“Milyon manatlıq qrant alan hüquq müdafiəçilərimiz var” – Sahib Məmmədovla müsahibə (ÖZƏL)


16:57     01 Aprel 2016 sahib%20m%20esas.jpg

“Hökumət hüquq müdafiəçilərini sevirsə, deməli, o, hüquq müdafiəçisi deyil”.


Femida.az “De-yure” layihəsini davam etdirir.

Növbəti müsahibimiz Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri, İnsan hüquqları məsələləri üzrə Birgə İşçi Qrupun katibi, hüquq müdafiəçisi Sahib Məmmədovdur.

Müsahibəni oxuculara təqdim edirik:

- Əvvəlcə, Prezidentin əfv sərəncamından danışaq. Sizcə, sonuncu əfv sərəncamı ilə Azərbaycan anti-milli qüvvələrə və bir sıra beynəlxalq təşkilatlara tutarlı cavab verə bildimi?

- Biz hüquq müdafiəçiləri olaraq həmişə Prezidentin əfv sərəncamını rəğbətlə qarşılamışıq. Cəmiyyətin hər zaman gözləntiləri olur. Bir sıra ictimai fəalın adının əfv sərəncamında yer alması əlbəttə ki, çox mütərəqqi haldır. Mənim qənaətim ondan ibarətdir ki, əfvlə bağlı aktlar Azərbaycanın daxili məsələsidir. Əfv sərəncamı imzalananda şəxslərin özlərinin müraciəti, və yaxud da onların adlarından müraciət edən şəxslərin vəsatətləri əsas götürülür. Azərbaycanın üzv olduğu bir sıra beynəlxalq təşkilatlar var ki, onların da Azərbaycan haqqında hansısa gözləntiləri ola bilər. Amma qərəzli təşkilatlar da var. Azərbaycanda daxili vəziyyətin gərgin olmasını arzulayan belə təşkilatların fikirlərinə düşünürəm ki, əhəmiyyət verilməməlidir. Çünki onlar həmişə Azərbaycana qarşı qarayaxma kampaniyasını aparıblar, gələcəkdə də aparacaqlar. Onların hansısa tələbi yerinə yetirilsə, sabah növbəti tələb irəli sürəcəklər. Əslində ictimai fəalların həbs olunması həmin qərəzli təşkilatların maraqlarına xidmət edir. Çünki onlar bu işdən külli miqdarda pul qazanırlar. Təbii ki, biz nə cəmiyyət, nə də dövlət olaraq belə təşkilatlara fikir verməməliyik. Amma əlbəttə ki, üzv olduğumuz beynəlxalq təşkilatların da fikirləri, tövsiyələri nəzərə alına bilər.



- Bilindiyi kimi, hansısa xarici ölkədə siyasi sığınacaq almaq üçün bir sıra şərtlər var. Bu şərtlərdən biri də hüquq müdafiəçilərinin verdiyi rəydir...

- 20 ildən çoxdur ki, mən bu məsələləri izləyirəm. Elə insanlar olub ki, heç bir siyasi fəaliyyəti olmadan saxta sənədlər hazırlamaqla xarici ölkədə siyasi sığınacaq almaq hüququna yiyələnib. Xarici ölkələrdə siyasi sığınacaq almaq üçün müəyyən şərtlər var. Bu şərtlərə inzibati məsuliyyətə cəlb olunma ilə bağlı sənəd, həbsdə olarkən həmin şəxsə qarşı zorakılığın olmasına dair media orqanlarında məqalənin dərc olunması və s. daxildir. Siyasi sığınacaq almaq üçün ölkə daxilində mövcud olan və beynəlxalq səviyyədə tanınan insan hüquqları təşkilatlarının arayışı da tələb olunur. Bu təşkilatlar çox vaxt belə arayışları yüksək məbləğli pulla satır. Xarici ölkələrin miqrasiya xidmətləri dövlətlərə şəxslə bağlı heç vaxt sorğu göndərmir. Çünki heç bir dövlət ölkədən qaçmış şəxslə bağlı “bu şəxs təqib olunur” deyə bir arayış verməz. Elələri var idi ki, məqsədinə nail olmaq üçün qəsdən konflikt olan əraziyə gedir. Bu zaman onlar polislə qarşıdurmaya girir və sonda həbs olunurdular. Bir sözlə, əvvəlcədən düşünülmüş ssenarinin nəticəsində, öz məqsədlərinə çatmış olurlar. Ümumiyyətlə, Azərbaycandan çıxaraq xarici ölkələrdə sığınacaq alan şəxslərin 90%-də təqib əlaməti olmayıb. Avropa uzun müddət belə şəxsləri qəbul edərək müxtəlif dövlətlərə qarşı istifadə edirdi. Lakin sonradan Avropa özünün düşünülməmiş fəaliyyətinin qurbanına çevrildi.

- Ölkəmizdə olan hüquq müdafiəçilərinin fəaliyyətini qənaətbəxş hesab etmək olar?

- Hüquq müdafiəçisini hamı bəyənirsə, deməli, o, hüquq müdafiəçisi deyil. Hüquq müdafiəçisi daima hökumətdən nələrisə tələb edir. Əgər hökumət hüquq müdafiəçilərini sevirsə, deməli o, hüquq müdafiəçisi deyil. Eyni zamanda hüquq müdafiəçisi hökumətlə təmasda olmalıdır, dialoq aparmalıdır, yeri gələndə hökumətin insan hüquqları ilə bağlı müsbət fəaliyyətini təşviq etməlidir. Belə edəndə də bəzi radikal qüvvəllər onları satqın adlandırır. Beləliklə hüquqmüdafiəçiləri həm aşağıların, həm də yuxarıların xoşuna gəlməyə bilər. Hüquq müdafiəçilərinin hərəkətləri qeyri-standart olmalıdır. BMT-nin hüquq müdafiəçiləri ilə bağlı qətnaməsində göstərilir ki, “insan hüquq və azadlıqlarına dair universal prinsipləri qəbul edən, onu müdafiə və təşviq edən hər kəs və ya təşkilat insan hüquqlarının müdafiəçisidir”. Bizdə isə ənənə bir az başqadır. Hər belə işlə məşğul olana hüquq müdafiəçisi demirlər. Bizdə hüquq müdafiəçisi titulunu bir növ xalq, KİV verir. 10 il bundan əvvəl barmaqla sayılacaq qədər insanlara hüquq müdafiəçisi deyilərdi. Sonradan qərbin də müəyyən təsiri ilə “dipçək” hüquq müdafiəçiləri ortaya çıxdı. Məsələn, ölkəmizdə fəaliyyət göstərən Norveç İnsan Hüquqları Evi yeni nəsil hüquq müdafiəçiləri yetişdirməyə başladı. Bu hüquq müdafiəçiləri ortaya qəti mövqe qoya bilmək bacarığından tamamilə uzaq idilər. Lakin onlar qərb ölkələrində çox populyardır. Bu şəxslərin də sayəsində bir qrant monopoliyası yarandı. Vaxtilə bir qrup hüquq müdafiəçiləri var idi ki, ölkəyə daxil olan qrantların 75-80%-ni mənimsəyirdi.



- Qrant biznesi hələ də var?

- Əslində xarici donorlardan alınan qrantların həcmi ötən illərlə müqayisədə xeyli artıb. Əgər əvvəllər qrantların bir hissəsi qeyri-leqal yollarla əldə olunurdusa, hazırda demək olar ki, bütün qrantlar qeyri-leqal yollarla ölkəyə daxil olur. Bu gün Azərbaycan əleyhinə, ölkənin nüfuzuna zərər vuracaq müxtəlif layihələr həyata keçirilir. Sözsüz ki, bu layihələr yüksək məbləğli pullar hesabına baş tutur. Hazırda ölkəyə qeyri-leqal qrantın daxil olması üçün əlverişli infrastruktur var. Buna nəzarət edəcək mexanizm də yoxdur. Bir nümunəyə diqqət yetirək. Hazırda Bakının “Sovetski” adlanan ərazisində söküntü işləri gedir. Təbii olaraq kimsə öz mülkiyyət hüququnun pozulmasına görə narazılığını bildirə bilər. Son günlər ermənilərin də dəstəyi ilə məhz bu məsələ ilə bağlı bir kampaniya aparılır. Ermənilər bütün dünyaya sübut etmək istəyir ki, Azərbaycan nəinki dünya mədəniyyəti nümunələrinə, heç öz tarixi abidələrinə sahib çıxa bilmirlər. Guya ki, Azərbaycan xalqı barbar xalqdır. Bu prosesə Azərbaycanda olan müxtəlif qeyri-hökumət təşkilatları da qoşulub. Halbuki, bu proseslərin arxasında Çexiyada mövcud olan “PİN” (People in Need) adlı təşkilat dayanır. Həmin təşkilat isə ermənilərin təsiri altında olan təşkilatdır.”.

- Hazırda çox yüksək məbləğdə qrantlar alan hüquq müdafiəçiləri var?

- Əlbəttə ki, var. Hazırda milyonlarla manat qrant alan hüquq müdafiəçilərimiz var. Məsələn, Azərbaycanda “contact.az” adlı sayt var. Həmin sayt bir neçə dildə hər gün yüzlərlə informasiyanı dünyaya yayır. Sual verirəm: Maliyyə mənbəyi haradandır? Yaxud da seçkilər ərəfəsində hesabatlar hazırlandı. Kim idi o hesabatları hazırlayan? Həmin hesabatlar hansı maliyyə mənbələrinin hesabına hazırlandı?

- Bu qrantları hansı donor təşkilatları ayırır?

- Siz “net.org” saytına daxil olsaz, Azərbaycana ayrılan qrantlar haqqında ətraflı məlumata yiyələnərsiz. Avropada EED adlı təşkilat da var ki, Azərbaycana xeyli miqdarda qrant ayırır. Digər fondlar da var ki, bəzən 3-cü təşkilatlar vasitəsi ilə maliyyələşmə həyata keçirilər. Beynəlxalq donorlar Azərbaycan üçün 3-cü ölkələr vasitəsi ilə maliyyələşmə statusu veriblər. Bu da donorlara imkan verir ki, 3-cü ölkələrdə insan hüquqları üzrə fəal kimi hesab açsın. Vəsitlər həmin hesabalara köçürülür və xüsusi üsullarla ölkəyə daşınır. Bəzi donorlarının “təsir agent” şəbəkəsi vardır. Belə şəxslər hər hansı ölkənin xüsusi xidmət orqanı ilə əməkdaşlıq etmir, amma belə fondlar vasitəsi ilə bəzi dövlətlərin maraqlarını yerinə yetirirlər.

- Bir az da işçilərin hüquqlarından danışaq. Avropa ölkələrində həmkarlar ittifaqları faktiki olaraq, “dövlət daxilində dövlət” rolunu oynayır. Bizdə isə bir az fərqlidir...

- Bizdə həmkarlar ittifaqları daha çox dövlət müəssisələrində fəaliyyət göstərir. Özəl müəssisələrdə həmkarlar ittifaqlarının yaradılmasına mane olurlar. Baxmayaraq ki, bu qanunla qadağandır və hətta həmkarlar ittifaqlarının yaradılmasına maneçilik törədənlər cinayət məsuliyyətinə cəlb oluna bilərlər. Əgər hər hansı zavod daxilində həmkarlar ittifaqı yaradılmırsa, həmkarlar ittifaqından nə gözləmək olar? Bu birbaşa olaraq işçi fəallığından asılı məsələdir. ABŞ-da 140 il həmkarlar ittifaqına qarşı düşmən münasibət mövcud olub. İndinin özündə də ABŞ-da həmkarlar ittifaqına qarşı münasibət birmənalı deyil. ABŞ-da işçilərin 8%-i həmkarlar ittifaqına üzv olub. Azərbaycanda isə bu rəqəm 30%-dir. Bir sözlə, həmkarlar ittifaqı 200 ildir ki, yaradılıb, həmişə təqib olunub, indi də təqib olunur. Həmkarlar ittifaqları bütün dünyada böhran vəziyyətindədir. Amma həmkarlar ittifaqlarının rolunu da inkar etmək olmaz. Elə bizdə də hansı müəssisədə həmkarlar ittifaqları mövcuddur, həmin müəssisələrdə istehsalat travmatizmi çox aşağıdır, işçilərlə əmək müqavilələri bağlanır, bəzilərində kollektiv müqavilələr bağlanır. Bir sözlə həmkarlar ittifaqlarının olması yaxşıdır. Hətta işçilərin bütün gözləntilərini qarşılamaq imkanı olmasa belə.

- Azərbaycanda jurnalistlərin təhlükəsizliyi hansı səviyyədə təmin olunub?

- Bu gün baxsaq, görərik ki, əksər jurnalistlərin əmək müqaviləsi yoxdur. Əmək müqaviləsi yoxdursa, deməli bədbəxt hadisələr və peşə xəstəlikləri hallarından icbari siğortası da yoxdur. Məsələn, son vaxtlar xarici ölkələrə jurnalistlərimiz gedir. Görəsən, həmin jurnalistlərin həyatı siğortalanıbmı? Əlbəttə ki, yox. Tibbi siğortadan söhbət belə gedə bilməz. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəliklərindən siğortası olan jurnalistlər barmaqla sayılacaq qədərdir. Bu, günün reallığıdır”.



- Dövlət Məşğulluq Xidmətinin fəaliyyətindən razısınızmı?

- Dövlət Məşğulluq Xidmətini kifayət qədər tənqid etmək olar. Amma nəzərə almaq lazımdır ki, onların imkanları da məhduddur. Məsələn, Dövlət Sosial Müdafiə Fondundan (keçmiş) ildə 4-5 milyon işsizlik müavinəti ayrılır. Axı 4-5 milyon manatı işsizlər arasında ədalətli bölmək də mümkün deyil. Hazırda İşsizliyə görə Siğorta Fondunun yaradılması üçün qanun layihəsi hazırlanır. Bu layihənin nə dərəcədə uğurlu olacağını əvvəlcədən demək çətindir. Amma hər halda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin belə bir təşəbbüsü var.

- Qadınların əmək bazarına çıxışına nə mane olur?

- Qanun baxımından qadınların əməyə cəlb olunmasında maneə yoxdur. Lakin qadınların əmək bazarına çıxışını məhdudlaşdıran dolayı faktorlar var. Məsələn, millət vəkillərimizdən biri belə bir fikir səsləndirdi ki, analıq məzuniyyətinin müddəti artırılmalıdır. Əslində bu, qadını əmək bazarından çəkindirmək deməkdir. Qadınlar üç il sosial məzuniyyətdə olduqdan sonra əmək qabiliyyətin müəyyən qədər itirmiş olur və nəticədə, kişilərlə rəqabətə girə bilmir. Bununla bağlı peşə kursu da yoxdur ki, həmin qadınların özünü bərpa etməsinə köməklik göstərsin. Sanki cəmiyyət də bunu tələb edir. Cəmiyyətimiz analıq məzuniyyətinin artırılmasının, uşağa görə müavinətin artırılmasının tərəfdarıdır. Bütün bunlar isə təbii olaraq qadınların əmək bazarına çıxışını əngəlləyən faktorlardır.Qadınların əmək bazarına daxil olmaları üçün əlavə və dolayı tədbirlər görülməlidir. Məslən uşaq baçaları, körpələr evlərinin şəbəkəsinin genişləndirilməsi. Həmin yerlərdə qiymətlərin münasib olması. Peşəkar dayə hazırlayan kurlsların təçkili, dayə xidməti göstərən biznes qurumlarının təşəkkül tapması və s.



- Ahıl yaşına çatmış qadınların küçə süpürmələri nə dərəcədə doğrudur?

- Əgər həmin şəxs pensiya yaşına çatmayıbsa və ya çatıbsa, amma əmək funksiyalarını yerinə yetirmək imkanldadlırsa, niyə də olmasın?! Bəzən belə fikirlər səsləndirilir ki, niyə küçələri təmizləyə biləcək müasir texnikalar varsa, yaşlı qadınlar bu işi görür? Əgər əlimizdə işçi qüvvəsi varsa, niyə texnikaya müraciət etməliyik?! Biz belə məsələlərə işçi qüvvəsi cəlb etməliyik. Bununla işçilər də daha çox qazanmış olar. Bəli, pensiyanın məbləği bizdə çox aşağıdır. Buna görə də şərait yaratmalıyıq ki, vətəndaşlar belə sahələrdə fəaliyyət göstərsinlər.

- Əməkçilərə sözünüz...

- İşçilər çalışmalıdır ki, çalışdıqları yerlərdə əmək münasibətlərini rəsmiləşdirsinlər. Yəni əmək müqaviləsi imzalansın. İşçilər gərək haqqını tələb edə bilsin. Dövlət işçilərlə ümumi prinsipləri müəyyənləşdirir. Əmək Məcəlləsi hər şeyi tənzimləmir. O, sadəcə olaraq minimumları müəyyənləşdirir. Qalan məsələləri işçilərlə işəgötürənlərin özləri həll etməlidir. Bir sözlə, işçi özü fəallıq nümayiş etdirməlidir

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 12703