Bakıdakı siyasi araşdırmalar mərkəzləri nə işlə məşğuldur? - BİLİNMƏYƏNLƏR


19:05     11 İyun 2015 11422024_983212091723628_1401288873_o.jpg

Femida.az-ın bugünkü araşdırmasının məqsədi ölkəmizdə olan siyasi araşdırmalar institutlarının fəaliyyətini dəyərləndirmək, onların verdiyi proqnozların dövlətimizin yeritdiyi siyasətdə hansı müsbət dəyişikliklərə səbəb ola biləcəyini müəyyənləşdirmək və ölkənin bu sahədə dünyadakı mövcud yerini öyrənməkdən ibarətdir.


Hazırda dünyada siyasi və iqtisadi təhlil, təhlükəsizlik məsələlərinin tədqiqi və proqnozlaşdırmalar sahəsində əldə olunan uğurlar istənilən ölkənin mövcud gücünün göstəricisidir. Bu baxımdan Azərbaycanda da bir sıra siyasi araşdırmalar institutları mövcuddur. Amma onların fəaliyyətinə birmənalı yanaşmayanlar da var.

Bir çox hallarda ölkədə olan beyin mərkəzlərinin fəaliyyətlərində müəyyən passivlik müşahidə edirik. Belə ki, ya gözlənilən proqnoz özünü doğrultmur, ya da ciddi siyasi proqnozların verilməsində müəyyən gecikmə halları ilə qarşılaşırıq.

Femida.az ölkədə olan siyasi araşdırmalar mərkəzləri və onların fəaliyyətləri haqqında ətraflı məlumat əldə etmək üçün tanınmış siyasi şərhçilər və politoloqlarla həmsöhbət oldu.

Azərbaycan Respublıkasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq, Siyasi Elmlər Doktoru Elman Nəsirovun fikrincə, dünya praktikasında dövlətlər beyin mərkəzlərinin obyektiv siyasi təhlillərindən öz xarici siyasətlərində istifadə edirlər.



Elman Nəsirov:

“Müasir dünya siyasətində beyin mərkəzlərinin rolu getdikcə daha çox artmaqdadır. Məsələn ABŞ-da kimin prezident olmasından asılı olmayaraq onlar üçün komandanın təşkil edilməsi məsələsində ciddi problemlər yaranmır, çünki, beyin mərkəzləri kimin hakimiyyətdə olmasından asılı olmayaraq öz təhlillərini aparır, dünyadakı vəziyyət, ABŞ-ın dünyadakı rolu və digər məsələlərlə bağlı obyektiv hesabatlar hazırlayırlar. Seçilmiş prezidentlər də həmin mərkəzlərlə sıx əməkdaşlıq edir və onların köməyindən istifadə edirlər. Bu baxımdan mənim yadımdadır ki, prezident Corc Buşun dövründə Kandaliza Rays Rusiya üzrə mütəxəssis idi və rus dilini də mükəmməl bilirdi. Məhz Rusiya üzrə mütəxəssis olduğuna görə Rays iqtidara cəlb edilmişdi. Sonralar o, dövlət katibi vəzifəsinə qədər yüksəldi. Bu nöqteyi nəzərdən beyin mərkəzlərinin dünya siyasətində rolu getdikcə artmaqdadır və Azərbaycanda da bu məsələnin əhəmiyyəti dərk edilir.”

Elman Nəsirov:

“Hesab edirəm ki, Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin yaradılması ideyası məhz bu məqsəddən qaynaqlanıb. Prinsip etibarilə bu sahədə yüksək standardlara cavab verəcək beyin mərkəzlərinin formalaşması hələ ki, tam reallaşa bilməyib. Bunun obyektiv səbəbləri ilə yanaşı, subyektiv səbəbləri də var. Hesab edirəm ki,istiqamət düzgün seçilib. Ölkəmiz bu sahəyə önəm verir. İstisna deyil ki, gələcəkdə bu sferada daha ciddi beyin mərkəzləri formalaşacaq və hakimiyyət də çox unikal ideya və təşəbbüslərlə çıxış edəcək. Düşünürəm ki, bu mümkündür. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında da siyasi araşdırmalar instutu fəaliyyət göstərir. Mən həmin instituta rəhbərlik edirəm. Bizim işimiz ölkənin daxili və xarici siyasət məsələləri, beynəlxalq aləmdə baş verən siyasi poseslərlə bağlı təhlillər aparmaqdır.Mən öz çıxışlarımda da elə həmin təhlillərin nəticələrini bir çox hallarda ifadə edirəm. Bu istiqamətdə mütəmadi işlər aparılır. Xüsusən də birinci Avropa oyunlarının keçirilməsi ilə bağlı siayasi araşdırmalar mərkəzləri siyasi təhlillər aparır. Bizim institut da bu istiqamətdə təhlillər aparır. Bu təhlillər yarışların əhəmiyyəti ilə bağlıdır. Biz bu oyunlar ərəfəsində, oyunların keçirildiyi vaxt, eyni zamanda oyunlardan sonrakı dövrdə ölkəmizə müxtəlif istiqamətlərdə ola biləcək təzyiqlər haqqında analizlər aparırıq, təkliflərimizi və tövsiyyələrimizi veririk.”

“Azərbaycanda say baxımından çoxsaylı mərkəzlər var, amma reallıqda isə diqqəti elə də cəlb edə bilmirlər” – deyən Elman Nəsirov aşağıdakı fikirləri dedi:

“Azərbaycanda bir çox hallarda mərkəzlər qeydiyyatdan keçib fəaliyyət göstərirlər, ancaq faktiki olaraq həmin mərkəzlərin nələr etdiyi, hansı missiyaları yerinə yetirdiyi haqqında dəqiq fikir söyləmək olmur. Hesab edirəm ki, bu sahədə müəyyən mənada boşluqlar var və real iş görmək baxımından onların fəaliyyətində bir şey hiss olunmur. Eyni zamanda o mərkəzlərin rəhbərləri də Azərbaycanda tanınmır. Hamıya məlumdur ki, bu beyin mərkəzləri üçün çox mühüm faktorlardır. Beyin mərkəzlərinə rəhbərlik eliyən şəxslər özü cəmiyyətdə tanınmış adam olmalıdır. Məsələlərə analitik yanaşması ilə fərqlənməlidir. Hesab edirəm ki, bu baxımdan bizdə bəzi problemlər vardır. Məsələn ABŞ-da Beynəlxalq Araşdırmalar Mərkəzi var və həmin mərkəz Bzejinskinin adı ilə bağlıdır. Yəni şəxsiyyət fenomeni siyasi araşdırmalar institutlarının fəəliyyətində böyük əhəmiyyət kəsb edir. Analitik məsələlər üzrə güclü liderin olması çox mühüm məsələlərdir. Hesab edirəm ki, Azərbaycanda say baxımından çoxsaylı mərkəzlər var, reallıqda isə diqqəti elə də cəlb edə bilmirlər. Bunun da ən böyük səbəbi məhz onlara rəhbərlik edən şəxslərlə bağlıdır. Bu mərkəzlərə rəhbərlik edən şəxslərin cəmiyyətdə tanınmaması, bəzilərinin isə mənfi fonda tanınması, yəni onlarn elmə deyil, analitikaya deyil, daha çox digər mənfəətlərə xidmət etməsi hesab edirəm ki, son nəticədə həmin mərkəzlərin fəaliyyətinə kölgə salmış olur.”

“Mən hələ verilmiş hər hansı proqnozun öz təsdiqini tapması faktı ilə qarşılaşmamşam.” – deyən Elman Nəsirov aşağıdakı fikriləri söylədi:

“Mən hələ Azərbaycanda hər hansı bir siyasi araşdırmalar institunun öncədən verdiyi proqnozların özünü tam olaraq doğrultması faktı ilə rastlaşmamışam. Ayrı-ayrı politolqların, siyasi şərhçilərin verdiyi bu və ya digər proqnoz öz təsdiqini tapa bilər. Lakin konkret institutolaraq həmin institutun apardığı araşdırmaların nəticəsində irəli sürdüyü bir proqnozun öz təsdiqini tapması ilə bağlı faktla qarşılaşmamışam.“

“ Femida.az “ATLAS” araşdırmalar mərkəzinin rəhbəri Elxan Şahinoğlu ilə də əlaqə saxladı.



Elxan Şahinoğlu:

“Bu sahədə ən böyük problem qeydiyyat problemidir. Mən “Atlas” araşdırmalar mərkəzini 10 ildir ki, təsis etmişəm. Lakin, Ədliyyə Nazirliyi onu qeydiyyatdan keçirmir. Məsələn, dövlət qeydiyyatım olmadığına görə ofisimiz də yoxdur. Halbuki, mənim yaratmış olduğum mərkəz qeydiyyatdan keçsəydi, dövlətimə daha yaxşı xidmət edər dim. Mən 3 dəfə sənədlərimi təqdim etsəm də, Ədliyyə Nazirliyi məni qeydiyyatdan keçirmədi. Əslində, dövlət beyin mərkəzlərinin fəaliyyətində maraqlı olmalıdır. Bir dəfə də olsun məni Xarici İşlər Nazirliyinə çağırıb fikirlərimi öyrənməyiblər. Burada qarşılıqlı informasiya mübadiləsi olmalıdır. Dövlət rəsmiləri beyin mərkəzləri ilə maraqlanmır. Bizimlə əməkdaşlıq etmir. Ümumiyyətlə hazırda Azərbaycanda dövlətlə beyin mərkəzləri arasında rabitə yoxdur. Buna baxmayaraq, biz həftəlik hesabatlar hazırlayırıq və kimə maraqlıdırsa həmin hesabatlar onlara çatdırılır. Büdcənin formalaşdırılması problemi var. Əgər dövlət qeydiyyatımız olsaydı, bizim möhürümüz, imzalı kağızımız olardı ki,nəticədə bu istiqamətdə rahat fəaliyyət göstərərdik. Mən nə edirəmsə, öz imkanlarım hesabına edirəm. Mən yaxınlarda öz vəsaitim hesabına mətbuat konfransı keçirdəcəyəm. Mövzu isə Türkiyədəki seçkilərin Azərbaycan-Türkiyə münasibətlərinə nə dərəcədə təsir edəcəyi olacaq. Bütün bunları öz imkanlarım hesabına edirəm. Düşünürəm ki, hakimiyyətin beyin mərkəzlərinin analizlərinə, tövsiyyələrinə ehtiyacı var. Hakimiyyət beyin mərkəzləri ilə əməkdaşlıq etməlidir. “

“Proqnozlarımız bir çox hallarda özünü doğruldur” – deyə Elxan Şahinoğlu münasibət bildirdi.

Elxan Şahinoğlu:

“Bizim Türkiyədəki seçkilərlə ilə bağlı müəyyən proqnozlarımız var idi. Radikal kürdlərin Xalqların Demokratiya partiyası seçkilərdə 10 % - lik seçki bariyerini aşsalar, koalisiyalı hökumət qurulacaqdı. Bu proqnozumuz özünü doğrultdu. Bütövlükdə proqnozlarəmız bir çox hallarda özünü doğruldur, lakin özünü doğrultmayan proqnozlarımız da olur. Burada önəmli olan gündəlik fəaliyyət və ortaya iş qoymaqdı”

Siyasi Elmlər Namizədi, YAP-ın İcra Katibliyinin Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadənin fikrincə, siyasi araşdırmalar institutlarının uğurlu proqnoz verə bilməsi üçün ciddi maliyyə mənbəyinə və ixtisaslaşdırılmış kadrlara malik olmalıdır.



Aydın Mirzəzadə:

“Azərbaycanda çox təəssüf ki, oturuşmuş siyasi araşdırmalar mərkəzləri mövcud deyil. Düzdür bu sahədə Prezident yanında Strateji Strateji Araşdırmalar Mərkəzi var, lakin təkcə onun fəaliyəti təbii ki, kifayət deyil. Bütövlükdə siyasi araşdırmalar institutları çox ciddi maliyyə mənbəyinə və ixtisaslaşdırılmış kadrlara malik olmalıdır. Mərkəzlər məlumat bazalarına daxil olmağı bacarmalıdır. Onların tanınmış brendi olmalıdır. Bu onların verdiyi proqnozların hakimiyyət tərəfindən ciddiyə alınmasına gətirib çıxara bilər. Nəticə etibarilə siyasi araşdırmalar mərkəzləri çoxprofilli və çoxistiqamətli bir məsələdir. Ümid edirik ki,bu sahədə gələcəkdə müəyyən uğurlar əldə edərik.”

Vətənə xəyanət, yoxsa siyasi araşdırma?



Bir zamanlar siyasi araşdırmalar institutu adı ilə fəaliyyət göstərən, lakin tamamilə başqa dövlətlərin maraqlarını müdafiə edən mərkəzlər də var idi. Bu mərkəzlərin biri Leyla Yunusun rəhbərlik etdiyi “Sülh və Demokratiya” institutudur. Leyla Yunusun Ermənistan dövlət nümayəndələri ilə tez-tez göruşlər keçirməsi qəbuledilməz bir faktdır. Ona bağışlanan mülklər, verilən qrantlar göstərir ki, Leyla Yunus xarici qüvvələrin maraqlarını müdafiə edir və yaratmış olduğu təşkilat heç də Azərbaycan naminə fəaliyyət göstərmir. 2004-cü ildə onun Ermənistan Tədqiqatçı Jurnalistlər Təşkilatından iki dəfəyə 50.000 avro qrant aldığı hər kəsə məlumdur. Leyla Yunus son 6 ildə Demokratiyaya Yardım Milli Fondu, Marşal Fondu və digər donor təşkilatlardan 526 min dollar vəsait alıb. O, təkcə 2012-ci ildə həmin təşkilatlardan 88 min dollar qrant alıb. Leyla Yunusun “Sülh və Demokratiya” adlı qurumu Ermənistanın bir sıra qeyri-hökumət təşkilatları ilə “xalq diplomatiyası” adlı birgə layihələr həyata keçirib. Bu layihələr adı altında Leyla Yunus beynəlxalq donor təşkilatlardan aldığı qrant vəsaitləri, Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarına köçürüb. Bu pullardan isə o, əri Arif Yunusla birlikdə Azərbaycanın əleyhinə olan məlumatların toplanılması, Dağlıq Qarabağdakı qondarma rejimin müstəqilliyinin tanınmasının təbliğ edilməsi istiqamətində istifadə edib. O, cinayət məcəlləsinin dövlətə xəyanət, vergidən yayınma, qanunsuz sahibkarlıq maddələri ilə təqsirli bilinərək həbs olundu. “Norveç İnsan Hüquqları Evi”, Beynəlxalq “Amnesty İnternational” kimi Azərbaycan əleyhinə dəfəflərlə qərəzli mövqe nümayiş etdirən təşkilatların Leyla Yunusun həbsinə etiraz etməsi bir daha sübut edir ki, o, öz fəaliyyətində Azərbaycanın ümummilli maraqlarınının ziddinə hərəkət edib

Araşdırmamızda belə qənaətə gələ bilərik ki, Azərbaycanda olan siyasi araşdırmalar institutlarının fəaliyyəti dövləti qane etmir. Son nəticədə dövlət həmin mərkəzlərlə əməkdaşlıq etmir. Bunun da səbəbi həmin mərkəzlərin nüfuzu ilə bağlıdır. Dövlət siyasi araşdırmalar institutlarının verdiyi proqnozları ciddiyə almır və dövlətlə həmin institutlar arasında əlaqələr zəifləyir.

Bəzi analitiklərin fikrincə isə ən böyük problem dövlətin siyasi araşdırmalar institutlarına dəstək olmaması ilə bağlıdır. Bu baxımdan bəzi analitiklərin fikrincə həmin institutların qeydiyyatı çox ağır prosesə çevrilib. Həmin mərkəzlərin rəhbərlərinin dediyi fikirlərdən də məlum olur ki, yaranmış siyasi araşdırmalar institutlarının qeydiyyatı ciddi problemə çevrilib.

Femida.az mövzu ilə bağlı araşdırmalarını davam etdirəcək.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 3681