Komitə ixtiraçılar üçün müsabiqə keçirir


19:08     07 Mart 2016 STANDARTLASDIRMA.jpg

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ixtiraların, yeni texnologiyaların yaradılması və tətbiqinə alimlərin, ixtiraçıların, mühəndis-texniki işçilərin və təsərrüfat subyektlərinin cəlb edilməsinə yardım göstərilməsi, ixtiraçılıq sahəsində təbliğatın genişləndirilməsi məqsədilə III Respublika Müsabiqəsi keçirir.


Komitənin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, müsabiqə 2014-2015-ci illərdə dövlət qeydiyyatına alınan ixtira patentləri arasında “İlin Patenti” nominasiyası üzrə qalibi müəyyən etmək məqsədilə keçirilir. Müsabiqəyə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə məxsus olan və 2014 - 2015-ci ilərdə Avrasiya Patent İdarəsində qeydiyyata alınan Avrasiya patentləri də təqdim oluna bilər.

Müsabiqə komissiyası tərəfindən müsabiqənin nəticəsindən asılı olaraq birinci, ikinci və üçüncü yerləri tutan qaliblərə müvafiq diplom, xatirə hədiyyələri və pul mükafatları təqdim olunacaq.

Müsabiqədə iştirak etmək istəyən fiziki və hüquqi şəxslər təqdim olunan sənədlərin siyahısını özündə əks etdirən ərizə-təqdimat etməlidir. Ərizə patent sahibi və ya etibarnamə əsasında onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır.

Həmçinin patentin əsli ilə birlikdə surəti, patentə məxsus ixtiranın bütün materialları (ixtiranın təsviri, düsturu, referatı, texnoloji sistemi, cizgiləri və s.), mümkün istifadə sahəsi göstərilməklə əhəmiyyəti, ixtiranın səmərəsi haqqında əsaslandırılmış məlumatlar, patent sahibi tərəfindən verilən səlahiyyəti təsdiqləyən etibarnamə (zərurət olduqda), patentlə bağlı patent sahibi tərəfindən zəruri sayılan digər sənədləri təqdim etməlidir.

Müsabiqədə iştirak etmək istəyən səxslər sənədləri aprelin 9-dək həftənin I - V günləri saat 14.30-dan-17.30-dək Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Sənaye Mülkiyyəti Obyektlərinin Ekspertizası Mərkəzinin (AzPatent) İnformasiya təminatı şöbəsinə (AZ 1009, Bakı şəhəri, Yasamal rayonu, Mirzə İbrahimov küçəsi 53; Xarici İşlər Nazirliyinin arxa tərəfindəki hündürmərtəbəli bina) təqdim edə bilərlər.

Açar sözlər:

Oxunub: 788