DSMF nazirliyə tabe edildi - FƏRMAN


23:05     18 Mart 2016 ilham%20eliyev%20seren0.jpg

Prezident İlham Əliyev əhalinin sosial müdafiəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında fərman imzalayıb.


Femida.az xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb.

Fərmanda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, sosial müdafiə sahəsində vahid dövlət siyasətinin və səmərəli idarəetmənin həyata keçirilməsi, əhalinin sosial tələbatlarının ödənilməsində müasir informasiya texnologiyalarının tətbiqi ilə kompleks yanaşmanın gerçəkləşdirilməsi, o cümlədən əmək pensiyaları və digər sosial ödənişlərin təyinatının “bir pəncərə” prinsipi üzrə təşkilinin təmin edilməsi məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilsin və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılsın.

2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın ki, bu Fərmanın 1-ci hissəsini nəzərə almaqla Nazirliyin strukturunun və fəaliyyətinin optimallaşdırılması, habelə işçilərinin ümumi say həddi barədə təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

Femida.az

Açar sözlər:

Oxunub: 2435