“Erməninin üzünə tüpürən qızı saçlarından asmışdılar” - ƏSİR DÜŞƏRGƏSİ


14:36     12 Aprel 2016 ermeni%20isirliyi.jpg

“Bizi maşınlara yığıb aparanda yolun kənarındakı ağacdan bir nəfər asılmışdı… ”


Femida.az Lent.az-a istinadən erməni əsirliyində olan Kəlbəcər sakinlərinin xatirələrini təqdim edir:

Kəlbəcərin Günəşli kənd sakini İlhamə Quliyeva xatırlayır:

- Çox gənc bir qız idi… Olardı 15 yaşı… Gözəl idi, uzun, qara saçları var idi. Elə saçlarından asmışdılar, bədəni tərpənir, əl-qol atırdı… Yəni hələ ölməmişdi. Düz yanından keçdik, sağ idi… Sonradan dedilər ki, ermənilərdən kimsə ona sataşmaq istəyib, o da erməninin üzünə tüpürüb… Erməni deyib qorxmursan səni öldürərəm? Qız da deyib ki, öldür… O da aparıb saçlarından ağaca bağlayıb… Sonradan ermənilər özləri bizə danışırdılar. Fəxrlə deyirdilər ki, o belə dedi, biz də belə etdik… Kim bizə cavab qaytarsa, payını alacaq…






Kəlbəcərin Başlıbel kəndinin sakini Xasay Əmralıyev xatırlayır:


- Atamı getməyə güclə razı salmışdıq ki, tunelin bağlandığını görüb, geri qayıtdıq. Dağlarda qar əriməmişdi deyə, maşınla olan yolu gedə bilmədik. Ayaqla Murovu keçmək isə... Bunun mümkün olmadığını bilirdik... Birincisi, erməni hər tərəfdə idi, Murov da təhlükəli idi. Dağa üz tutanların nə qədəri yolu keçib gələ bildisə, elə o qədəri də yolda erməniyə rast gəldi... Dağda ölənlər çox oldu... Atəş açıblar... Biz sonradan bildik, dedilər kimisi elə uşaqlarının yanında, kimisi də körpəsi qucağında ölüb... Yaşlı adamlardan nə qədəri dağ yolunun çətinliyinə dözməyib ölüb... Ayağı yer tutanlar gedir, yaşlılar isə qalırmış... Ermənilər də gördükcə güllələyirmiş... Və bu insanların heç birinin meyitlərini çıxartmaq mümkün olmadı... Hamısı dağda qaldı... 23 ildir ki, yüzlərlə kəlbəcərli ata-anasının, bacı-qardaşının, balasının məzarını ziyarət edirmişlər kimi, üzü Murova dayanırlar...


- Murova üz tutan adamların arasında sizin ailə də var idi?

- Yox, biz gedə bilmədik. Atam xəstə idi, dedi mən dağla çıxa bilmərəm. Evin böyük oğlu mən idim, dedi sən uşaqları götür get, mən qalım evdə, nə olar, olar... Necə nə olar, olar? Atamı qoyub gedə bilərdim? Artıq ata idim, iki oğlum var idi. Övladın nə qədər şirin nemət olduğunu bilə-bilə atamı evdə kimsəsiz qoyub gedə bilməzdim... Düşündüm ki, ya hamımız gedəcəyik, ya heç birimiz...

- Kənddə qaldınız?

- Kəndə qayıtmaq da mümkün deyildi, kahalara çəkildik... Dedik buralarda birtəhər yaşayaq, gözləyək. Vəziyyət düzələr kəndə qayıdarıq, düzəlməz də yay gələndə Murovla çıxarıq... Beləcə, mühasirəyə düşdük...

Bizim ailə hamısı orada idi. Atam Məhəmməd, anam Zibeydə, 15 yaşlı bacım Aygün, 25 yaşlı qardaşım Surxay, həyat yoldaşı Arzu, körpə oğlu, mən, yoldaşım Nərgiz, 6 və 4 yaşlarında iki oğlum, bir də nişanlı qardaşım, 20 yaşlı Çingiz... Çingiz döyüşürdü. O vaxt da Ağdaban döyüşlərindən gəlmişdi ki, bizi çıxartsın... Nə bizi çıxarda bildi, nə də özü çıxa bildi... Qaldı bizimlə mühasirədə... Gəlinimiz Arzunun atası da bizimlə idi, bir də kənd camaatı... Qocalı, cavanlı, uşaqlı 60 nəfər idik...


Kəlbəcərin Günəşli kənd sakini Məhəmməd Quliyev xatırlayır:


- Oğlum İslam ağır idi, elə tez-tez “su, su” deyirdi... Ermənilər bizim qanımız axan çayın suyundan verdilər ki, içsin... Suya baxanda görürdün ki, qan bulaşıb... Balam o halda idi ki, o sudan içdi... Bizi Ağdərənin Drambon kəndinə gətirdilər... Artıq şər qarışırdı. Hamımızı ikimərtəbəli tikilinin zirzəmisinə yığdılar...

- Sizinlə necə davranırdılar?

- Deyiləsi deyil, qızım... Amma məni onların verdiyi əzabdan çox, balalarımın gözümün önündə can verməsi incidirdi... Oğlum İslam qucağımızda “su” deyə-deyə can verdi... Bir də gördüm sapsarı saraldı... Gözləri baxırdı... İnana bilmirdim, dedim ola bilməz, nə olsun müharibədir, nə olsun düşmən əlindəyik, axı bala atasının qucağında ölməz... Ölüm biz yaşlılarındır, 20 yaşında da oğul ölərmi?! Güllə böyük qızlarım Cəmilə ilə Validənin bədənlərini deşik-deşik eləmişdi... Görün nə vəziyyət idi ki, cavan qardaşları ölüb, əllərini qaldırıb saçlarını yola bilmirdilər... Mənim qızlarım düşmən qarşısında özlərini sındırmazdılar... Ölən lap qardaşları olsa da...




Kəlbəcərin Günəşli kənd sakini Cəmilə Quliyeva xatırlayır:


- Zirzəmi ilə üz-üzə çoxlu alma ağacı var idi... Rayonlarımız işğaldan azad edilsin, Drambona gedib qardaşımın sümüklərini tapacağam. Ona tünd qəhvəyi rəngdə yun jaket toxuyub, qabağına isə krem rəngində paxlava naxışları vurmuşdum. O qədər bəyənmişdi ki, qıyıb geyinmirdi. Bir dəfə kəndə geyinmişdi, bir də indi yola çıxırdıq deyə geyinmişdi... Əynindəki tünd qəhvəyi kostyumu da təzə idi... Qardaşımı paltarlı dəfn etdilər. O jaket indi mənim üçün qardaşımın nişanəsidir. Yun çürümür, torpaqlarımız azad edilən kimi, gedib həmən almalıqların dibini qazıb, əlimlə toxuduğum jaketi tapacağam, onun arasından qardaşımın sümüklərini toplayacağam, bağrıma basıb ağı deyəcəyəm... Sonra anamın yanında dəfn edəcəyəm...



Açar sözlər:

Oxunub: 7373


Oxşar xəbərlər