Terminlər düzgün yerində işlədilməlidir. Jurnalistlər ilkin hüquqi anlayışları öyrənsələr, çox yaxşı olar. Biz onlara bu sahədə kömək etməyə hazırıq.

Ceyhun Əhmədli

Açar sözlər:

Oxunub: 9373