DSMF-nin birləşməsi ilə bağlı işçi qrupu yaradıldı


22:12     29 Mart 2016 DSina29mart.jpg

Azərbaycan Prezidenti İlham Əliyevin “Əhalinin sosial müdafiəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” 18 mart 2016-cı il tarixli fərmanına əsasən, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilməsi ölkəmizdə əhalinin sosial müdafiə sahəsində vahid dövlət siyasətinin və səmərəli idarəetmənin həyata keçirilməsinə yönəlib.


Femida.az-ın məlumatına görə, bunu nazirliyin Ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib.

O vurğulayıb ki, bu islahat, həmçinin əhalinin sosial tələbatlarının ödənilməsində müasir informasiya texnologiyalarının tətbiqi şəraitində kompleks yanaşmanın gerçəkləşdirilməsinə, o cümlədən əmək pensiyaları və digər sosial ödənişlərin təyinatının “bir pəncərə” prinsipi üzrə təşkilinə əsaslı təminat yaradır:

“Fərmanın icrası ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə müvafiq əmr əsasında işçi qrupu yaradılıb. İşçi qrupu tərəfindən fərmanın birinci hissəsi, yəni Dövlət Sosial Müdafiə Fondunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilməsi nəzərə alınmaqla, nazirliyin strukturunun və fəaliyyətinin optimallaşdırılması, habelə işçilərinin ümumi say həddi barədə təkliflər hazırlanır. Təkliflər fərmanın imzalandığı tarixdən bir ay müddətində hazırlanaraq dövlət başçısına təqdim olunacaq”.

E.Babayev bildirib ki, eyni zamanda DSMF-nin nazirliyin strukturuna daxil edilməsi ilə bağlı bir sıra cari təşkilati və texniki məsələlərin həlli yönündə işlər aparılır: “Azərbaycan Prezidentinin qeyd edilən fərmanının icrası istiqamətində görülən işlər barədə ictimaiyyətə mütəmadi olaraq məlumatların verilməsi təmin olunacaq”.

Açar sözlər:

Oxunub: 1178