Krediti olan qadınlarla bağlı maraqlı fakt


16:47     03 Mart 2016 qadin%20kredit3.jpg

Azərbaycanda qadın bank müştəriləri kişilərdən daha məsuliyyətlidirlər. Onlar kreditləri daha ehtiyatla götürür və daha səliqə ilə qaytarırlar.


Femida.az fins.az-a istinadən bildirir ki, bu barədə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən mətbuat konfransında bildirilib. Azərbaycan Mikro Maliyyələşmə Assosiasiyasının (AMFA) icraçı direktoru Jalə Hacıyeva bildirib ki, ümumiyyətlə, qadınlar bank müştərisi kimi ehtiyatlıdırlar, onlar borc götürməyə kişilər qədər həvəsli deyillər. Belə ki, əhalinin yarısı qadınlar olduğu halda bank müştərilərnin cəmi 20%-i, mikro kredit təşkilatlarından kredit götürənləin isə cəmi 25%-i qadınlardır. "Ümumiyyətlə, qadınlar borclanmaqda maraqlı deyillər. Onlar yalnız vəziyyət çox kritik olduqda və ya kreditin onlara böyük fayda gətirəcəyini başa düşəndə borc götürürlər".

Ümumilikdə mikromaliyyə qurumlarının verdiyi kreditləri cəmi 25%-i qadınların payına düşür. Qadınların götürdükləri kreditlərin məbləği də aşağıdır - onlar adətən çox pul götürmürlər - əksər hallarda cəmi 1000-1500 manat.

Kreditin qaytarılması sahəsində də qadınlar kişilərdən daha müsbət davranırlar. AMFA-nın Müşahidə Şurasının sədri Süleyman Məmmədov bildirib ki, ən məsuliyyətli müştərilər məhz qadınlarıdır: "Bu həm mentalitetdən irəli gəlir, həm də ümumiyyətlə qadınların məsuliyyətli olmasından". Belə ki, Azərbaycanda banklar və BOKT-lar arasında aparılan araşdırmalar göstərib ki, kişi müştərilər arasında gecikmə haları 31-32% təşkil etdiyi halda qadınlarda bu göstərici cəmi 15% təşkil edir. "Xanımlar daha məsuliyyətlidirlər və borclarını daha tez qaytarmağa çalışırlar", - deyə J.Hacıyeva təsdiqləyib.

S.Məmmədov bildirib ki, bəzən hətta kişi müştərilərin krediti qaytarmasında problemlər olduqda, evin xanımı bu barədə məlumatlandırıldıqda dərhal kreditin qaytarılmasında irəliləyişlər baş verir.

Qadın müştərilərin məsuliyyətli olmaları özünü dollar kreditlərində də göstərib. Belə ki, dolların bahalaşacağı barədə məlumatlar yayılanda qadınlar kreditləri manata çevirmək üçün kişilərdən daha tez müraciət etməyə başlayıblar. Eləcə də dollar kreditlərini daha tez bağlayıblar.

Femida.az

Açar sözlər:

Oxunub: 1216