“Masallı Mamed”in Novruz günü həbsxanada ölümü - Həyat hekayəti


18:20     20 Mart 2016 mamed%20ve%20qardasi%20dostlari7.jpg

“Masallı Mamed”in həbsxanada müəmmalı ölümündən 5 il keçir.


“... Mən gedirəm. Əgər mən hələ dilimə gətirmədiyim, bəyan etmədiyim həqiqəti özümlə aparıramsa, demək, həqiqət özü məni arayıb-axtaracaq, məni bir də dünyaya gətirəcək və mən yenə işıqlı cahanda zühur edəcəyəm!”
Cibran Xəlil Cibran

...Təbiət yen’ “Kəhər atlı” yaz günəşinin bol işığı altında öz səltənətinin taxt-tacına Baharı çıxarmışdı. Təbiət öz qanunlarını pozmurdu. Gül-çiçəyinin diliylə, quşların cəhcəhiylə, bulaqlarının zümzüməsiylə, şəlalələrin səsiylə adamlara: “Dünya yaşamalı dünyadı” – deyirdi... Dağ, meşə, dəniz dünyaya gözəllik bəxş edən Ana Təbiətin doğma övladlarıydı. Bəs görəsən cəmiyyət Ana Təbiətdən niyə ibrət almırdı?
...İki gün idi ki, həbsxanada çal-çağır səsi gəlirdi. Mamedin adına göndərilən maşın-maşın bayram sövqatı dustaqlara paylanırdı.
...Gələn qonaqları özü qəbul edirdi. Yorulmuşdu. “Eybi yox, bayramı yola verib, sonra doyunca dincələrəm!” düşünürdü. Bu gün də konsert proqramı nəzərdə tutulmuşdu. Durub üzünü qırxdı. Duş qəbul elədi... İnsan çıməndə ruhən dincəlir. Ruhu sevinc içindəydi. Ürəyi isə bərk sıxıldı. “Bir az uzanım, dincimi alım, sonra durub tədbirə gedərəm!” Uzandı. Gözlərini yumub xəyala daldı... Kirpiklərindən elə bil daş sallanmışdı. Göz qapaqları HƏYAT səhnəsinin son pərdəsi kimi qapanmışdı.
Dünən qardaşlarına - Elşənə, Əjdərə: “Qohum – qardaşı yığın, gedin Masallıya, bayramı anamla birgə keçirin!”- demişdi. Dünən elə yaxşıydı ki... Özünü sapsağlam hiss edirdi. Dostu Rafiq gəlmışdı... Deyib-güldülər. Heç ayrılmaq istəmirdi. Dünən dünəndə qalmışdı.
Bu gün... Dünya dünənki dünyaya bənzəmirdi. Xəyalı yenə Azərbaycan fəzasında quş kimi qanad açdı... Mavı dənizin üstündən uçub cənuba getdi. İsti təndir çörəyinin ətri doldu burnuna...
Dörd-beş il öncə ata evində - aynəbəndli eyvanda yuxuya getmişdi. “Oyan, Mamed, oyan!” Gözləri açdı. Qardaşı idi. “Nə olub, doktor?” İxtisasca diş həkimi olan qardaşı Möhübbət: “Qorxdum, elə bil, nəfəsin gizlənmişdi”-dedi. “Yaxşı ki, məni oyatdın, ürəyim bərk sıxılırdı...”
...Onu burda da, “doğma ev” bildiyi həbsxana hücrəsində də yuxudan oyatmaq lazım idi.“Məni günün bu vədəsində dərin yuxuya getməyə qoymayın, qardaşlar!”
... Doğma qardaşlarını bir-bir xatırladı; Möhübbət, Əjdər, Elşən, Qoşqar. Anası Gövhərtac açıq qalmış həyət qapısından yola boylanırdı. Əziz gündə oğullarının yolunu gözləyirdi. O, anasını çağırmaq istədi. Səsi uzaq bir vadidən gəldi... Bura son görüş yeri - vida vadisi idi. “Ayrılıq” nəğməsinin sonuncu akkordları bu taylı, o taylı Azərbaycana səs salmışdı: “Hər bir dərddən olur, yaman ayrılıq...”
...Alyaşıla bürünmüş AYRILIQ vadisində Ölümün soyuq nəfəsini duyan xəyal geri dönmək istədi. Burda - həbsxanada BÖYÜK QARDAŞ tituluna görə “azad” yaşamaq hüququ “qazansa” da, insan kimi AZAD ÖLMƏK hüququndan mərhum edildiyini bilirdi... “Lotu Bəxtiyar” da bu həbsxanada – məşhur “Ölüm korpusu”nda gözlərini əbədi yummuşdu... İndi də o əbədi AZADlığın astanasında idi.
***
...Mamedin vücudu getdikcə sönükən çırağa bənzəyirdi. Övladlarindan ilkinin, nübar balasının toyunu görmək niyyətnə, işıq dolu arzusuna ÖLÜM qara kölgə salmışdı. Qürbətdə onu hər addımda kölgə kimi təqib edən ölüm öz doğma diyarında TORA salmışdı... Bahar təravətli güllərin ətrini dərman iyində boğan “nömrəsiz” xəstəxana palatası Mamedin həyat kitabının son səhifəsi oldu. Onun sabaha – bayram gününə çıxmaq ümidilə çırpınan qəlbi 20 martda dayandı. Zamanənin cilovunu əlinə almış “DƏCƏL ƏCƏL” ona ömrünün qocalıq fəslini yaşamağa MACAL vermədi.
Təbiətin bahar fəslində ömrünün keşməkeşli HƏBSxana fəsli sona çatmış Mamed XƏSTƏxananın morqunda hərəkətsiz qalsa da, nəşi də ruhu kimi burada bir an da olsun qərar tuta bilmədi... Gecəylə - gündüzün TƏN yarıya bölündüyü - bərabərləşdiyi ərəfədə (şərq təqvimi ilə yeni ilə -YENİ GÜNƏ – yəni “Novruz”a bir neçə saat qalmış) köçü axirət dünyasına yola düşdü.
Ruhu da, nəşi də gecəylə Masallıya doğru üz tutdu. Özü də həmişə olduğu kimi qara eynəkdə, qara maşında, qara qiyafədə...

“ BEŞİYİMDİ, MƏZARIMDI MASALLI...”
Həyat qəmli bir karvandır,
addımlayır, ağır-ağır.
Son mənzilə aparacaq,
qoşulduğum karvan məni...
Vaqif Hüseynov.
Maşın karvanı gecəylə Masallıya gedirdi. “Karvanbaşı” ZAMANIN ağır yükünü aparan maşındaydı. Qarşıdan gələn maşınların işıqında qara eynəkli oğlanın nurlu çöhrəsini görənlər onun sağ olduğunu zənn edirdilər.
...Masallı şəhərinin girəcəyində liliput palmaların arsından ağır-ağır ötüb-keçən böyük “karvan” işıqafordan sola döndü...
...Dünya susmağında, mənimsə ürəyim indi Masallıdaydı, zamanın ağır yükünü aparan karvana qoşulmuşdu, özüm Bakıda Soltan Hacıbəyovun “Karvan” simfoniyasının sədaları altinda düşüncələrə dalmışam. Zınqrovlar aramla səslənir, sanki hüznlü səslə hey nəsə pıçıldayır.
... Mamedin nəşini aparan “Karvan” mənzil başına cathaçatda idi...
...Sabah – Azərbaycanın hər bir güşəsində olduğu kimi Masallıda da Novruz bayramı münasibətilə hamı bir-birinə “Bayramın mübarək!” deyəcəkdi. Hətta ağbirçəklər-ağsaqqallar küsülüləri barışdıracaqdılar:
Gəbənin eni qarış,
Güllü-butalı naxış...
Bayram küsülü sevməz-
Qadan alım, gəl, barış!
Xalq arasında “Bayramın qara gəlsin!” qarğış duasıdır. Mamedin ailəsini, anasını, doğmalarını indiyədək heç kim belə qarğımamışdı. Əksinə, məhəllədə kiçiyə izzət, böyüyə hörmət edən Mamed kimi bir adamın anasına hamı alqış duaları edərdi: “Oğlun darda qalmasın!”, “Oğul dağı görməyəsən!” “Allah balanın başından bir tük də əskik eləməsin “...

Mamedin doğma Masallıya hər dəfə gəlişi toy-bayram idi.. Amma bu dəfə...
***
Alqış alqış yerində!.. Axı bu xeyir-dualarda ÜMİD də vardı. Novruz – Bahar bayramı da Ana Təbiətin biz insanlara bərabərlik, sülh, barış təklifi idi.
“ – Bacıoğlu, maşallah, gözümə yaxşı dəyirsən!”
“ – Hə, dayı, özümü gümrah hiss edirəm...”
“ – İnşallah, bir də bayram günü gələcəyəm!”
“ – İnşallah...”
“ – Allah amanında, salamat qal, bacıoğlu... ”
“ – Görüşənədək, dayı!...”
Fəxrəddin o gün qapıdan çıxanda bacısı oğlu ilə bir həftə öncə aralarında olan son söhbəti xatırladı. Sabah - yeni gün başlayacaqdı. Bayramın ilk günü bacısı oğluyla görüşəcəkdi: “ – Ağri-acılarımız qoy köhnə ildə qalsın!” Apardığı şırin-şəkər bayram payından: paxlavadan, badamburadan, şəkərburadan dadacaqdı, Mamed: “ – Ağzın şirın olsun,dayı!” ...“ – Nuş olsun, bacıoğlu!”
...Mobil telefonunun qəfil zənginə xəyaldan ayrıldı. Fəxrədinin əl-qolu yanına düşdü. Hərəkətsiz dayanıb dərindən köks ötürdü. Bir az əvvəlki bayram əhval-ruhiyyəsinə elə bil matəm ab-havası çilədilər.
Dünyanın şər vaxtı çatmışdı... Zamanənin üfüqlərindən AYRILIQ həsrəti boylanırdı... Bir az əvvəl morqda “görüşəndə” bacısı oğlu əbədi yuxuya getmişdi.
***
Bu gün el-oba bayram axşamına hazırlaşırdı. Belə vədələrdə Mamed kimi doğmasının ölüm xəbərini alan adamların simasını siz də gözləriniz önünə gətirin! Bu acı səhnəni yazmaqda qələm, deməkdə dil acizdir, əziz oxucum!..
Doğma Masallıda – Azərbaycanın Milli Qəhrəmanı Səfərəli Məmmədovun adını daşıyan, keçmiş Cabbarlı küçəsində Mamedin ailəsi yas içindəydi; qohum-əqrabasının, dostlarının “Bayramı qara gəlmışdi...”
Amma o, sağlığında olduğu kimi “gəlmişdi” Masallıya, gəlişiylə hamını bir araya gətirmişdi. Bu “gəlişindən” xoflananlar da az deyildi!
Zaman və məkan dəyişsə də səmanın ənginliyində - dünyanın başı üzərində şəfəq saçan Günəş həmən Günəşdi elə. Yaz günəşi Azərbaycana məxsusi gözəllik, yar-yaraşıq verir, bayram süfrələrinə nur çiləyirdi...
Biz hamımız o günəşin zərrələriyik... Günəşin kiçik bir zərrəsitək doğuluruq. Bir zərrəsitək də ölürük. Ana günəş hər zərrəsini itirəndə rəngi solub-saralır.
...Sabah bacısı oğlu məzara qoyulan anda Fəxrəddin buludların arxasında titrəyən günəşin solğun bənizini, isti göz yaşlarını görəcəkdı..
Qohum-əqraba, uzaqdan-yaxından Masallıya üz tutub gələn dost-tanışlar o gün böyük təlaş içidəydi. Dərd o qədər ağır, itki o qədər gözlənilməz idi ki, kim kimə təsəlli, ürək-dirək verəcəyini belə bilmirdi.
Viləşə ünvanlı-ünvansız bulaqların göz yaşları süzülmüşdü. Dağ çayı həzin-həzin, dənizin qoynuna axa-axa avazla: “QURBANSIZ BAYRAM OLMAZ...”- pıçıldayırdı.
Masallı YEDDİ küçə,
Yeddi YOL, yeddi küçə
Qardaşa TOY eylərəm
Yeddi GÜN, yeddi gecə...
...Yaxın keçmişdə Mamed timsallı igid QARDAŞların toy - nişanında bacılar bu bayatını mahnı kimi oxuyardılar. İndi bu mahnını yalniz nadir hallarda televiziya kanallarına dəvət alan, ötən əsrin 60-cı illərinin əvvəlində bir qrup qız-gəlinin yaratdığı Masallının “Halay” folklor ansamblı ifa edir. Kim bilir, bəlkə elə Mamedin də ata ocağından qız-gəlinlər bu mahnının sədaları altında əllərində rəngbərəng Novruz xonçaları tutub, şadyanalıq edə-edə qız evinə bayram sovqatı aparıblar?!.. Axı Masallı şəhərində yaşadığım 20 il ərzində belə təmtəraqlı mənzərəyə az şahid olmamışdım.
...21 mart 2011-ci ildə toy-büsatlı, bayram ovqatlı sakinlərinə qucaq açan Masallı küçələrı ilk dəfə qərənfil yağışına qərq olmuşdu. Sanki Baharın yaşıl telli Novruz küçələrə xalı kimi döşənən bu al-qırmızı qərənfillərin səssiz fəryadı ilə Mamedə AĞI deyirdi...
Qəfil ÖLÜMlər dünyanı adamın gözündən salır. İllah da ki, əlahəzrət ÖLÜM mələyi adamın canını Ana Təbiətin düzü-dünyaya CAN verdiyi vədədə - Bahar çağında, gecəylə gündüzün bərabərləşdiyi bir ərəfədə ala...
...Hər dəfə yurdumuza Novruz gələndə, ağca-ağca ağacların qol-budaqları düymələnəndə içimdə sual və nida işarəsi ilə süslənən bir YMİD çiçəkləyir: Azərbaycanın TARİXİNƏ qırmızı hərflə yazılacaq QƏLƏBƏ GÜNÜ görəsən, baharın hansı bəxtəvər GÜNünün püşkünə düşəcək?!
Hələ ki, BAHALI tariximizin səhifələri qara rəngli matəm və işğal, qiyam və sui-qəsd günlərindən soraq verən RƏQƏMLƏRLƏ dopdoludur... Bir İGİDin ömrü qədər olar ki, biz Novruzu Qarabağsız keçiririk...
Rəqəmlər... Rəqəmlər... Başa qaxınc, üzə toxunc, dostu ağladan, düşməni sevindirən rəqəmlər... Qalib və məğlub rəqəmlər...
21 (MART) milli varlığımızdan soraq verən ULU rəqəmdir..
21 AZƏR - (12 dekabr) hər il xalqımızın mübarizlık RUHUNUN təntənəsi, qurtuluş bayramı kimi Dünya Azəbaycanlıları tərəfindən qeyd olunduğu gündü.
21... Qumar oyununda yüksək XAL sayilan “UDUŞ RƏQƏMİ”. “Xoşbəxt” rəqəmlər... “Bədbəxt” rəqəmlər... Sirli-soraqlı rəqəmlər... 21 mart günü vaxtsız Ölüm mələyi YOXluğun VARLIQ üzərində saxta qələbəsinə sevinə bilmirdi. Çünki Mamedin Masallıda dəfn mərasimini internetlə dünyada yüz minlərlə adam seyr edirdi. On mindən çox insan onu qəhrəman kimi son mənzilə yola salırdı. Elə Rusiyanın nüfuzlu xəbər potallarından biri - rospres.com Mamedin Bakı həbsxanasında ölümü barədə bu ölkənin mətbuatında rezonans doğuran acı xəbərə belə başlıq qoymuşdu: “VƏTƏN ÖZ QƏHRƏMANINI GERİ BURAXMADI” (Yaxşı ki, bizim məmləkətdə bir çox adların və titulların - hətta “Toylar Kralı” və “Kralıçası”nın SMS-lə verildiyi bir VAXTDA, qəhrəmanlar SMS-lə seçılmir!..)
Mamedin ölüm xəbəri əfsanəyə döndüyü kriminal dünyanın “səmasında” və media aləmində şimşək kimi çaxdı. Rusiyanın novostink.ru saytı: “Rusiyanın ən nüfuzlu “oğru”larından biri vəfat etdi”, news.rambler.ru isə Mamedin vəfatı ilə bağlı yaydığı xəbərdə onu Rusiyanın nüfuzlu “qanuni oğru”larından biri kimi təqdim edirdi. (Fikir verin, Rusiya kimi nəhəng bir ölkənin... keçmiş dönəmlərdəki kimi desək, Ümumittifaq miqyaslı )
Başqa bir rus saytı – reqnum.ru agentliyi yazırdı: “Mamed Rusiyanın ən tanınmış avtoritetlərindən biri idi. Bir neçə il əvvəl qətlə yetirilmiş “Hikmət Sabirabadskidən sonra azərbaycanlı kriminal qruplaşmaların “xaç atası” sayılırdı”. “Azərbaycan kriminalının Rusiyadakı lideri vəfat etdi” – kavkaz-news.info isə öz xəbətinə belə başlıq qoymuşdu.
Haqqinda dərc olunan saysız-hesabsız informasiyalar, “oğru” həyatından bəhs edən yazılar heyrət doğururdu. “Qələbə heyrətləndirməyi bacaranlarındır” Generalsimus Suvorov belə demişdi. Kamil insanın ölümü də varlığı kimi heyrət doğurur. Bunu da mən deyirəm...
Sağlığında əfsanələşən Mamed VARlığı ilə hamını heyrətləndirdi. Həyat səhnəsindən gedişi – YOXluğu da heyrət yaratdı. Mərd bir müsəlman kişisinin ruhu Masallıdan Uzaq Şərqə-Kamçatkayadək yüz minlərlə adamı sanki ovsunlamışdı. Məzarının ziyarətinə çəkib gətirirdi hamını.
...Qızıl kimi kişiləri uda-uda QIZILA dönüb qara torpaq. Qədim kurqanları xatırladan Masallı şəhər qəbiristanlığı o gün elə izdihamlı idi ki, adam əlindən iynə atsan yerə düşməzdi. Bu qəbiristanlıq barədə Xalq şairi Sabir Rüstəmxanlının illər öncə dediyi bir fikri yada saldım: “Bilmirəm, qəbiristanlığa gözəl demək olar, ya yox! Mənim fikrimcə, Masallınin bu qəbiristanlığı dünyanın ən gözəl qəbiristanlarından biridir...”




Anası Gövhərtac xanımla


Burada neçə-neçə alim, Nəcəfdə təhsil almış görkəmli üləma, bəy, tacir, memar, həkim, mühəndis, müəllim, dövlət məmuru, şəhid... sadə İNSAN uyuyur.
Doğma ana diyarımdı Masallı,
Səadətim, baharımdı Masallı.
İlk məskənim son mənzilim bu yerdi,
Beşiyimdi, məzarımdı Masallı...
Yaddaşıma hopan bu misraları Xalq şairi Qabil həmkarı Gülhüseyn Hüseynoğluna xitabən 2000-ci ilin payızında Masallı torpağında demişdi. Və nədənsə mən bu İTHAFI indi ən cox Mamedə və bir də təkcə cismi ilə deyil, ruhu ilə Masallıya bağlı olan, Masallı adını öz adınin yanında böyuk fəxarətlə daşımış və daşıyan bütün ünlü kişilərə şamil edirəm.
...Rəhmətlik Vidadı Məmmədov sağlığında deyərmiş ki, insan yaşlaşdıqca qəbiristanlıq ona daha doğma, daha əziz görünür; ona görə ki, insanın get-gedə qəbristanlıqdakı dostlarının sayı həyatdakı dostlarının sayından çox olur. Bu fikrə ayrı cür çalar, ayrı bir hikmət qatdı Mamedin ölümü!
...Azərbaycanın bütün bölgələrindən və MDB məkanından Masallıya başsağlığına gələnlərin ümumi sayı 40-50 mindən çox idi. İndi Masallı şəhər qəbiristanlığı təkcə masallılara deyil, Mamedin ŞƏXSİYYƏTİNƏ hüsnü-rəğbət bəsləyən rus, gürcü, çeçen, moldavan, alban, belarus, qazax, avar, özbək və başqa millətlərdən olan insanlara da əzizdir. Milliyətindən asılı olmayaraq o, hamı üçün “qardaş” kimi qəbul olunurdu, keçmiş SSRİ xalqalrını təmsil edən nümayəndələri arasında böyük hörmət, nüfuz sahibi idi..
Bəli, biz hamımız – xristian, müsəlman, buddist... bir GÜNƏŞin zərrələriyik. Günəş zərrələrinin ən parlağı ÖLÜMDƏN sonra nur saçanıdı... “İgid ölər, adı qalar” Bu deyimə quvvət verdi, qüdrət qatdı Masallı Mamed... Mamedin adı Ölümdən şərəflə keçib əbədiyyətə qovuşdu. Təkcə müasirlərinin deyil, həm də ZAMANIN yaddaşına həkk olundu.
21 mart... Günorta vədələridir. Yenə içimizdəki ağır dərdə, itkiyə qaboyun ehsan etdiyi “Zəminxarə” həmişə olduğu aramla məlhəm qoyur... Bu ecazlı səs nə göydən gəlirdi, nə yerdən: hər kəs “Zminxarə”ni öz qəlbində eşidirdi. Bu səs içimizə 90-cı ilin qanlı yanvar günləri hopmuşdu!.. Bu səs ata ocağından cənazəsinin götürüldüyü məqəmdan ta qəbiristanlığa kimi Mamedin ruhuna ana kimi laylay çalmışdı, ovundurmuşdu...
Mamedin - Mamməd İsgəndər oğlunun ruhuna deyilən duaların ardinca qəbiristanlığa bir anlığa SÜKÜT çökür. Səssizlikdə Ana Təbiət də sanki ağacların, quşların və ətrafdakı mərmər daşların dili ilə vidalaşır Mamedlə...
...Mamed öz adının əvvəlinə Masallı adını yazdıraraq zamanın, müasirlərinin, sadə insanların yaddaşına əbədi həkk elədi. “Masallı Mamed!” Masallıda akademik də var, yüzlərlə professor, elmlər doktoru da... Masallıda dünya çempionu da var, Avropa çempionları da... onlarca iş adamı da var, yüzlərcə məmur da! Amma Masallı adı hamısının imzasından sonra yazılır. Mammed yeganə oğlan idi ki, Masallı adını öz imzasının önündə daşıyırdı. Ölən günə kimi də bu adı şərəflə daşıdı... (Adına layiq oldu, axı, “Məmməd” – şərəf, şan deməkdir) Və sağ ikən adını aid olduğu başqa dünyanın adamlarının, başqa xalqların yaddaşına yazdı.


Nurəddin Ədiloğlu
Femida.az

Açar sözlər:

Oxunub: 30409


Oxşar xəbərlər