SOCAR beşillik plan hazırladı


15:42     05 Mart 2016 socar49.jpg

SOCAR-ın Dünya Bankının “2030-cu ilə qədər səmt qazının normal hasilat prosesində yandırılmasının sıfıra endirilməsi” Qlobal Təşəbbüsünə qoşulması ilə əlaqədar şirkətin Ekologiya İdarəsi tərəfindən 2016-2020 illər üzrə səmt qazı atılmalarının azaldılması istiqamətinə müvafiq planın hazırlanması üçün təşkilati işlər həyata keçirilib.


Dövlət Neft Şirkətindən Femida.az-a verilən məlumata görə bu barədə SOCAR-ın Ekologiya İdarəsində 2015-ci ilin yekunlarına həsr edilən müşavirədə danışılıb. Müşavirədə Dövlət Proqramları çərçivəsində SOCAR tərəfindən həyata keçirilən ekoloji tədbirlər, şirkətin ekoloji siyasət sənədindən irəli gələn məsələlərin həlli, o cümlədən tullantıların idarə olunması planının, atmosferə atılan səmt qazlarının azaldılması planının, iqlim dəyişmələrinə təsirlərin azaldılması strategiyasının, neft dağılmalarının xəbərdarlığı və ləğvi planının, həmçinin SOCAR-ın şurası tərəfindən təsdiq edilən illik iş proqramının icrası ilə bağlı görülən işlər barədə məlumat verilib. Qeyd olunub ki, neft və neft məhsulları ilə çirklənmiş, lay suları altında qalmış mədən ərazilərində idarə tərəfindən ətraflı ekoloji monitorinq tədqiqatları aparılıb, müvafiq bərpa üsullarının seçilməsi istiqamətində təkliflər verilib, monitorinqlər zamanı götürülmüş nümunələr idarənin kompleks tədqiqatlar laboratoriyasında analiz edilib.
Keçən il bərpa olunmuş və yaşıllaşdırılmış ərazilər xəritələşdirilərək Ekoloji Məlumat Bazasında yerləşdirilib. İdarə tərəfindən SOCAR-ın fəaliyyət sahələrində, birgə müəssisə və əməliyyat şirkətlərində istilik effekti yaradan qaz mənbələri inventarlaşdırılıb, təmiz inkişaf mexanizmi üzrə layihə ideyaları hazırlanıb və təkliflər qiymətləndirilib. Atmosferə atılan səmt qazlarının minimuma endirilməsi məqsədilə SOCAR-ın mədən ərazilərində qurğu və avadanlıqların quraşdırılması üzrə təkliflər verilib, səyyar və stasionar mənbələrdən istilik effekti yaradan qazlar, zərərli maddələr və tərkibində belə birləşmələr olan avadanlıqlar üzrə inventarlaşdırma aparılıb. Tullantı mərkəzinin genişləndirilməsi layihəsi çərçivəsində qazma şlamlarının utilizasiyası üçün alınan qurğuların mobilizasiyası işləri həyata keçirilir. Hesabat ilində Ekoloji Ölçmə Mərkəzi tərəfindən mütəmadi olaraq SOCAR-ın avtonəqliyyat vasitələrinin ekoloji müayinəsi həyata keçirilib.
İdarənin 2015-ci il üzrə fəaliyyəti qənaətbəxş hesab olunub, işlərin daha keyfiyyətli və effektiv təşkil olunmasının vacibliyi vurğulanıb, qarşıda duran həlli vacib məsələlərə toxunulub.

Açar sözlər:

Oxunub: 1173