Məscidi yandıranların məhkəməsi başladı


20:31     08 İyun 2015 28349.jpg

Təqsirləndirilən şəxslərdən biri Azərbaycanın Milli Qəhrəmanının oğludur


Bakı Ağır Cinayətlər Məhkəməsində Qaraçuxur qəsəbəsində yerləşən “Cümə” məscidini yandırmaqda təqsirləndirilən Elnur Ələkbərov və Namiq Nəsibovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.Hakim Rauf Əliyev sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib və iş baxışa təyin edilib.

İttihama əsasən, təqsirləndirilən şəxslər 26 noyabr, 2014-cü ildə Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsində yerləşən “Cümə” məscidinə yandırıcı maye ilə doldurulmuş şüşə butulkalar atmaqla yanğın törədiblər.

“Milli Təhlükəsizlik Nazirliyi tərəfindən keçirilmiş anti-terror tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonunun Biləcəri qəsəbəsində həmin cinayəti törətməkdə şübhəli bilinən – Nəsibov Namiq Kamil oğlu və Ələkbərov Elnur Tahir oğlu saxlanılıb. Namiq Nəsibovun üzərindən “Makarov” tipli tapança və 8 ədəd 9 mm çaplı patron, Elnur Ələkbərovun isə üzərindən “Smit-Vesson»”markalı revolver aşkar edilərək götürülüb.

Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən terrorçuluq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyəti orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər törətmə, habelə həmin məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələmə), 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb, barələrində həbs qətimkan tədbiri seçilib. İstintaqla müəttən edilib ki, Namiq Nəsibov 2014-cü ilin avqust-sentyabr aylarında “PKK” terrorçu təşkilatının nəzarətində olan Suriya Ərəb Respublikasının ərazilərinə gedərək oradakı döyüşlərdə iştirak edib. Namiq Nəsibov Suriyanın Kobani şəhərindən qayıtdıqdan sonra Elnur Ələkbərov ilə birgə “PKK” terrorçu təşkilatının respublikamızda qanadı olaraq qeyri-rəsmi “Yekbun” təşkilatını yaratmış və ətraflarına tərəfdarlar toplamaq işinə başlayıb. Namiq Nəsibov və Elnur Ələkbərov İnternetdə sosial şəbəkələr vasitəsi ilə yaratdıqları təşkilatın adından Bakı şəhərində aksiyaların keçirilməsi üçün çağırışlar da ediblər. Bundan başqa, Namiq Nəsibov və Elnur Ələkbərov qabaqcadan əlbir olan bir qrup şəxs halında İslam dininin «əhli-sünnə» təriqətinə mənsub və dini baxışlarına görə radikal saydıqları şəxslərə qarşı olan nifrətlərini nümayişkaranə şəkildə ifadə etmək, onların arasında qorxu və vahimə yaratmaq məqsədilə, bu cür qəbul etdikləri şəxslərin kütləvi toplaşdığı yerlərdə terrorçuluq aksiyasının törədilməsini planlaşdırıblar. Bu niyyətlərinin həyata keçirilməsi məqsədilə 2014-cü il noyabrın 25-də axşam saatlarında Namiq Nəsibov və Elnur Ələkbərov izlənməkdən ehtiyat edərək bir neçə taksi dəyişməklə Qaraçuxur qəsəbəsinə gəlib, buradakı «Cümə» məscidində yanğın törətmək məqsədilə ərazidə yerləşən müxtəlif yanacaq doldurma məntəqələrindən 10 litr benzin almış və həmin oddan təhlükəli mayeni əvvəlcədən əldə etdikləri şüşə butulkalara dolduraraq yandırıcıvə partlayıcı vasitə hazırlayıblar. Bundan sonra Namiq Nəsibov və Elnur Ələkbərov noyabrın 26-da saat təxminən 02:04 radələrində həmin məscidin arxa və ön tərəfdə olan qapılarını sındırıb və yandırıcı maye ilə dolu şüşə butulkalarının fitillərini alışdıraraq içəriyə ataraq yanğın törədib” – MTN-in yaydığı məlumatda bildirilir.

Qeyd edək ki, Namiq Nəsibov Azərbaycanın Milli Qəhrəmanı Kamil Nəsibovun oğludur.

Femida.az

Açar sözlər:

Oxunub: 994