“Türkiyə və Azərbaycanın öz qüvvələrini birləşdirməlidir” - AKP millət vəkili


20:02     07 Aprel 2016 akp.jpg

Əhməd Berat Çonkar: “Bundan sonrakı mərhələdə Türkiyə və Azərbaycanın öz qüvvələrini maksimum birləşdirməsi ən optimal yol kimi görünür”


Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komissiyasının üzvü, Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbul millət vəkili Əhməd Berat Çonkar son günlər Qarabağ cəbhəsində cərəyan edən hadisələrlə bağlı fikirlərini açıqlayıb.

Ə. Bərat xüsusi olaraq APA üçün hazırladığı yazısında bildirib ki, 1991-ci ildə Azərbaycan və Ermənistanın müstəqillik əldə etmələrindən və 1992-ci ilin əvvəllərində rus hərbi hissələrinin Dağlıq Qarabağdan çıxmasından sonra Dağlıq Qarabağ münaqişəsi müharibəyə çevrilib, 1992-ci ilin ortalarından başlayaraq isə Dağlıq Qarabağın erməni mənşəli olmayan əhalisi oradan tamamilə çıxarılıb:

“Bu durum 1993-cü ilin yay və payızında Dağlıq Qarabağ ermənilərinin, Ermənistan Respublikası hərbi hissələrinin dəstəyi ilə Azərbaycanın Laçın,Kəlbəcər, Ağdam, Füzuli, Qubadlı, Zəngilan və Cəbrayıl bölgələrinin işğalı və azərbaycanlıların o bölgələrdən tamamilə çıxarılmasıyla davam edib. Dağlıq Qarabağ və Azərbaycanın digər bölgələrində baş verən münaqişələr nəticəsində yurd-yuvasından qovulan 1 milyondan çox azərbaycanlı bu günə qədər Azərbaycanın başqa bölgələrindəki qaçqın düşərgələrində yaşamağa davam etməkdədir. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası 1993-cü ildə 822, 853, 874 və 884 saylı qətnamələr qəbul edərək Azərbaycanın işğal altındakı bölgələrindən erməni hərbi hissələrinin dərhal çıxması üçün müraciət edib. Haqqında söhbət gedən qətnamələrə riayət etməyən Ermənistan işğalçılığını hələ də davam etdirir. Tərəflər arasında 1994-cü ildə imzalanan atəşkəs sazişi bəzi vaxtlarda atəşkəsin pozulmasına baxmayaraq, bu günə qədər qüvvədə olub. Azərbaycan və Ermənistan arasındakı Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün 1992-ci ildə ABŞ, Fransa və Rusiya Federasiyasının həmsədrliyində və aralarında ölkəmizin də olduğu 11 ölkənin iştirakı ilə ATƏT-in nəzdində yaradılmış Minsk Qrupu hələ də fəaliyyətini davam etdirir. İşin əvvəlindən bəri Türkiyə münaqişənin sülh və dialoq yolu ilə həllinə dəstək verir. Ölkəmiz problemin bir an əvvəl Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilməsi üçün ciddi-cəhd göstərməkdədir. Həmçinin, əlaqədar ölkələrlə “satus-kvo”nun davamının qəbuledilməzliyi təsbitindən hərəkət edərək təxminən 25 ildən bəri davam edən müzakirələr prosesini canlandırmaq üçün ikitərəfli və beynəlxalq səviyyədəki təşəbbüslərini davam etdirir.

Yuxarıda xatırlatdığımız proseslər işığında bu gün BMT-də veto hüququ olan böyük qüvvələr öz mənafelərini birbaşa təhdid etmədikcə başqa ölkələr arasında davam edən bu səpkili münaqişələrdə sadəcə, qərar qəbul etmək və o qərarların icrasını zamana yaymaq şəklində mövqe tuturlar. BMT-nin bugünkü strukturu Azərbaycanın 100% haqlı olduğu bir durumda belə, işğalçı dövləti cəzalandıracaq sanksiya tətbiq etmə gücünə malik deyil. Digər üzv ölkələrin də Təhlükəsizlik Şurası qarşısında təşəbbüs etmək və siyasi təzyiq göstərməkdən başqa istifadə edə biləcəkləri alternativ mexanizm yoxdur. Uzun sözün qısası, BMT ölkələr arasındakı münaqişələrin sülh yoluyla və haqq-ədalət çərçivəsində həlli nöqtəsində uğursuz bir mövqedədir. Beynəlxalq hüquq isə açıq şəkildə zəif və kiçik dövlətlərin haqlarını qorumayan, böyük qüvvələrin əlində o ölkələrin mənafeləri üçün istifadə edilən bir alətə çevrilib. Bunu nəzərə alaraq bundan sonrakı mərhələdə Türkiyə və Azərbaycanın öz qüvvələrini maksimum dərəcədə birləşdirməsi ən optimal yol kimi görünür”.

Femida.az

Açar sözlər:

Oxunub: 1151