Prezident İlham Əliyev məşəli qəbul etdi - FOTOLAR


02:09     08 İyun 2015 TsDXu91Xy5rB.jpg

Avropa idman tarixində yeni səhifə açacaq Bakı-2015-in başlamasına sayılı günlər qalır. Birinci Avropa Oyunlarının aprelin 26-da qədim od məbədi olan Atəşgahda start götürən məşəli Azərbaycanın hər bir guşəsini gəzib-dolaşaraq 60 rayonun sakinlərinə bu Oyunların ruhunu çatdırıb.

Avropa Oyunlarının yoluna işıq saçan məşəl bölgələrə və əfsanəvi Neft Daşlarına səyahətini başa çatdırdıqdan sonra iyunun 7-də paytaxt Bakıya gətirilib.

Məşəli Bakının Dənizkənarı Milli Parkındakı “Sadko” limanında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qəbul edib. Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri elektromobillə “Sadko” limanına gəliblər.

Burada şəhər ictimaiyyətinin nümayəndələri, Bakının qonaqları, idmançılar, Avropa Oyunlarının könüllüləri dövlətimizin başçısını hərarətlə qarşılayıblar.

Məşəli Neft Daşlarından Bakıya gətirən kater limana yan alıb.

Azərbaycan Prezidenti İlham Əliyev neftçi Nahid Nuriyevdən məşəli qəbul edib. Dənizkənarı Milli Parka toplaşanlar məşəllə irəliləyən dövlətimizin başçısını “Yaşasın Azərbaycan!”, “Prezident İlham Əliyevə eşq olsun!”, “Birinci Avropa Oyunlarına uğurlar!” nidaları ilə alqışlayıblar.

Azərbaycan Prezidenti birinci Avropa Oyunlarının məşəlini Böyük Vətən Müharibəsinin veteranı Fatma Səttarovaya təqdim edib. Bununla da birinci Avropa Oyunlarının məşəlinin Bakı estafeti başlayıb.

Açar sözlər:

Oxunub: 512