İstanbul-Brüssel-Lahor: Terrorun əyilən trayektoriyası – ŞƏRH


16:44     28 Mart 2016 euroasiamap.gif


Son bir ayda baş verən dəhşətli terror aktları dünya gündəmini əməlli başlı zəbt edib.

19 mart tarixində İstanbulun Taksim adlanan hissəsində “canlı bomba”nın özünü partlatması nəticəsində 5 nəfər ölmüş, 19 nəfər isə yaralanmışdı. Bundan əvvəl də, 13 mart tarixində Ankara şəhərində baş verən terror aktı zamanı 37 nəfər insan həyatını itirmişdi.

21 mart tarixində Belçikanın paytaxtı Brüssel şəhərində silsilə terror aktları törədildi. Nəticədə, 34 nəfər öldü, 300-dən çox insan isə yaralandı.

Dünən isə tarixin ən dəhşətli terror aktlarından biri Pakistanın lahor şəhərində baş tutdu. Son məlumatlara görə, həmin terror aktı zamanı 70-dən artıq insan həlak olmuş, yüzlərlə insan isə yaralanmışdır. Ölü sayının artacağı istisna edilmir.

Göründüyü kimi, son bir ay ərzində törədilən terror aktları ziqzaqvari istiqamət cızıb. Əvvəlcə Avropa ilə Asiyanın qovşağı, sonra Avropanın mərkəzi, daha sonra isə Asiya qitəsinin cənubu terror aktları ilə silkələndi.

İlk baxışda elə görünür ki, terrorçular sanki, iz itirməyə çalışırlar. Politoloq Qabil Hüseynli də bu fikri istisna etmədi:



“Pakistanda ilk dəfə deyildir ki, terror aktları törədilir. “Taliban” qruplaşmalarının bu ölkədə törətdiyi terror aktlarının sayı hesabı yoxdur. Son terror aktını da bu terrorçu qruplaşma törədib. Sözsüz ki, regionda ciddi siyasi mübarizə gedir. Bu mübarizə islamın siyasi alətə çevrilməsi fonunda baş verir. İŞİD artıq bütün dünyanı təhdid edən bir terrorçu təşkilata çevrilib. Hazırda Avropa ərazisində olan potensial terrorçuları zərərsizləşdirməklə bağlı böyük sınaq qarşısındadır. Nəzərə almaq lazımdır ki, “Taliban” Əfqanıstanda, Pakistanda fəaliyyət göstərən terrorçu təşkilatdır. Bu baxımdan son bir ayda törədilən terror aktlarının eyni mərkəzdən idarə olunduğunu söyləmək bir az çətindir”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlu baş verən terror aktları arasında bağlılığın olmadığını bildirdi:

“Hazırda dünyada terror aktları iki terrorçu qruplaşmanın rəhbərliyi ilə törədilir: “Əl-Qaidə” və İŞİD. Düşünmürəm ki, son terror aktları bir-biri ilə razılaşdırılmış şəkildə həyata keçirilsin. Avropa terror aktlarına hazır deyildi. ABŞ 2001-ci ildən etibarən terrorizm əleyhinə ciddi təhlükəsizlik tədbirləri gördü. Diqqət yetirin, həmin tarixdən ABŞ-da bir dəfə də olsun terror aktı törədilməyib. Avropa isə məsələlərə səhlənkar yanaşdı. Neçə illərdir ki, Avropanın müxtəlif hissələrində irimiqyaslı terror aktları törədilir, lakin bütün bunlara baxmayaraq hələ də ciddi tədbirlər görülmür. İŞİD də bundan istifadə edir. Son partlayışın özü də səhlənkarlığa bir nümunədir. Belə ki, partlayışı törədən iki qardaşdan biri vaxtilə Türkiyə ərazisində iki dəfə həbs olunub. Sonradan həmin şəxs Belçikaya təhvil verilərkən bildirilib ki, onun barəsində tədbir görülməlidir. Lakin Belçika dövləti həmin şəxs barəsində heç bir tədbir görmədi”.



Analitik qeyd etdi ki, gələcəkdə Avropada terror aktlarının baş verməsi ehtimalı çox yüksəkdir:

“Bilindiyi kimi, Suriyada İŞİD sıralarında döyüşən xeyli sayda avropalı var. Hazırda isə İŞİD Suriya ərazisində sıxışdırılmaqdadır. Bununla İŞİD sıralarında döyüşən avropalılar öz ölkələrinə qayıdacaq. Nəticədə, Avropa ərazisində potensial terrorçular yaranacaq. Bu şəxslər “yatmış qruplardır” və həmişə təhlükə saçırlar. Onlar heç bir əmr və tapşırıq olmadan belə də hər an partlayış törədə bilərlər. Dünən Pakistanda törədilən terror aktları “Taliban” həyata keçirib. “Taliban” hər ay Pakistanda terror aktları törədir. Mən inanmıram ki, “Taliban” İŞİD-lə qarşılıqlı razılıq əsasında bu cür partlayışlar törətsin”.

Ceyhun Əhmədli

Açar sözlər:

Oxunub: 1462