XİN dünya rəsmilərinə məktub ünvanladı


21:52     04 Aprel 2016 elmar_690.jpg

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun üzv dövlətləri, eləcə də MDB ölkələri, ATƏT-in fəaliyyətdə olan sədri statusunda Almaniya və ATƏT sədrliyində olan troyka dövlətlərinə, BMT, İslam Əməkdaşlıq Təşkilatı, NATO-nun baş katiblərinə, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogeriniyə məktub ünvanlayıb.


Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a bildiriblər ki, məktubda aprelin 2-də cəbhəyanı ərazilərdə sıx məskunlaşan mülki əhali hədəfə alınaraq, Ermənistan tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin qoşunların təmas xətti boyunca mövqelərinin ağır silahlardan intensiv atəşə tutulması və nəticədə bir neçə mülki şəxs arasında tələfat olduğu barədə məlumat verilib.

Qeyd olunub ki, Azərbaycan Silahlı Qüvvələri özünün beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi, Ermənistanın təxribatlarının dayandırılması məqsədilə lazımi addımlar atıb.
Məktubda münaqişənin davam etməsi və bunun nəticəsində gərginliyin artmasının əsas səbəbinin Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində qeyri-qanuni mövcud olduğu bildirilib.
Nazir qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində BMT Dağlıq Qarabağ regionunun Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bir daha təsdiq edib və işğalçı qüvvələrin zəbt olunmuş bütün Azərbaycan ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edib.

Nazir vurğulayıb ki, Ermənistan öz xalqını və beynəlxalq ictimaiyyəti aldatmağı dayandırmalı, ilhaqçı siyasətinə son qoymalı, qoşunlarını işğal olunmuş bütün Azərbaycan ərazilərindən çıxarmalı və danışıqlar prosesində konstruktiv şəkildə iştirak etməli, beynəlxalq öhdəliklərinə riayət etməlidir.

Açar sözlər:

Oxunub: 654