Qıraqdan baxan nə deyər?


17:41     08 İyun 2015 10869614_603510676451800_5212467900251632605_o0.jpg

Dünyaya gəlmək istəyirdim. Evdəkilər harada doğulmağımı götür-qoy edirdilər. Nənəm dedi gərək özəl klinikada doğulam.

Atam soruşdu:

“Niyə?”

Nənəm dedi:

“Qıraqdan baxan nə deyər?!”

Səhəri gün mənə ad qoyulacaqdı. Atamgil qərara gəldilər ki, milli adlarımızda olan “Öztürk” adını qoysunlar. Nənəm atamı bir qırağa çəkib “Atanın adı dura-dura niyə türk adı qoyursan?”

Atam narazılığını bildirəndə, nənəm dedi:

“Qıraqdan baxan nə deyər?!”

Bir yaşıma çatmışdım. Valideynlərimin imkanı ürəkaçan deyildi. Doğum günümü evdə qeyd etmək istəyirdilər. Babam dedi:

“Heç elə şey olar?”

Soruşdular: “Niyə?”

Babam dedi:

“Qıraqdan baxan nə deyər?!”

Atam yaxınlıqdakı məhəllə məktəbinə getməyimi istəyirdi. Anam “mütləq liseyə getməlidir”-deyə etiraz etdi.

Atam soruşdu:

“Niyə?”

Anam dedi:

“Qıraqdan baxan nə deyər?!”

Orta məktəbin son siniflərində idim. Evdə tək başıma universitetə hazırlaşırdım.

Anam dedi: “Gərək sənə müəllim tutaq”.

Soruşdum “Niyə?”

Dedi:

“Qıraqdan baxan nə deyər?!”

Məktəbi bitirdim. Sənədlərimi filologiya fakültəsinə vermək istəyirdim.

Atam ciddi ifadə ilə “mütləq hüquqşünas olmalısan”-dedi.

Soruşdum: “Niyə?”

Dedi:

“Qıraqdan baxan nə deyər?!”

Yaşım iyirmi dördü haqlamışdı. Artıq ailə qurmaq vaxtım idi. Valideynlərim sevdiyim qızın olub-olmamağını öyrənmək istədilər. Məndə öz növbəmdə orta məktəbdən bəri istədiyim qızın adını, valideynlərinin kim olduğunu onlara dedim. Biləndə ki, qız savadsızdır, atası da fəhlədir, onda anam dedi ki, o qızı gəlin gətirmək üçün gərək mənim meyitimin üstündən keçəsən.

Soruşdum ki, niyə?

Dedi:

“Qıraqdan baxan nə deyər?!”

Nə isə dedikləri ilə razılaşdım. Özlərinin münasib gördüyü bir qızla evləndim. Toyumuzun qeyd ediləcəyi yeri dəqiqləşdirməli idik. Onlara sadə, dəbdəbədən kənar, bağımızda toy etmək istədiyimi dedim. Atam razılaşmadı.

Səbəbini bilmək istəyəndə dedilər:

“Qıraqdan baxan nə deyər?!”

Aylar, günlər, saatlar bir birini əvəz etdi. Yaxın zamanlarda övladım dünyaya gələcək. İndi onun harada doğulmasını düşünürəm. Düşünürəm ki, qıraqdan baxan bizə nə deyər?!

Şahverdi Şirinli
Femida.az

Açar sözlər:

Oxunub: 2255


Oxşar xəbərlər