81 yaşlı qadının qatillərinin dəhşətli etirafları –BİR CİNAYƏTİN TARİXÇƏSİ


17:47     08 İyun 2015 10780.jpg

Göygöl rayon sakinləri İlham Əsədov, onun qardaşı Faiq Əsədov, Gəncə şəhər sakinləri - Məhərrəm Qasımov və Zəhra Rüstəmova cinayət əlaqəsinə girərək, 2011-ci il fevralın 7-də Gəncə şəhər sakini, 81 yaşlı Siddiqə Əliyevanı xüsusi amansızlıqla qətlə yetiriblər.

Göygöl rayon sakinləri İlham Əsədov, onun qardaşı Faiq Əsədov, Gəncə şəhər sakinləri - Məhərrəm Qasımov və Zəhra Rüstəmova cinayət əlaqəsinə girərək, 2011-ci il fevralın 7-də Gəncə şəhər sakini, 81 yaşlı Siddiqə Əliyevanı xüsusi amansızlıqla qətlə yetiriblər.

Femida.Az xəbər verir ki, təqsirləndirilən şəxslər 81 yaşlı qadının evinə qarət məqsədi ilə giriblər. Basqınçılar onu xüsusi amansızlıqla qətlə yetiriblər. Daha sonra evdən 1 ədəd qızıl üzük, 2 ədəd qızıl sırğa, 1 ədəd qızıl boyunbağı və geyim əşyaları aparıblar.

Cinayəti törədənlər necə həbs edildilər?

Bu cinayət işi hüquq-mühafizə orqanlarının diqqət mərkəzində olub. Baş Prokurorluq, Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsi, Gəncə şəhər Polis İdarəsi və şəhər prokurorluğu əməkdaşlarının həyata keçirdikləri birgə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Siddiqə Əliyevanın şəhər sakini Zəhra Rüstəmova, Göygöl rayon sakinləri İlham Əsədov və onun qardaşı Faiq tərəfindən qətlə yetirilməsi müəyyən edilib. Həyata keçirilmiş tədbirlər nəticəsində Zəhra Rüstəmova və Faiq Əsədov hadisədən bir gün sonra tutulub.

İlham Əsədovun hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 5 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsində cəza çəkdiyi məlum olub. O, cəza çəkdiyi müəssisədən çıxarılaraq istintaqa təhvil verilib. Həmin ilin fevralın 17-də dəstənin daha bir üzvü Məhərrəm Qasımov müəyyən edilərək istintaqa cəlb edilib.

7 maddəlik cinayət işi...

Təqsirləndirilən şəxslər bu əməlləri ilə Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə), 120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə), 120.2.6-cı (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), 177-ci (oğurluq), 181-ci (quldurluq) maddələri ilə ittiham ediliblər. Onların cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

“Heç kimi öldürməmişəm, qarət etməmişəm”

Hakim Nazim Mövsümovun sədriyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər ifadə verib. İlk olaraq təqsirləndirilən şəxs qismində Faiq Əsədov dindirilib. Prosesdə çıxış edən Faiq Əsədov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, heç kimi öldürmədiyini və qarət etmədiyini bildirib:

“Qardaşım İlham bir neçə dəfə mən işdə olanda yanıma gəlib, hadisə olan vaxtı isə mənə zəng edib və yolüstü mənim maşınıma minib. Əvvəlcədən bu hadisədən xəbərim olsaydı, onu maşınıma götürməzdim”.

“Qorxumdan heç kimə bir söz demədim”

Digər təqsirləndirilən şəxs İlham Əsədov deyib ki, Zəhra Rüstəmova keçmiş qonşusu olan Siddiqə Əliyevanın evindən oğurluq etmək planını irəli sürüb:

“Zəhra dedi ki, Siddiqənin oğlu Bakıda yaşayır və o, oğlunun evinə qonaq gedib. Biz də Zəhra ilə razılaşdıq və fevralın 6-da Məhərrəmlə birlikdə Siddiqə yaşayan evə gəldik. Damın taxtalarını söksək də, evə daxil ola bilmədik. Sökdüyümüz taxtaları yerinə düzəndən sonra geri qayıtdıq. Ertəsi gün Zəhra mənə dedi ki, Siddiqə Bakıya getməyib. Mən ondan 3 min manat sələmə pul götürməsini Zəhradan xahiş etdim. Zəhra da “gedək götürüm”, deyə, razılaşdı”. Siddiqə Əliyevanın evinə getdiyimiz zaman onun ağzıüstə uzanaqlı vəziyyətdə olduğunu gördük. Zəhra arvadın pilləkəndən yaxıldığını dedi. Mən Zəhraya dedim ki, arvad ölüb və məni bura niyə gətirib? Zəhra evə kiminsə girdiyini bildirdi. Biz evi tərk etdik və mən Göygölə getdim. Bu barədə də qorxumdan heç kimə bir söz demədim”.

Bir nəfər ömürlük, üç nəfər müddətli cəzaya məhkum edilib...

Digər təqsirləndirilən şəxslər də məhkəmə istintaqı zamanı fərqli ifadələr veriblər. Hətta təqsirləndirilən şəxslər bu cinayətdə bir-birlərini də ittiham ediblər. Məqsəd cinayətdən yaxa qurtarmaq olub. Lakin zərərçəkmiş, şahid ifadələri, təqsirləndirilən şəxslərin ziddiyyətli ifadələri ilə sübut edilib ki, cinayət hadisəsi təqsirləndirilən şəxslər tərəfindən törədilib.

Buna görə də məhkəmə bütün tərəfləri dinləyəndən sonra hökm elan edib. Məhkəmənin hökmü ilə İlham Əsədov ömürlük, Məhərrəm Qasımov 14 il, Faiq Əsədov və Zəhra Rüstəmova isə 13 il müddətinə azadlıqdan məhrum ediliblər.

Qatillər narazı qalıb...

Həmin hökmdən narazı qalan təqsirləndirilən şəxslər Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə razılaşmayıblar. Onlar həmin hökmdən apelyasiya şikayəti veriblər və cəzalarının yüngülləşdirilməsini istəyiblər. Onların şikayətinə Gəncə Apelyasiya Məhkəməsinin Cinayət İşləri üzrə Kollegiyasında baxılıb.

Vəkillər 81 yaşlı qadının qatillərinə bəraət istədi...

Onların apelyasiya şikayətinə hakim Çingiz Məmmədovun sədrlik etdiyi kollegiyada baxılıb. Prosesdə ilk olaraq təqsirləndirilən şəxslərin vəkilləri çıxış edib. Onlar apelyasiya şikayətlərinin dəlillərini müdafiə ediblər. Vəkillər müvəkkillərinin barəsində bəraət hökmünün çıxarılmasını xahiş ediblər.

“Törətmədiyim cinayətə görə, 13 il cəza almışam”

Prosesdə çıxış edən təqsirləndirilən şəxs İlham Əsədov günahsız olduğunu diqqətə çatdırıb. O, heç bir günahı olmadan 13 il cəza aldığını deyib. Çıxışının sonunda baş vermiş qətl olayından xəbərsiz olan məhkum barəsində olan cəzanın ləğv edilməsini xahiş edib:

“Mən bu qətli törətməmişəm. Törətmədiyim cinayətə görə, 13 il cəza almışam. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünün mənə aid olan hissəsinin ləğv edilməsini və barəmdə bəraət hökmünün çıxarılmasını xahiş edirəm”.

Cinayətdən yayınan qatillərə bəraət verilmədi...

Yaşlı qadını öldürmədiyini deyən İlham Əsədov məhkəmədən ən ağır cəza aldğını diqqətə çatdırıb. O, barəsində olan hökmün ləğv edilməsini istəyib. Məhərrəm Qasımov və Zəhra Rüstəmova da elan olunmuş ittihamları qəbul etməyiblər. Məhkumların çıxışından sonra söz dövlət ittihamçısına verilib. O, məhkumların apelyasiya şikayətinin təmin edilməməsini istəyib. Bütün tərəfləri dinləyən hakim heyəti sonda qərarını açıqlayıb. Qərara görə, məhkumların apelyasiya şikayəti təmin edilməyib və Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1465