Prezidentlər Bakıda toplaşır: Forum nələri vəd edir? - TƏHLİL


17:02     10 Mart 2016 forumm.jpg

Xəbər verdiyimiz kimi, bu gün Bakıda “Çoxqütblü dünyaya doğru” mövzusunda lV Qlobal Bakı Forumu öz işinə başlayıb.


Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə baş tutan IV Qlobal Bakı Forumu 11 mart tarixinədək davam edəcək.
Forumda Albaniya, Monteneqro, Bolqarıstan, Makedoniya, Bosniya və Herseqovina, Gürcüstan prezidentləri iştirak edəcək. Bundan başqa, tədbirdə 27 sabiq prezident və 23 keçmiş baş nazir də daxil olmaqla 53 ölkədən 300-dən çox nümayəndənin iştirakı gözlənilir.

Politoloq Qabil Hüseynli və millət vəkili Fəzail Ağamalı Bakı Forumunun əhəmiyyətini Femida.az-a şərh etdilər.

Fəzail Ağamalı hesab edir ki, ölkə prezidentinin forum çərçivəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı söyləyəcəyi fikirlər gələcəkdə Azərbaycana müəyyən divident və üstünlüklər verəcək:



“Bu forum Prezident İlham Əliyevin irəli sürdüyü bir layihədir və ənənəvi olaraq Bakıda keçirilir. Dünyanın aparıcı siyasətçiləri, dövlət xadimləri bu forumda iştirak edirlər. Forum çərçivəsində dünyanı narahat edən proseslərin müzakirəsi gözlənilir. Azərbaycan bu foruma ev sahibliyi etməklə bir növ dünyada sülhün və təhlükəsizliyin qorunmasına istiqamətində öz dəyərli töhfələrini vermiş olur. Düşünürəm ki, Azərbaycan işğal olunmuş torpaqlarımızın geri qaytarılması ilə bağlı özünün prinsipial mövqeyini bir daha ortaya qoyacaq. Əlbəttə ki, ölkə prezidentinin forum çərçivəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı söyləyəcəyi fikirlər gələcəkdə Azərbaycana müəyyən divident və üstünlüklər verəcək. Güman edirəm ki, bu gün də həmin divident və üstünlüklərimiz var. Diplomatik anlamda Ermənistanın sıxışdırılması məsələsi ölkə prezidentimiz tərəfindən zərgər dəqiqliyi ilə həyata keçirilir. Ermənistan hazırda son dərəcə ağır bir vəziyyətdə qalıb. Prezident İlham Əliyev hər imkan düşdükcə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın qətiyyətli, prinsipial və barışmaz mövqeyini ortaya qoyur. Düşünürəm ki, Azərbaycanın bu mövqeyi 4-cü Forum Çərçivəsində də öz əksini tapacaq. Bundan heç kəsin şübhəsi olmasın”.

Politoloq Qabil Hüseynlinin fikrincə, Azərbaycan foruma ev sahibliyi etməklə özünün beynəlxalq nüfuzunu artırır və Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müəyyən şərait yaradır:



“Bu ondan xəbər verir ki, Azərbaycan beynəlxalq problemlərin müzakirə edildiyi bir mərkəzə çevrilib. Ölkəyə nüfuzlu siyasətçilərin, ictimai-siyasi xadimlərin gəlişi, sözsüz ki, həm Azərbaycanı tanıdır, həm də Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində bizə müəyyən imkanlar yaradır. Beynəlxalq münasibətlər sistemi böhran vəziyyətindədir. Belə bir şəraitdə bu forumun keçirilməsi, sözsüz ki, böyük əhəmiyyətə sahibdir. Bütövlükdə, Azərbaycan bu foruma ev sahibliyi etməklə özünün beynəlxalq nüfuzunu möhkəmləndirir”.

Ceyhun Əhmədli

Açar sözlər:

Oxunub: 1895