Formula-1 üçün sayt istifadəyə veriləcək


21:33     19 Mart 2016 baku_halga_city_circuit_logo_301015.jpg

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) yeni internet səhifəsi bayram günlərində istifadəyə veriləcək".


Femida.az-ın məlumatına görə, bunu BŞH-nin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.

N.Arpadarai bildirib ki, bayram ərəfəsində istifadəyə veriləcək yeni saytda hər kəs Avropa Qran-prisi ilə yanaşı, ümumilikdə Formula-1 haqqında daha ətraflı və dolğun məlumatlar əldə edə biləcək.

Qeyd edək ki, “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin yeni istifadəyə veriləcək saytında yarışı izləmək üçün Bakıya gələcək xarici və yerli tamaşaçıların istəkləri xüsusi olaraq nəzərə alınıb. Belə ki, yeni saytda olacaq bölmələrdən biri Azərbaycana və xüsusən də, Bakı şəhərinə həsr olunub. Bu bölmədə ölkənin tarixi, mədəniyyəti, mətbəxi, iqlimi və digər zəruri məlumatlar öz əksini tapacaq.

Eyni zamanda, saytın yeni versiyasında “Bakı Şəhər Halqası” ilə detallı şəkildə tanışlıq mümkün olacaq. Bu bölmədə interaktiv xəritə vasitəsi ilə trekin konfiqurasiyası və onun ətrafında yerləşən tribunalar haqqında ətraflı məlumatlara yer verilib. Həmçinin saytın ziyarətçiləri oyun formasında proqramlaşdırılan interaktiv trek bələdçisinə daxil olaraq bolidi trek boyunca hərəkət etdirərək Formula-1 yarışlarındakı sürət və həyəcanı hiss edə biləcəklər. Eyni zamanda, bu bələdçi ziyarətçilərə trekin hər bir hissəsini üçölçülü formatda izləmək imkanı da verəcək.

Yeni saytda olacaq bölmələrdən biri də dənizkənarı bulvarda salınacaq Formula-1 şəhərciyi və orada keçiriləcək tədbirlər haqqındadır. Bu bölmədə yarış həftəsinin sonunda bu şəhərcikdə baş tutacaq əyləncə tədbirləri, avtoqraf sessiyası və konsert proqramları barəsində geniş məlumatlar öz əksini tapacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 756