Göyçayda kütləvi dava: Bir ailə döyüldü


18:40     22 Mart 2016 1031.jpg

Göyçay rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnən kütləvi dava baş verib.


Femida.az xəbər verir ki, dünən saat 23:00 radələrində Göyçayın Yalman kəndində kənd sakini, 1969-cu il təvəllüdlü Əzizov Nəbi Bahadur oğlunun idarə etdiyi 23-BQ-519 dövlət nömrə nişanlı “VAZ - 2106” markalı minik avtomobilinə daş atılıb. Avtomobili onun həmkəndliləri 1958-ci il təvəllüdlü Qafarov Qara Hüseyn oğlu və qardaşı oğlanları Ceyhun Qafarovla Sahil Qafarov daşa basıblar. N. Əzizov avtomobilini saxlayaraq onlara etiraz etdikdə özü və maşındakı ailə üzvləri hücuma məruz qalıb. Hadisə zamanı N. Əzizov, onun həyat yoldaşı, 1974-cü il təvəllüdlü Əzizova Afilə Fazil qızı, qızı 2000-ci il təvəllüdlü Samirə Əzizova və oğlu 1994-cü il təvəllüdlü Nizami Əzizov döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hadisə zamanı Qara Qafarovun da xəsarət aldığı bildirilir. Xəsarət alan şəxslər Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hadisə zamanı N Əzizovun avtomobili ilə “VAZ - 2107” markalı daha bir maşın əzilib.

Hadisəni törədən şəxslərin spirtli içki qəbul etdiyi bildirilir. Məlumata görə, hadisə ailə üzvləri yaxın qohumun evindən bayram qonaqlığından qayıdarkən baş verib.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.(apa)

Femida.az

Açar sözlər:

Oxunub: 1112