Məmmədyarov Moqerini ilə Qarabağı müzakirə edib


00:11     06 Aprel 2016 memmedyarovvv.jpg

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov cəbhədə yaranmış son gərginliklə əlaqədar Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini ilə telefonla danışıb.


Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Elmar Məmmədyarov qoşunların təmas xəttində yaranmış gərginliklə əlaqədar F.Moqeriniyə məlumat verib. Bildirib ki, Ermənistan silahlı qüvvələri cəbhəyanı ərazilərdə sıx məskunlaşan mülki əhalini və mülki obyektləri hədəfə alaraq, Azərbaycan Silahlı Qüvvələrinin qoşunların təmas xətti boyunca mövqelərini ağır silahlardan intensiv atəşə tutması nəticəsində bir neçə mülki şəxs həlak olub və yaralanıb.

Nazir gərginliyin yaranmasının əsas səbəbinin Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğu olduğunu diqqətə çatdırıb. O, gərginliyin aradan qaldırılması və münaqişənin həllində irəliləyişə nail olunması üçün Ermənistan qoşunlarının işğal edilmiş bütün Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu vurğulayıb. Əlavə edib ki, münaqişənin həlli istiqamətində ciddi siyasi proses başlamalıdır.

Elmar Məmmədyarov həmkarları ilə intensiv təmasları davam etdirir.

Femida.az

Açar sözlər:

Oxunub: 600