Türkiyədə parlament seçkisində səsvermə başlayıb


14:18     07 İyun 2015 44670.jpg

Femida.az-ın məlumatına görə, 7 iyunda XXV çağırış Türkiyə Böyük Millət Məclisinə keçirilən seçkidə 20 partiya iştirak edir. Böyük Birlik Partiyası isə seçkiyə Səadət Partiyası ilə birgə “Milli İttifaq” koalisiyası çərçivəsində seçkidə iştirak edir.

Seçkidə 166 müstəqil namizəd iştirak edir. Türkiyə vaxtı ilə saat 7-də başlamış səsvermə saat 17-də sona çatacaq. İlk nəticələrin saat 21-dən etibarən elan edilməsi gözlənilir.

Seçki ərəfəsində açıqlanan son ictimai rəy sorğularına görə, iqtidardakı Adalet ve Kalkınma Partisi (AKP) 38-44%-lik səs faizi ilə birinci yerdə görünür. Ana müxalifətdəki Cümhuriyyet Halk Partisi (CHP) 28-30%-lik çizgidə ikinci yerdə, müxalifətdəki Milliyetçi Hareket Partisi (MHP) 15-17%-lik çizgiylə üçüncü yerdə, Halkların Demokratik Partisi (HDP) isə 10.5-12%-lik çizgidə dördüncü yerdə görünür.

3 noyabr 2002-ci ildə keçirilmiş seçkidə 34.2% səs alaraq Məclisdə 363 millət vəkili mandatı əldə edən AKP, 18 noyabrda Abdullah Gülün başçılığında Türkiyə Cümhuriyyətinin 58-ci hökumətini qurub. 20% səs alan CHP isə 178 mandat əldə edərək müxalifət partiyası funksiyasını yerinə yetirib. 9.5% səs alan Doğdu Yol Partiyası (sədri keçmiş baş nazir Tansu Çillər olub), 8% səs alan MHP (sədri baş nazirin keçmiş müavini Devlet Bahçeli) və 7.5% səs alan Genş Parti (sədri Cem Uzan) 10%-lik ölkə bariyerini aşa bilmədiklərinə görə Məclisdə mandat qazana bilməyiblər. Siyasi cəhətdən yasaqlı olan AKP sədri Rəcəp Tayyip Ərdoğan seçkidə iştirak edə bilməsə də, CHP lideri Dəniz Baykalın təşəbbüsüylə Məclisə Konstitusiya maddəsində dəyişiklik layihəsi təqdim edilib və Ərdoğanın siyasi yasağı ləğv edilib. Siirt vilayətində seçkinin nəticəsinin ləğv edilməsindən sonra 10 fevral 2003-cü ildə o vilayətdə keçirilən təkrar seçkidə Tayyip Ərdoğan millət vəkili seçilib. Baş nazir Abdullah Gülün istefa verməsiylə prezident Əhməd Necdət Sezer 59-cu hökumətin qurulması vəzifəsini Rəcəp Tayyip Ərdoğana verib. İqtidarın ilk dönəmində Avropa Birliyinə tam hüquqlu üzvlük üçün xeyli islahat aparan Ərdoğan hökuməti 2005-ci ilin payızında AB ilə tam hüquqlu üzvlük müzakirələrinə başlayıb. Demokratik xarakterli islahatlar ölkəyə böyük miqdarda əcnəbi investisiya gəlməsinin təməlini də hazırlayıb. 16 may 2007-ci ildə prezident Əhməd Necdət Sezerin vəzifə müddətinin başa çatması ərəfəsində AKP ilk baş naziri və xarici işlər naziri Abdullah Gülü prezidentliyə namizəd göstərib. Məclisdə keçirilən səsvermənin ilk turunda prezident seçilə bilmədiyinə görə, seçkinin ikinci turu təyin edilib. Ancaq 27 aprel 2007-ci ildə silahlı qüvvələr baş qərargahının internet saytında ordunun “dünyəviliyə bağlı bir prezident istəməsinə” dair bəyanat yayımlamasından sonra ölkə siyasi böhranla üzbəüz qalıb. Konstitusiya Məhkəməsinin prezident seçkisinin birinci turunun nəticəsini də ləğv etməsindən sonra AKP erkən seçkiyə getmək üçün qərar qəbul edib. Siyasi böhran şəraitində mərkəz sağdakı Ana Vatan (sədri Ərkan Mumcu) və Doğru Yol (sədri Məhmət Ağar) partiyalarının birləşməsi də mümkün olmayınca AKP seçki meydanlarına çıxıb. 22 iyulda keçirilən seçkidə AKP 47% səs alaraq Məclisə 338 millət vəkiliylə qayıdıb və təkbaşına iqtidarını daha da gücləndirib. İqtidarın ikinci dönəmində dünya maliyyə böhranıyla qarşılaşan 60-cı Ərdoğan hökuməti, xüsusilə ərəb dünyasından çəkə bildiyi “isti pul” və dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən gəlirlə ölkəni iqtisadi böhrana sürüklənməkdən xilas edə bilib. AKP, 12 sentyabr 2010-cu ildə Konstitusiya dəyişikliyi referendumu keçirərək xalq səsverməsinə təqdim etdiyi 27 maddəlik dəyişiklik paketini 58% dəstəklə qəbul etdirib. 12 iyun 2011-ci ildə seçkiyə “ölkəni irəli demokratiyaya keçirmə” iddialarıyla gedən AKP səslərin yarısını alsa da, 326 millət vəkili mandatı qazana bilib ki, bu da Konstitusiyanın o biri maddələrində dəyişiklik etmək üçün yeni referendumlar keçirməyə kifayət etməyib. Türkiyə Cümhuriyyətinin 61-ci hökumətini quran baş nazir Ərdoğan iqtidarın üçüncü mərhələsini “ustalıq dönəmi” şəklində xarakterizə edərək bir anlamda, öz ideologiyasını həyata keçirmək üçün atacağı addımların işarəsini də verib.
30 mart 2014-cü ildə keçirilən bələdiyyə seçkisində AKP-nin 44% səs almasıyla mövqeyini möhkəmləndirən Tayyip Ərdoğan 10 avqustda keçirilən prezident seçkisində namizədliyini açıqlayıb.

AKP-nin 2007-ci ildə keçirdiyi konstitusiya dəyişikliyi referendumundan sonra artıq prezidenti 7 illik müddətə Məclis yox, 5 illik müddətə xalq seçəcəkdi. CHP və MHP-nin müştərək namizədi, İslam Konfransı Təşkilatının keçmiş baş katibi Əkmələddin İhsanoğlu və HDP həmsədri Səlahəttin Dəmirtaşa qarşı mübarizəsində səslərin 51.6%-ni alaraq prezident seçilən Ərdoğan AKP-nin 28 avqustda keçirilən qurultayında Əhməd Davutoğlunun partiyanın yeni sədri seçilməsini tövsiyyə edib. Yekdilliklə AKP sədri seçilən Əhməd Davudoğlu 29 avqustda Türkiyə Cümhuriyyətinin 62-ci hökumətini qurmaq üçün prezident Ərdoğandan səlahiyyət alıb.

Beynəlxalq təşkilatlar uzun müddətdən sonra 30 mart 2014-cü ildə keçirilmiş bələdiyyə seçkisini müşahidə ediblər. Bu gün keçirilən parlament seçkisi də beynəlxalq təşkilatların müşahidə teleskopu altına alınıb.

Femida.az

Açar sözlər:

Oxunub: 813