“Müxalifətin “mühacir biznesi” 90-cı illərdən mövcuddur“


20:22     10 İyun 2015 11174447_348117128718145_6619215271830554986_o7.jpg

Sahib Məmmədov müxalifət partiyalarının “mühacir biznesi”nin 90-cı illərdən mövcud olduğunu deyir

“Mühacir biznesi” mövzusu ilə bağlı Müsavat Partiyası ətrafında gəzən söz-söhbətlər səngimək bilmir. Belə ki, partiyanın mühacirətə gedənlərlə bağlı bəyanat verməsi və konkret ad çəkməsi susqunluqla qarşılanmadı. Adı çəkilən Elnur Mirzəyev, daha sonra isə “Yeni Müsavat” qəzetinin keçmiş əməkdaşı Elbəyi Həsənli Müsavat Partiyasının bu bizneslə xeyli vaxtdır məşğul olduğu haqda dəhşətli ittihamlar səsləndirdilər. Hətta əllərində yetərincə faktların olduğunu da açıqladılar. Müsavat rəhbərliyi isə sənədlərin saxta olduğunu deməklə, ittihamları rədd edir. Bu mövzuda miqrasiya məsələləri üzrə şərhləri ilə yaxşı tanıdığımız, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədovun fikirlərini öyrənmək qərarına gəldik.

- Sahib bəy, yəqin ki, son günlər Müsavat Partiyasına qarşı səsləndirilən “mühacir biznesi” iddialarından xəbərdarsınız. Ümumiyyətlə, müxalif olduğunu iddia edib amma bu cür işlərlə məşğul olan partiya və təşkilatlara münasibətiniz necədir?

- Bu mövzunu Azərbaycanda ilk dəfə KİV-ə çıxaran, sosial şəbəkələrdə yayan mən olmuşam və ardıcıl yazılar hazırlamışam. O zaman heç kim bu mövzuya toxunmurdu. Ona görə də belə demək olar ki, mənim mövqeyim çoxdan bəllidir. Sözügedən çirkin biznes 90-cı illərdən var. Mən özüm də bu haqda ilk dəfə 1998-ci ildə eşitmişəm. Belə ki, iş yoldaşım müxalif partiyalardan birindən belə sənədlər əldə etmişdi. Bunun qarşılığında isə onlara 800 dollar vermişdi. Qeyd edim ki, bu, o zaman üçün kifayət qədər yüksək məbləğ idi. Təəssüf ki, sonradan bəzi adlarını çəkmək istəmədiyim hüquq müdafiəçiləri də bu biznesə qoşuldular. Özü də bu işin müqabilində yüksək məbləğdə pul almağa başladılar. Hətta daha sonra bu işlə məşğul olan xüsusi adamlar ortaya çıxdı ki, onlar məsləhət verməklə məşğul olur, hansı sənədlərin vacib olduğunu izah edirdilər. Məsələn, nə cür videolentlərin, hansı vəziyyətdə çəkilmiş şəkillərin lazım olduğunu izah edirlər. Elə adamlar tanıyırdım ki, fotoaparat götürüb mitinqə gedirdilər və qarışıqlıq salıb bilərəkdən polisin qoluna girib xüsusi vəziyyətlərdə şəkillərini çəkdirirdilər. Bəzi şəxslər qəsdən inzibati xəta törədib müəyyən müddətlik həbs alırdılar. Vəkilləri çıxıb deyirdi ki, onlara orada işgəncə verilir və s. Yəni mətbuatda belə yazılar dərc etdirir və onları yığırdılar. Bundan sonra isə rahatlıqla mühacirətə gedirdilər. Sözümün canı odur ki, onları heç bir siyasi partiyanın üzvü saymaq olmaz. Gedənlərin içərisindən bir neçə nəfər tapmaq olar ki, onlar fəallıq göstəriblər. Amma bu, digərlərinə aid deyil. Təəssüf ki, belə bir şəbəkə fəaliyyət göstərir. Mən deyərdim ki, bu, hətta transmilli qruplaşmadır. Yəni, kimin pulu varsa, o, məbləği ödəyib arayışları, vəsiqəni hazır əldə edir. Kimin buna maddi imkanı çatmırsa, o, müəyyən xətalar törətməklə cəza almağa nail olur. Külli miqdarda vəsait xərcləyə bilməyənlər belə yola əl atıb özlərini bir neçə aylıq həbs etdirirdilər. Əmin idilər ki, bu, azmüddətli olacaq və sonra əfv olunacaqlar. Başqa faktlar da var. Elə şəxslər olub ki, dindarlıq etməyə başlayıblar. Sonra iddia ediblər ki, guya dini baxışlarına görə təqib olunurlar. Halbuki hamı bilir ki, bu ölkədə tolerantlıq var və heç kimə dini inancına görə heç bir söz deyilmir. Müşahidə edirdik ki, onlar Avropaya gedəndən sonra din heç yadlarına düşmür. Avropada ölkədəki qruplaşmalarla əlbir olan QHT-lər və digər mafiyalar var. Onlar tez-tez müəyyən bəyanatlar səsləndirir, burada vəziyyətin çox pis olduğu görüntüsünü yaratmağa çalışırlar. Onların danışığına qulaq asan adam Azərbaycanı Somali kimi bir dövlət təsəvvür edir. Bilməyənlər elə düşünür ki, ölkədə kütləvi basqılar var, insanlar evlərindən bayıra çıxa bilmirlər. Axı belə bir şey yoxdur. Burada kimin başı kəsilib? İndiyə qədər hansısa icazəli mitinqdə qadağalar olubmu? Hətta daha gülünc iddialar səsləndirilir. Eləsi var deyir ki, işlədiyi yerdə ona zorla YAP-a üzv olmağı tapşırıblar. Yoxsa özünü və ailə üzvlərini öldürəcəkləri ilə hədələyiblər. Bu qədər absurd bəhanə də olub. Mən bəzi şəxslərə çoxdan təklif etmişəm ki, əgər bu biznesdə yoxsunuzsa, zəhmət çəkib Avropa ölkələrinin miqrasiya xidmətlərinə və ya digər qurumlarına beş sətirdən ibarət məktub göndərsinlər. Yazsınlar ki, bizim verdiyimiz arayış və vəsiqələr əsasında heç kim Avropaya mühacirət etməyib. Ya da kimsə edibsə, konkret olaraq adları qeyd olunsun ki, bu şəxslər istisnadır. Amma onlar bunu etmirlər, deməli, doğrudan da bu biznesin iştirakçılarıdırlar. Bu haqda rəsmi bəyanat da verə bilərdilər.

- Belə deyirlər ki, Müsavatın eks-başqanı İsa Qəmbərin baş verənlərdən xəbəri yoxdur və bu işləri hazırkı başqan Arif Hacılı ilə müavin Gülağa Aslanlı edib. Siz necə düşünürsünüz?

- Mən konkret şəxslərin adlarını çəkə bilmərəm. Çünki əlimdə faktım yoxdur. Onların bu cür sənədləri imzalayıb-imzalamaması haqqında fikir bildirməyim doğru olmaz. Sadəcə, 90-cı illərdən bəri müşahidə edirəm ki, bəzi təşkilatlar, hətta fərdi şəxslər də bu işlərlə məşğuldur. Bir nəfər siyasi partiyaların birində özünə bir otaq da götürmüşdü. Orada məsləhət xidməti göstərir, sənədlərin düzəlməsi üçün vasitəçilik də edirdi. Təbii ki, əvəzində xidmət haqqı almaqla.

- Belə faktlar təsdiqlənəcəyi təqdirdə, həmin şəxsləri hüquqi məsuliyyət gözləyirmi?

- Hüquqşünas olduğuma görə konkret faktlar olmadan danışa bilmirəm. Bu cür faktları təsdiq etmək bir az çətin məsələdir. Onlar deyə bilərlər ki, həmin şəxs gəlib partiyaya üzv olub. Ona görə də ona vəsiqə vermişik. Neçə illər keçəndən sonra orada korrupsiya faktının olduğunu sübut etmək bir az qəlizdir. Ümumiyyətlə, düşünürəm ki, bu, daha çox mənəvi məsələdir. Amma araşdırma aparılsa, kimlərsə bu məsələnin üstünə getsə, təbii ki, ortaya faktlar çıxa, cinayət tərkibi olub-olmadığı aydınlaşdırıla bilər. Sırf hansısa partiya və təşkilat haqda danışmıram. Sənədlərin saxtalaşdırılması və s. bu kimi işlərlə məşğul olan hər bir şəxs məsuliyyət daşımalıdır.

- Bu qalmaqal gələcəkdə Azərbaycan vətəndaşlarının xarici ölkələrdə oturum alma imkanlarına necə təsir edə bilər?

- Hesab edirəm ki, belə hallar öz biznesini qurmaq və digər bu kimi məqsədlərlə xarici ölkəyə gedən vətəndaşlarımıza problem yaratmayacaq. Kimsə təhsil üçün, sahibkarlıq üçün başqa dövlətə gedirsə, onlar üçün hansı problem yaradıla bilər ki? Burada söhbət yalançı siyasi mühacirətdən gedir. Kimlərsə yalandan təqibə məruz qaldığını iddia edir. Halbuki həmin iddialar üçün əsas yoxdur. Bu ölkədə heç kimin mülkiyyəti əlindən alınmırsa, siyasi baxışlarına görə problem yaradılmırsa, heç kim haqsız incidilmirsə, deməli, siyasi mühacirətə getmək üçün elə bir səbəb yoxdur. Sadəcə, kimlərsə gedib o ölkənin hesabına yaşamaq istəyir. Buna görə də özlərinə siyasi mühacir imici düzəldirlər.

Açar sözlər:

Oxunub: 1296


Oxşar xəbərlər