Avropadan gələn minlərlə qonaq Azərbaycanı tanıyacaq- İLHAM ƏLİYEV


00:39     13 İyun 2015 024.jpg


“Azərbaycanda idmanın inkişafına çox böyük diqqət göstərilir. İdmanın, Olimpiya hərəkatının inkişafı Azərbaycanda dövlət siyasətidir. İdmançılarımız da bizi böyük uğurlarla, qələbələrlə sevindirirlər. Son Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıları komanda hesabında 30-cu, Avropa ölkələri arasında isə 15-ci yerə layiq görülüb”.

Femida.az-ın prezident.az saytına istinadən məlumatına görə, bu sözləri Avropa Oyunlarının rəsmi açılış mərasiminin iştirakçılarının şərəfinə verilən qəbulda çıxış edən Azərbaycan prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı deyib ki, 2014-cü ildə keçirilmiş Yeniyetmələrin Yay Olimpiya Oyunlarında Azərbaycan komandası 200-dən çox iştirakçı arasında 10-cu yerə layiq görülüb. Bu, onu göstərir ki, gözəl gənc nəsil yetişir və idmanın ənənələri möhkəmlənir.

Prezident bildirib ki, idman ictimaiyyəti həyatımızın ayrılmaz hissəsidir: “Təsadüfi deyil ki, birinci Avropa Oyunları Bakıda keçirilir. Hesab edirəm ki, burada idmançılarımızın uğurları ilə yanaşı, digər amillər də öz rolunu oynayıb. Azərbaycanda çox inkişaf etmiş idman infrastrukturu yaradılıb. Bizim bölgələrimizdə 50-yə yaxın olimpiya idman mərkəzi yaradılıb. Bakıda isə bütün idman qurğuları, idman obyektləri ən yüksək standartlara cavab verir. Oyunların iştirakçıları və qonaqlar özləri bunu təsdiq edəcəklər. Şəhər infrastrukturu çox inkişaf edib. Xüsusilə Oyunlara hazırlıq zamanı bu sahəyə daha böyük diqqət göstərilib. Nəqliyyat sistemimizin, xidmət sektorunun təkmilləşdirilməsi, yeni otellərin açılışı əlbəttə ki, gələcəkdə Azərbaycana gələn turistlərin sayını böyük dərəcədə artıracaq. Eyni zamanda, Avropadan gələn minlərlə qonaq Azərbaycanı yaxından tanıyacaq. Əminəm ki, onların bir çoxu gələcəkdə Azərbaycana qayıtmaq istəyəcəklər”.

Dövlət başçısının sözlərinə görə, Azərbaycanda siyasi sabitlik mövcuddur və ölkənin uğurlu dayanıqlı inkişafı təmin edilir: “İqtisadi inkişafımız da xalqımızı sevindirir. Bu il iqtisadiyyat 5 faizdən çox artıb. Son 10 il ərzində isə dünya miqyasında Azərbaycan iqtisadiyyatı ən sürətli templərlə inkişaf edib və 3 dəfədən çox artıb. Bütün bu amillər, əlbəttə, bizə imkan verir ki, biz bu Oyunları yüksək səviyyədə keçirək. Biz buna çalışmışıq və əminəm ki, qonaqlar Oyunları böyük maraqla izləyəcəklər”.

Azərbaycan prezidenti qeyd edib ki, Oyunlara ictimaiyyət tərəfindən böyük dəstək verilir: “Azərbaycan xalqı birinci Avropa Oyunlarının Bakıda keçirilməsini ürəkdən alqışlayır. Bu, son iki il ərzində bir növ ümumxalq məsələsinə çevrilib. Oyunların məşəlini bütün bölgələrdə, o cümlədən Bakıda qarşılamaq üçün iki milyona yaxın insan küçələrə, meydanlara çıxıb ki, məşəli salamlasın və Oyunlara öz güclü ictimai dəstəyini versin.

Oyunlar bu gün başlayır. Bu günlər ərzində - iyunun 28-dək idmançılar öz güclərini göstərəcəklər. Oyunlardan sonra əlbəttə ki, həyat davam edəcək. Azərbaycan digər böyük mötəbər idman yarışlarına ev sahibliyi edəcək. 2016-cı ildə Bakıda Ümumdünya Şahmat Olimpiadası keçiriləcək. Eyni zamanda, 2016-cı ildə “Formula-1” yarışı Bakıda keçiriləcək. 2017-ci ildə İslam Həmrəylik Oyunları Azərbaycanda, Bakıda keçiriləcək. 2020-ci ildə isə futbol üzrə Avropa çempionatının qrup mərhələsi və dörddəbir final yarışları Bakıda keçiriləcək. Yəni, Azərbaycan artıq idmanın inkişafı istiqamətində öz rolunu dünyaya göstərib. Əminəm ki, Bakıya gələn və gələcək yarışlarda iştirak edəcək idmançılar, qonaqlar ölkəmizdən ən xoş təəssüratlarla ayrılacaqlar”.

Ölkə rəhbərinin sözlərinə görə, bütün komandalar hazırdır və Azərbaycan xalqı Oyunların başlamasını səbirsizliklə gözləyir: “Bizim üçün bu tarixi bir gündə bütün idmançılara, bütün qonaqlara bir daha “Xoş gəlmisiniz” deyirəm, idmançılara uğurlar arzulayıram. Qoy güclü qalib gəlsin!”

Açar sözlər:

Oxunub: 495