Soyqırım cinayətinin müddəti olmur – Hüquqi incəliklər


00:04     11 Aprel 2015 xanlar%20agalarov.jpg

Tarixən dünya xalqlarının soyqırıma məruz qalmalarına dair müxtəlif faktların mövcudluğuna baxmayaraq, hüquqi istilah kimi soyqırım yalnız 20-ci əsrin ortalarından təşəkkül tapmağa başlayıb. 1944-cü ildə polşalı hüquqşünas Rafael Lemkin ilk dəfə olaraq, II Dünya Müharibəsi zamanı faşistlər tərəfindən Avropa yahudilərinə qarşı törədilmiş cinayətləri təsvir etmək, habelə bu istilahı beynəlxalq hüquqa daxil edərək, soyqırım cinayətinin cəzalandırılması və qarşısının alınmasına nail olmaq məqsədilə istifadə edib.

Bunun üçün Rafael Lemkinin seçdiyi termin – “genosid” yunan dilində genos –“nəsil, kök, soy” və latın dilindən cide - “öldürmək” sözlərinin birləşməsindən ibarətdir. Beləliklə, bu terminin seçilməsinin əsasında da məhz soyqırımın müəyyən insan qruplarının mövcudluğunu davam etdirməsini şərtləndirən amillərin məhv edilməsinə yönəlmiş hərəkətlərin planlı şəkildə həyata keçirilməsi olması ideyası dayanır. 

1945-ci ildə Nürnberq beynəlxalq hərbi tribunalı faşist liderlərini “Bəşəriyyət əleyhinə cinayətlərdə” ittiham etdi. Lakin, Tribunalın ittiham aktında soyqırım anlayışı hüquqi termin kimi deyil, cinayətin təsvir edilməsi üçün işlədilmişdi. 9 dekabr 1948-ci ildə BMT tərəfindən “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiya qəbul edildi və bununla ilk dəfə olaraq, belnəlxalq hüquqda insan qruplarının milli, etnik, irqi, dini fərqlərinə görə kütləvi məhv edilməsinə yönələn cinayətlər soyqırım adlandırılmış və Konvensiyaya qoşulan dövlətlərin üzərinə bu cinayətin qarşısının alınması və bu cinayəti törədənlərin cəzalandırılması vəzifəsi qoyulub.

"Soyqırım" anlayışının hüquqi izahı “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiya ilə müəyyən edilib və hər hansı milli, etnik, irqi və ya dini qrupların tam və ya qismən məhv edilməsi niyyəti ilə aşağıdakı hərəkətləri ehtiva edir:
- belə bir qrupun üzvlərinin qətlə yetirilməsi;
- belə bir qrupun üzvlərinə ciddi bədən xəsarətləri və əqli pozğunluq yetirilməsi;
- hər hansı belə bir qrup üçün qəsdən onun tam və ya qismən məhvinə hesablanmış həyat şəraitinin yaradılması;
- belə bir qrup arasında uşaq doğumunun qarşısının alınmasına hesablanmış tədbirlər;
- uşaqların zorakılıqla bir insan qrupundan digərinə verilməsi.

Soyqırım cinayətini digər analoji beynəlxalq cinayətlərdən fərqləndirən obyektiv bir sədd mövcuddur. Belə ki, soyqırım cinayətini çərçivəsində edilən bütün hərəkətlər şüurlu və qabaqcadan planlaşdırılmış olur. Digər tərəfdən soyqırım cinayətlərinin mahiyyəti onun 3 əsas elementi üzrə müəyyən edilir: 

- Hər hansı milli, etnik, irqi və ya dini qrupun varlığı;
- belə bir qrupun tamamilə və ya qismən məhv edilmsi niyyətinin olması (mens rea);
- məlum qrupa münasibətdə soyqırım kimi təfsir olunan hərəkətlərdən hansısa birinin törədilməsi (actus reus).

Bu 3 elementin hər biri digərini şərtləndirir. Beləliklə:

1) Soyqırım aktının yönəldiyi obyekt konkret olaraq milli, etnik, irqi və ya dini qrup olmalıdır. Hər hansı siyasi və ya social qrupa qarşı yönəlmiş bu tipli əməllər soyqırım kimi tövsif oluna bilməz. 

2) Soyqırım cinayətinin tövsif olunmuş əlaməti olaraq niyyət:

- Bu və ya digər qrupa mənsub bir və ya bir neçə nəfərinin məhv edilməsindən ibarət olmamalı, bütövlükdə qrupun məhv edilməsindən ibarət olmalıdır. Soyqırım qurbanlarının müəyyən edilməsinin həlledici əlaməti onların fərdiliyi deyil, məhz onların qrupa mənsubluğudur;

- Qrupun məhv edilməsindən ibarət olmalıdır. Actus reus (qadağan edilmiş hərəkət) bir adamla məhdudlaşa bilər, lakin mens rea (niyyət) qrupun mövcudluğuna qarşı yönəlmiş olmalıdır.

3) Soyqırım cinayətinə görə, məsuliyyətin tövsif olunması üçün bütöv qrupun məhv edilməsi kimi son nəticəyə nail olunma tələb edilmir. Bunun üçün etnik qrupun tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə cinayətin obyektiv tərəfini təşkil edən hərəkətlərdən birini törətmək yetərlidir.

Soyqırım cinayətlərinin mahiyyətini və təhlükəliliyini ehtiva edən daha bir xüsusiyyəti də odur ki, soyqırım cinayətlərinə müddətlər tətbiq olunmur. Cinayətin nə zaman törədilməsindən asılı olmayaraq bu cinayəti törətmiş şəxsləri mühakimə etmək mümkündür.

Beynəlxalq müstəvidə soyqırım cinayətinin təqibi necə həyata keçirilir? 

Bu günə qədər müxtəlif ölkələrdə törədilmiş bir neçə cinayət beynəlxalq aləm tərəfindən soyqırım kimi qəbul edilib. Məsələn, Alman faşistlərin Avropa yahudilərinə qarşı törətdiyi əməllər Nürnberq Tribunalının hökmü ilə soyqırım kimi qiymətləndirilməsə də, bəşəriyyət əleyhinə cinayət hesab edilib. 1992-1995-ci illər ərzində Keçmiş Yuqoslaviyanın ərazisində kiçik Srebrenitsa şəhərciyində serb qoşunları tərəfindən 7800 bosniyalının qətlə yetirilməsi də soyqırım cinayəti kimi qiymətləndirilib. 

1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurasının 827 saylı qətnaməsi ilə Haaqada keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Tribunal yaradılıb. Bundan başqa, 1994-cü ilin aprel – iyul aylarında Ruandada Tutsi xalqının 800 min əhalisinin öldürülməsi ilə əlaqədar 1994-cü ilin oktyabr ayında BMT-nin Təhlükəsizlik Şurası Beynəlxalq Tribunalın yaradılmasına qərar verib. 2 sentyabr 1998-ci il tarixdə ilk dəfə olaraq Taba kommunasının meri vəzifəsində fəaliyyət göstərmiş Jan-Pol Akayesu soyqırım cinayəti törətməkdə ittiham edilmiş və onun barəsində hökm çıxarılıb.

Qeyd olunan tribunalların, habelə Beynəlxalq Cinayət Məhkəməsinin öz yuridiksiyaları çərçivəsində cinayətləri araşdırmasına və müvafiq sahədə məhkəmə presedenti yaratmalarına baxmayaraq, soyqırım cinayətinin müəyyən edilməsi və bu cinayəti törətmiş şəxslərin cəzalandırılması prosesi praktiki cəhətdən hələ də çətinliklərlə qarşılaşır. Bununla yanaşı, qarşıda duran daha mühüm məsələ, soyqırım cinayətlərinin cəzalandırlmasından əlavə bu cinayətlərin qarşısının alınmasıdır. 

Soyqırım cinayətlərinin beynəlxalq müstəvidə təqibi ilə bağlı müzakirələrin əksəriyyəti Niderlandın Haaqa şəhərində yerləşən hərbi tribunalla bağlı olub. 

BMT Təhlükəsizlik Şurasının 25 may 1993-cü il tarixli qətnaməsi ilə yaradılmış Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Tribunal ad hoc tribunaldır və onun yurisdiksiyası konkret ərazi və vaxt çərçivələri ilə hüdudlanır. Bu tribunalın keçmiş Yuqosloviya ərazisindən kənarda baş verən hər hansı cinayəti təqib etmək üçün səlahiyyəti yoxdur.

1998-ci ildə qəbul olunmuş “Beynəlxalq Cinayət Məhkəməsinə dair Roma Statutu” əsasında isə 2002-ci ilin iyul ayında Haaqada permanenet məhkəmə olan Beynəlxalq Cinayət Məhkəməsi (International Criminal Court-ICC) yaradılıb. Roma Statutunun 24-cü maddəsinə görə Statutun retroaktiv qüvvəsi yoxdur (ratione personae), yəni onun geriyə qüvvəsi yoxdur. Məhkəmə 2002-ci ildə yaradıldığından bu tarixdən əvvəl baş verən cinayətləri təqib edə bilməz.

“Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyanın tətbiqi üzrə Beynəlxalq Məhkəmənin 26 fevral 2007-ci il tarixli qərarında deyilir: Bu işdə Məhkəmənin səlahiyyəti yalnız Konvensiyanın IX maddəsi ilə məhdudlaşır. Buradan belə nəticəyə gəlmək olar ki, Məhkəmə Konvensiyada beynəlxalq hüquqla nəzərdə tutulmuş öhdəliklərin pozuntuları arasında soyqırımdan başqa cinayətlərlə bağlı qərar çıxarmaq səlahiyyətinə malik deyil. 

Məsələn, Bosniya – Heseqovinanın Serbiya və Çernoqoriyaya qarşı işinə nəzər yetirsək, aydın olur ki, aşkar edilən faktlarla bağlı Məhkəməyə təqdim olunan sübut elementlərinə, nəzərdən keçirilən aktlara hərbi cinayətlər və ya insanlıq əleyhinə cinayətlərdə də rast gəlinir. Lakin Məhkəmənin bu aktlarla bağlı qərar vermək səlahiyyəti yoxdur. Beynəlxalq Məhkəmənin sədri R.Higgins bildirir ki, Məhkəmə tərəfindən yalnız soyqırımla bağlı məsələlər nəzərdən keçirilmişdir. İşin faktiki materialları həddindən artıq çoxdur. Hər bir tərəf min səhifədən artıq sənədli sübutlar təqdim edib. Qərarın təxminən üçdə bir hissəsi sübutların təhlilinə həsr olunub. Məhkəmə Bosniya müsəlmanları kimi identifikasiya edilən qorunan qrupun bütövlükdə və ya bir hissəsini məhv etmək üçün xüsusi niyyətə malik olmaları ilə bağlı məsələlər üzrə öz nəticələrini təfsilatı ilə təqdim edir. Məhz xüsusi niyyət və ya dolus specialis (xüsusi niyyət, qəsd, məqsəd) genosidi digər cinayətlərdən fərqləndirdiyi üçün, Bosniya müsəlmanlarına qarşı qətlin qanunsuz törədilməsini müəyyən edilməsi kifayət deyil. Əlavə element tələb olunur – bu isə qətlin qurbanların məxsus olduğu qrupu məhv etmək üçün xüsusi niyyətlə törədilməsi barədə sübutdur. 

Beləliklə, Azərbaycan Xocalı soyqırımı və digər qətliamlarla bağlı məsələləri qaldırarkən Ermənistan silahlı qüvvələrinin Azərbaycanlıları öldürməkdə xüsusi niyyətlərinin olması barədə sübutlar təqdim etməlidir. Əks halda həmin əməllər hərbi və ya insanlıq əleyhinə cinayətlərin elementlərini təşkil etmiş olacaq və müvafiq Konvensiyanın təsiri altına düşməyəcək. 

Məhkəmə tərəfindən o da qeyd olunur ki, faktlar məhkəmə tərəfindən ona təqdim olunan sübut elementləri kontekstində müəyyən olunmuşdur, lakin fərdlərlə bağlı prosedurlar çərçivəsində keçmiş Yuqoslaviya üçün Beynəlxalq Tribunalın (TPIY) faktları əsasında formulə edilmiş nəticələr (rəylər) həqiqətlərin aşkarlanmasında əhəmiyyətli rol oynamışdır. Nəticə etibarilə, Xocalı soyqırımı ilə əlaqədar beynəlxalq tribunal olmasa da, ölkə daxilində aparılan istintaqın faktoloji materiallarından, məcburi köçkünlərin şikayətləri ilə bağlı Avropa Məhkəməsinin qəbul edəcəyi qərarlardan istifadə oluna bilər.

Azərbaycanlılara qarşı soyqırım törədənlərin cəzalandırılmasının hansı mexanizmləri vardır? 

Günümüzədək Azərbaycanlılara qarşı törədilmiş soyqırım cinayətlərinin cəzalandırılmasına nail olunması prosesində siyasi müstəvidə aparılan ardıcıl fəaliyyət, beynəlxalq aləmdə azərbaycanlıların soyqırıma məruz qalması barədə uğurlu təbliğat öz bəhrəsini verməkdədir. 26 iyul 1993-cü ildə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri cənab Heydər Əliyev 1992-ci ilin fevral ayının 26-da ermənilərin Xocalıda törətdikləri faciə ilə əlaqədar BMT-nin Təhlükəsizlik Şurasının sədrinə yazılı müraciət edərək BMT-nin Təhlükəsizlik Şurasının dərhal çağırılmasını xahiş etmişdir. Eyni zamanda, 18.08.1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurasının sədrinə və BMT-nin Baş katibinə müraciətlər olunub.

Hazırda isə məsələnin hüquqi müstəvidə də həllini tapması ilə bağlı tədbirlərin görülməsi üçün bütün zəruri əsaslar mövcuddur. Beynəlxalq məhkəmənin azərbaycanlılara qarşı törədilmiş cinayətlərin cəzalandırılması ilə bağlı qərarının qəbul edilməsi üçün əsas vasitələrdən biri də məhz yuxarıda sözügedən Konvensiyanın 9-cu maddəsinə müvafiq olaraq Azərbaycan Dövlətinin Beynəlxalq Məhkəməyə müraciət etməsidir. 

“Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyanın geriyə qüvvəsi ilə bağlı mexanizmlərinin uyğunlaşdırılması məqsədilə Azərbaycan qanunvericisi «Beynəlxalq cinayətlərə görə məsuliyyət müəyyən edən qanunun qüvvəsinin geriyə şamil olunması haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununu qəbul edir (12 may 2006-cı il). Qanunun 1-ci maddəsində qeyd olunur: Bu Konstitusiya Qanunu Azərbaycan Respublikasında sülh və insanlıq əleyhinə cinayətlərə, soyqırım və müharibə cinayətlərinə görə məsuliyyət nəzərdə tutan mövcud cinayət qanunvericiliyi normalarının tətbiqini «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın və «Mülki və siyasi hüquqlar haqqında» Beynəlxalq Paktın müvafiq müddəalarına uyğunlaşdırmaq məqsədi ilə qəbul edilir. 

Bəzi dövlətlərin konstitusiyaları da (məsələn, Polşa, Portuqaliya) beynəlxalq cinayətlərə görə məsuliyyət müəyyən edən qanunun geriyə qüvvəsinin geriyə şamil olunmasına icazə verir. Beynəlxalq təcrübə göstərir ki, cinayət-hüquqi normalara yalnız istisna hallarda retroaktiv qüvvə verilir. Belə ki, İkinci Dünya Müharibəsindən sonra hərbi cinayətkarları cəzalandırmaq üçün (1945-ci il Nürenberq və 1946-cı il Tokio tribunallarının nizamnamələri əsasında) cinayət məsuliyyəti müəyyən edən normalara geriyə qüvvə verilib. Azərbaycan Respublikası Cinayət Məcəlləsində soyqırım və digər beynəlxalq cinayətləri törədən şəxsləri mühakimə etmək üçün bütün zəruri hüquq normaları mövcuddur. Bu normalar təqsirli şəxsləri mühakimə etmək üçün kifayət edir. 

Qeyd etmək lazımdır ki, “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada bəyan edilib ki, Konvensiyada nəzərdə tutulan hüquq və vəzifələr erga omnes öhdəliyidir. Bu öhədliklər ümumi xarakter daşıyır və bütün subyektlər üçün nəzərdə tutulmuşdur. Deməli, Məhkəmənin şikayətlərlə bağlı rationae temporis səlahiyyəti tərəflərin Konvensiyaya qoşulduğu tarixlə məhdudlaşmır. Nəticə etibarilə, Azərbaycanın 1996-ci ildə, Ermənistanın isə 1993-cü ildə qoşulmasına baxmayaraq, 1991-1996-cı və 1991-1993-cü illər ərzində Konvensiyanın tələblərinə riayət edilməsi Azərbaycan və Ermənistan üçün erga omnes öhdəliyi xarakteri daşıyır. 

Nəzəri və hüquqi baxımdan Azərbaycanlılara qarşı törədiən soyqırımla bağlı Beynəlxalq Tribunal yaradılması mümkündür və məsələnin hüquqi müstəvidə həll olunması ən zəruri amillərdən biridir. Belə tribunalın yaradılması üçün BMT Təhlükəsizlik Şurasının qətnaməsi olmalıdır. Belə qətnamənin qəbulu üçün isə Təhlükəsizlik Şurasının daimi üzvlərinin tam səsi lazımdır. Bu prosedurlar Beynəlxalq tribunalın yaradılması prosesinə müəyyən maneələr yaradır və praktiki baxımdan bu prosesi qeyri-mümkün edir. 

Artıq qeyd edildiyi kimi, beynəlxalq cinayətlərə müddətlər tətbiq olunmur. Bununla belə, hadisələrdən uzaqlaşdıqca, bu cinayətlərin törədilməsindən zaman keçdikcə, mövcud tarixi faktlar, şəraitə dair dəlillərin əlçatanlığı müəyyən dəyişikliyə uğrayır, habelə şahidlərin ifadələri kimi mühüm bir vasitə öz aktuallığını itirmiş olur.

Son onilliklərdə soyqırım aktlarının beynəlxalq hüquqda təsbiti prosesi onu deməyə əsas verir ki, Soyqırım konvensiyası bu cinayətin cəzalandırılması və qarşısının alınmasından daha çox keçmişdə baş verən belə hallara qarşı etirazın ifadə olunması formalarını müəyyən etmiş olur. Konvensiyanın mətni faktiki olaraq, soyqırım cinayətlərinin qarşısının alınması və onların bir daha təkrarlanması məqsədinin həyata keçirilməsi niyyəti ilə yanaşı həmçinin bunların realizəsinə mane olan siyasi baryerlərin mövcudluğu nümayiş etdirmiş olur. 

Nəticə etibarilə, soyqırımın qarşısının alınması zərurətindən danışarkən əksər hallarda bunun necə həyata keçirilməli olması barədə fikirlərə rast gəlinmir. Soyqırım anlayışının müyyənləşdirilməsindəki çətinliklər, beynəlxalq hüququn müəyyən sahələrindəki normalarının qismən sanksiyalaşdırılması və tətbiqinin siyasi amillərlə şərtlənməsi bu sahədə hüquqi nizamasalmaya maneələr yaradıb və son yarım əsrdə dövlətlərin soyqırım aktlarına laqeyd yanaşaraq tədbir görməmələrinin əsas səbəblərindən biri olub.

Açar sözlər:

Oxunub: 1373