`Qrantların 75 faizini 10-12 nəfər alırdı` - MÜSAHİBƏ


05:33     13 Aprel 2015 sahib%20memmedov%202.jpg

Femida.az sizə `Hüquq müdafiəçisi` rubrikasını təqdim edir. Bu rubrikada sizi ölkədə hüquq müdafiəsilə məşğul olan şəxslər və qurumların fəaliyyətilə tanış edəcəyik.

İlk qonağımız Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri, Azərbaycan Hüquqşünaslar Konfederasiyası idarə heyətinin üzvü Sahib Məmmədovdur.

- Hazırda ökədə hüquq müdafiəçiliyi sahəsindəki vəziyyət sizi qane edirmi?


- 90-cı illərdə və 2000-ci illərin birinci yarısında Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində görkəmli xadimlər yetişmişdi və bu regionda ən mükəmməl vətəndaş cəmiyyəti bizdə idi. O zaman əsasən hüquq müdafiəçiləri “watch dog” prinsipilə işləyirdilər. Sonradan hüquqi, ictimai, maarifləndirici aksiyaları həyata keçirən QHT-lər də formalaşdı. Azərbaycanda cəmi 10-12 nəfər “hüquq müdafiəçisi” tituluna malik idi. Bu titulu onlara ictimaiyyət və KİV verirdi. Lakin 2005-ci ildən sonra kənar müdaxilələr başladı və Azərbaycanda insan hüquqlarını müdafiə edənlərin yeni nəsli yaradıldı.

Bu nəslin hakimiyyətlə dialoq təcrübəsi yoxdur, ölkə daxilində heç bir ictimai çəkiyə malik olmayan bu nəsil xaricdən olan bəzi donorların vasitəsilə süni surətdə şişirdildi. Onlara qeyri-məhdud miqdarda qrantlar verildi. Qarşılarına da yalnız bir vəzifə qoyuldu: Azərbaycanda nə varsa, qara rəngdə göstərilməlidir. Bu şəxslər sonradan hərəyə 5-6 təşkilat yaradaraq, ənənəvi hüquq müdafiəçilərini sıradan çıxarmağa çalışdılar. Başqa təşkilatlar maliyyə vasitələri alanda onlara mane olmağa, donoslar yazmağa başladılar.

Nəticə göz qabağındadır: İndi yenə də ölkədə insan hüquqlarını müdafiə edənlər meydandadır. Pul və şöhrət dalınca gələnlər isə hərəsi bir yerə qaçıblar. Bəziləri də Avropada sığınacaq alıblar, guya bunlar təqib olunur. İndi də əvvəlki kimi insan hüquqlarına heç bir töhfə verməyən fəaliyyətlərini davam etdirirlər.

- Sizə hüquq müdafiəçisi kimi il ərzində neçə vətəndaş müraciət edir?

- Əvvəllər biz Bakıda və regionlarda əhaliyə hüquqi yardımlar göstərən ictimai qəbul otaqları təşkil etmişdik. Minlərlə insana yardımlar edirdik. Yalnız bir strateji məhkəmə çəkişməsini udmaqla minlərlə insanın hüquqlarını təmin etdiyimiz hallar da var. İndi bu imkanlar yoxdur. Əvvəla ölkədə adını yuxarıda çəkdiyim qrant monopolistləri buna imkan vermirdi, indi isə xarici donorların (onların xeyli hissəsi korrupsiyalaşmışdı onsuz da) leqal qrant vermək imkanları məhdudlaşdırılıb. Ona görə, müraciətlər olsa da, az adama kömək edə bilirik. Hazırda heç bir vəsait olmadan daşınmaz əmlak hüquqları pozulan şəxslərə məhkəmə prosesləri aparırıq. Bu il Avropa İnsan Hüquqları Məhkəməsinə 18 nəfərin işini hazırlamışıq. Amma heç bir vəsait olmadan.

- Əməkçi hüququnu yetərincə bilirmi?

- Yox, bilmir. Ölkədə formal əmək bazarıda çalışanların sayı qeyri-formal əmək bazarında çalışanlardan azadır. Bu, o deməkdir ki, əmək hüquqları total şəkildə pozulur. Burada hüquqları bilməmək də az rol oynamır.

- Qeyri-hökumət təşkilatları maddi sıxıntıdan şikayətçidir. Donor təşkilatların Azərbaycana yardımını dayandırması təşkilatınızın işinə maneə törətdimi?

- Qeyd etdiyim kimi, onsuz da xaricdən gələn qrantların təxminən 75%-i 10-12 nəfərin əlində cəmləşmişdi. Özlərinin və satellit təşkilatlarının vasitəsilə bütün vəsitləri mənimsəyirdilər. Məhz mənimsəyirdilər. Layihə yerinə yetirən yox idi və ya məslən layihə çərçivəsində Avropa İnsan
Hüquqları Məhkəməsinə plsuz şikayət hazırlayan bəziləri, onlara müraciət edənlərə
bəzn 3 500 manat pul istəyirdi. Bəziləri bu qurbanlarla borc müqavilələri
bağlayırdı.

- Təxminən 10 il əvvəl hüquq müdafiəçiliyi sahəsinə axın var idi. Bu axın niyə dayanıb? İnsan haqları ilə bağlı bütün problemləri həll etmişik, yoxsa daha maddi gəlir yoxdur?

- Asan pul qazanmaq həvəskarlarının axını var idi. İndi dayanıb. Ortada klassik hüquq müdafiəçiləridir, hansılar ki, aşağıdan və yuxarıdan basqı altındadırlar, əsasən də aşağıdan.

- Qeyri-hökumət təşkilatlarının aldıqları vəsaiti düzgün istiqamətə xərcləməməsi haqda uzun müzakirələr getdi. Bu müzakirələrdən kənarda qaldınız. Susqunluğa səbəb nə idi?

- Bu mövzuda məndən çox danışan yoxdur. Mən hətta ATƏT-in İnsan hüquqlarına həsr olunan illik toplantıda “Keçmiş Sovet Respublikalarında bəzi donor təkilatları və onların vasitəçilərinin korrupsiya tətbiq etmələrinə dair” qətnamənin qəbul olunmasını və korrupsiya hallarının
araşdırılması üçün xüsusi komissiyanın yaradılmasını da təklif etmişəm.

- Yaxın 10 ildə Azərbaycanı insan hüquqlarının qorunmasına görə hansı ölkələrlə müqayisə edə biləcəyik?

- Azərbaycanda insan hüquqlarının təmin edilməsi üçün həm milli, həm də beynəlxalq normalar bazası var. Mexanizmlər də var. Sadəcə, onlardan daha səmərəli istifadə olunmalıdır. Məmur özbaşınalığının, xüsusən də yerlərdə məmur özbaşınalığının qarşısı alınmalıdır. Belə olarsa, Şərqi Avropa ölkələri ilə müqaisə olunmaq şansımız var.

- Bakı sakini kimi ən çox sizi nə narahat edir?

- Bakı gözəlləşir, amma problemlərilə birgə. Əvvəllər də Bakı əlilliyi olan şəxslər üçün heç bir şəraiti olmayan şəhər idi, indi uşaqlı qadınlar da şəhərdə uşaq arabası ilə hərəkət edə bilmir. Yeni tikilən infrastruktuda ya müvafiq qurğular yoxdur, ya da standarta cavab vermir. Məsələn,
yeraltı keçidlərdə qoyulan panduslar 45 dərcə bucaq altındadır. Burdan nəinki əlilliyi
olan və ya arabadan istifadə edən valideyn faydalana bilməz, hətta kaskadyor üçün də risklidir.

Küçələrdə yağış sularının axıdılması üçün qurğular yoxdur, əvvəl olanların da üstünə asfat örtüyü çəkibıər. Nəticədə azacıq yağmur olanda bütün su səthdə qalır və gölməçələrə çevrilir.

Parklar əsasən daş xiyabanlardan (stone garden) ibarətdir. Təssüf ki, Avropadakı kimi (məsələn, Berlin parkı) təbii landşafta yaxın yaşıllıq zonaları yox dərəcəsindədir. Zeytun bağları vardı, onları da demək olar, məhv etdilər. İctimai nəqliyyat 1978-ci ilin səviyyəsindən xeyli aşağıdır. Bunlar məni narahat edir. Bir də əhalinin sanitariya mədəniyyəti.

Məşhur sovet alimi, həkim Semaşko deyirdi ki, “sanitariya mədəniyyəti yoxdursa, deməli, ümumiyyətlə, mədəniyyət yoxdur”. Şəhər hakimiyyəti təmizlik yaratmağa səy göstərir. Bu, yaxşıdır, amma əhalinin sanitariya mədəniyyətinin artırılmasına yönələn layihələr yoxdur.

- Vətəndaş olaraq hansı hüquqlarınız daha çox pozulur?

- Mənim hüquqlarım son 3 ildə xeyli pozulub və təəssüf ki, heç birini bərpa edə bilməmişəm. Mən başqaları üçün səy göstərirəm, amma özümə çatanda çətin olur. Mən vəkilliyə bütün imtahanları vermişəm və icbari kursları da müvəfəqiyyətlə bitirmişəm, amma vəkil vəsiqəsi vermirlər. Məhkəməyə verdim, Ali Məhkəmədə hətta vəkilimə hücüm etdilər hakimin gözünün qabağında. İki ildən çox keçib, qərarı da vermədilər. Göndərdilər Nəsimi rayonuna, ora da mən getmədim. Mənə məxsus daşınmaz əmlak və içərisindəki avadanlıqalar xarici ölkədə səfədə olarkən dağıdıldı. Mən qayıdanda yerində artıq asfalt idi. Onda da heç nə etmədim.

Günay Arda
Femida.az

Açar sözlər:

Oxunub: 2570


Oxşar xəbərlər