Millət vəkili Türkiyədə konfrans keçirdi – Video


23:52     09 Mart 2016 1457529316.jpg

Millət vəkili Qənirə Paşayeva Kayseridə “Bölgədə gərginləşən vəziyyət və Qarabağ problemi” adlı konfrans keçirib.



Femida.az xəbər ki, konfrans Yeni Üfüqlər Dərnəyi, bölgə rəhbərliyi, Kayseri Gənclik, İdman və Turizm idarəsinin təşkilatçılığı ilə Kayseri Ticarət Palatasında baş tutub.

Q.Paşayeva Qarabağ, Xocalı soyqırımı həqiqətlərinin dünyada daha geniş yayılması üçün bütün türklərə səslənib.

Türkiyənin rəsmi şəxsləri, ziyalıları, KİV nümayəndələri, tanınmış yazar, aydın və ictimai fəallarının qatıldığı tədbirdə millət vəkili türk dünyasının hər yerində şəhid olmuş insanlarımızı rəhmətlə, sevgi ilə anaraq birlik və bərabərliyin önəmini vurğulayıb:

“Azərbaycan türkləri Çanaqqalada Türkiyə üçün canlarını qurban verməklə, Nuru Paşanın rəhbərliyi altında Azərbaycanın ağır günlərində köməyə gələn Anadolu türkləri qardaş ölkədə şəhid olmaqla bizə gerçək qardaşlığın necə olduğunu hələ 100 il öncə bir daha yenidən öyrədiblər. Bundan sonra da belə olacaq”.

Qənirə Paşayev çıxışında Azərbaycanın və türk dünyasının ən böyük problemlərindən olan Qarabağ problemindən, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasından, ermənilərin törətdiyi vandalizm aktlarından, Xocalı soyqırımından geniş danışaraq bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq, hər bir türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır.

O, Kayserinin mərkəzi parklarından birinə Qarabağ adının verilməsi ilə bağlı təklifinin bələdiyyə başqanı tərəfindən dəstəklənməsindən məmunluğunu ifadə edib.

Tədbirin sonunda millət vəkilinə təşkilatçılar tərəfindən plaketlər təqdim olunub. Q.Paşayeva isə tədbir iştirakçılarına müəllifi olduğu “Qarabağ hekayələri” kitabını hədiyyə edib.

Eyni zamanda, “Mətanət A” şirkətinin dəstəyi ilə Qarabağ həqiqətləri ilə bağlı hazırlanmış materiallar da tədbir iştirakçılarına təqdim olunub.

Tədbirdən sonra millət vəkili Kayseridə yaşayan və təhsil alan bir sıra azərbaycanlı tələbələrlə görüşüb və geniş müzakirələr aparıb.



Açar sözlər:

Oxunub: 901